Böyük Britaniyada yeniyetmələr üçün sosial mediaya gecə məhdudiyyəti tətbiq oluna bilər
Böyük Britaniya hökuməti 16 və 17 yaşlı yeniyetmələrin gecə saatlarında sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmağı və platformalardakı asılılıq yaradan funksiyaları standart olaraq deaktiv etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, "Sky News" bu barədə məlumat yayıb.
Məlumata görə, təşəbbüs hakim Leyboristlər Partiyasının uşaqları və yeniyetmələri rəqəmsal mühitin mənfi təsirlərindən qorumaq məqsədilə hazırladığı yeni tədbirlər paketinin tərkib hissəsidir.
Plana əsasən, 16 və 17 yaşlı istifadəçilərin hesablarında gecə saat 00:00-dan 06:00-dək sosial şəbəkələrə giriş standart olaraq məhdudlaşdırılacaq. Eyni zamanda sonsuz lent (infinite scroll), istifadəçi davranışına əsaslanan alqoritmik tövsiyələr və süni intellekt çat-botlarında uzunmüddətli istifadəni təşviq edən funksiyalar da avtomatik söndürüləcək.
Bununla belə, bu məhdudiyyətlər məcburi olmayacaq. Yeniyetmələr istədikləri halda standart parametrləri dəyişərək böyüklər üçün nəzərdə tutulmuş tam funksional rejimdən istifadə edə biləcəklər.
Böyük Britaniyanın texnologiyalar naziri Liz Kendall bildirib ki, məqsəd 16 yaşdan sonra gənclərin sosial medianın ən asılılıq yaradan xüsusiyyətləri ilə dərhal üz-üzə qalmalarının qarşısını almaqdır.
Onun sözlərinə görə, bu tədbirlər yeniyetmələrin daha keyfiyyətli yuxu almasına, təhsilə daha yaxşı diqqət yetirməsinə və ailə üzvləri ilə daha çox vaxt keçirməsinə kömək edə bilər.
Yeni təşəbbüsə əsasən, məktəblərdə media savadlılığı üzrə tədris də gücləndiriləcək və süni intellektdən təhlükəsiz istifadə ilə bağlı yeni tövsiyələr dərc olunacaq.
Müxalifətdəki Mühafizəkarlar Partiyasının təhsil məsələləri üzrə kölgə naziri Laura Trott planı tənqid edərək bildirib ki, istifadəçilərin asanlıqla söndürə biləcəyi məhdudiyyətlərin real nəticə verməsi inandırıcı görünmür.
Uşaqların müdafiəsi ilə məşğul olan "NSPCC" təşkilatının baş icraçı direktoru Chris Sherwood isə təşəbbüsü müsbət qiymətləndirsə də, bunun kifayət etmədiyini bildirib. Onun sözlərinə görə, uşaqların rifahına mənfi təsir göstərən asılılıq yaradan platforma dizaynı ilə mübarizə üçün daha sərt tədbirlərə ehtiyac var.
Qeyd edək ki, Böyük Britaniya hökuməti bundan əvvəl 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa tətbiq ediləcəyini açıqlamışdı. Yeni qaydaların 2027-ci ilin yazından qüvvəyə minməsi planlaşdırılır. Məhdudiyyətlərin "Snapchat", "TikTok", "YouTube" və "Instagram" kimi platformaları əhatə edəcəyi, "WhatsApp" kimi mesajlaşma tətbiqlərinə isə şamil olunmayacağı bildirilir.
11:53 15.07.2026
Oxunuş sayı: 57