KİV: Makronla Zelenski arasında münasibətlər müharibə ilə kökündən dəyişdi
Fransa Prezidenti Emmanuel Makronla Ukrayna Prezidenti Volodimir Zelenski arasında münasibətlər Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsindən sonra diplomatik əməkdaşlıqdan şəxsi etimada əsaslanan tərəfdaşlığa çevrilib.
Crossmedia.az xəbər verir ki, "Le Monde" bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan əvvəl Makronun Vladimir Putinlə uzun telefon danışıqları aparması Kiyevdə narahatlıq doğururdu. Hətta Ukraynada Fransa liderinin Moskvaya münasibətdə tərəddüdlü siyasətini ifadə etmək üçün "makron etmək" ifadəsi də yaranmışdı.
Məqalədə qeyd olunur ki, Emmanuel Makron və Volodimir Zelenski 2019-cu ildən tanışdırlar. Həmin dövrdə siyasətə yeni gələn Zelenski özünü gözlənilmədən hakimiyyətə gəlmiş "Ukrayna Makronu" kimi görürdü. O, prezident seçilməzdən əvvəl Fransanın o zamankı Ukraynadakı səfiri İzabel Dümonun təşəbbüsü ilə Makronla görüşüb və tərəflər qısa zamanda yaxın münasibət qurublar.
Zelenski prezident seçildikdən sonra ilk xarici səfərini də məhz Fransaya edib. Fransanın 2019–2023-cü illərdə Ukraynadakı səfiri olmuş Etyen de Ponsen bildirib ki, Makron həmin dövrdə Zelenskini beynəlxalq arenada dəstəkləyirdi.
Lakin sonradan tərəflər arasında fikir ayrılıqları yaranıb. Makron Donbas münaqişəsinin həllində Rusiya ilə dialoqa üstünlük verirdisə, Zelenski daha sərt mövqe nümayiş etdirirdi. 2019-cu il dekabrın 9-da Parisdə keçirilən "Normandiya formatı" sammitində Zelenski Vladimir Putinə birbaşa müraciət edərək onunla vasitəçilərsiz danışmaq istədiyini bildirib.
Məqalədə vurğulanır ki, Rusiyanın Ukraynaya hücumunun ilk aylarında Makron demək olar ki, hər gün Zelenski ilə əlaqə saxlayaraq onun və ailəsinin vəziyyəti ilə maraqlanırdı. Bununla yanaşı, Fransa rəhbəri uzun müddət Vladimir Putini ABŞ-nin o zamankı Prezidenti Co Bayden kimi "qatil" adlandırmaqdan və Rusiyanın hərəkətlərini "soyqırımı" kimi qiymətləndirməkdən çəkinib.
Buna baxmayaraq, nəşrin həmsöhbətlərinin sözlərinə görə, zaman keçdikcə iki lider arasında qarşılıqlı etimad güclənib. Fransanın 2020–2024-cü illərdə Rusiyadakı səfiri olmuş Pyer Levi bildirib ki, 2023-cü ildən etibarən onların münasibətləri sırf siyasi çərçivəni aşaraq daha yaxın xarakter alıb.
Fransanın 2023-cü ildən Ukraynadakı səfiri Qayel Veysye isə qeyd edib ki, müharibənin başlanmasından sonra Makron və Zelenski arasında diplomatiyadan kənara çıxan güclü şəxsi əlaqələr formalaşıb. Onun sözlərinə görə, Zelenski Moskvaya qarşı planlarının əksəriyyəti barədə Makronu əvvəlcədən məlumatlandırırdı.
Nəşr yazır ki, Fransa Almaniya və Böyük Britaniya ilə müqayisədə Ukraynaya daha az silah versə də, Avropada Kiyevə dəstəyin gücləndirilməsi istiqamətində siyasi təşəbbüslərin əksəriyyəti məhz Makrondan gəlib. Paris 2023-cü ildə Ukraynaya AMX-10 zirehli döyüş maşınları göndərib, daha sonra isə hərbi dəstəyini genişləndirib.
Məqalədə həmçinin qeyd olunur ki, Makron 2024-cü ilin sonunda ABŞ Prezidenti Donald Trampla münasibətlərindən istifadə edərək Vaşinqton və Kiyev arasında dialoqun yaxşılaşdırılmasına çalışıb. Bu məqsədlə o, Parisdə, Notr-Dam kilsəsinin açılışı zamanı Trampla Zelenski arasında şəxsi görüş təşkil edib.
"Le Monde"un qiymətləndirməsinə görə, Makron Ukraynanın ABŞ-dən asılılığını azaltmaqla yanaşı, Avropanın strateji müstəqilliyini gücləndirməyə çalışır və Zelenski ilə münasibətləri artıq diplomatik əməkdaşlıqdan daha geniş məna daşıyır.
10:09 15.07.2026
Oxunuş sayı: 50