Polşa hərbi əmrlərə tabe olmayanlara görə ömürlük həbs cəzasını nəzərdən keçirir
Polşada döyüş şəraitində hərbi əmrlərə tabe olmayan hərbçilərə qarşı cəzaların sərtləşdirilməsi nəzərdən keçirilir. Təklifə əsasən, bu əməllərə görə maksimum cəza 3 ildən 30 ilə, hətta ömürlük azadlıqdan məhrumetməyə qədər artırıla bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Rzeczpospolita" nəşri məlumat yayıb.
Məlumata görə, Polşa Ədliyyə Nazirliyi Milli Müdafiə Nazirliyi ilə birlikdə Hərbi Cinayət Məcəlləsinə dəyişikliklər hazırlayır. Nazirliyin baxdığı təklif Cinayət Hüququnun Kodlaşdırılması Komissiyasının sifarişi ilə hazırlanıb.
Sənəddə döyüş şəraitində hərbi əmrlərə tabe olmayan əsgərlərə qarşı cəzaların əhəmiyyətli dərəcədə sərtləşdirilməsi təklif olunur. Hazırda bu cinayətə görə maksimum 3 il həbs cəzası nəzərdə tutulduğu halda, dəyişiklik qəbul edilərsə, cəza 30 il və ya ömürlük həbs ola bilər.
Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, bir neçə ay əvvəl silahlı münaqişə baş verəcəyi halda qanunvericilikdə hansı dəyişikliklərin zəruri olacağını araşdırmaq tapşırığı verib.
Onun sözlərinə görə, bu məsələdə Ukraynanın təcrübəsi öyrənilir.
"Biz Ukraynanın təcrübəsini əsas götürürük. Müharibə ölkəni gözlənilmədən yaxaladı və qanunvericilik buna hazır deyildi", – deyə nazir bildirib.
Kosinyak-Kamış qeyd edib ki, ədliyyə naziri Valdemar Jurek ona Cinayət Məcəlləsinin təhlili ilə bağlı arayış təqdim edib. Bununla belə, hələlik heç bir yekun qərar qəbul olunmayıb.
Nazir vurğulayıb ki, bütün təkliflər hüquqi normalara uyğun şəkildə qiymətləndiriləcək və Polşanın təhlükəsizliyini təmin edəcək qanunvericilik mexanizmi formalaşdırılacaq.
Polşa hökuməti hesab edir ki, mümkün silahlı münaqişə şəraitində ordunun döyüş qabiliyyətini və hərbi intizamı gücləndirmək üçün qanunvericiliyin təkmilləşdirilməsi vacibdir.
09:57 15.07.2026
Oxunuş sayı: 62