Hüquqi maneələr aradan qaldırılmadan yekun sülh müqaviləsinin imzalanması mümkün deyil
Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm mərhələdir. Bununla belə, yekun sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü əsas şərtlərdən biri – Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması – hələ də açıq qalır. Ermənistanda keçirilən parlament seçkilərindən sonra bu məsələnin hansı mərhələyə keçəcəyi və rəsmi İrəvanın konstitusiya islahatları ilə bağlı konkret addımlar atıb-atmayacağı yenidən siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Məhz bu fonda belə suallar yaranır: Konstitusiya dəyişikliyinin vaxtı artıq çatmayıbmı? Ermənistan bu prosesi obyektiv səbəblərdən gecikdirir, yoxsa sülh sazişinin imzalanmasını qəsdən uzadır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Rizvan Nəbiyev Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanın mövqeyi bu məsələdə ardıcıl və dəyişməzdir: "Rəsmi Bakı dəfələrlə bəyan edib ki, sülh sazişinin mətni üzrə razılıq əldə olunması və sənədin paraflanması mühüm mərhələ olsa da, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəalar aradan qaldırılmalıdır. Bu mövqe sülh prosesinin təşəbbüskarı, Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə ifadə olunub. Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra daxili siyasi konfiqurasiya dəyişsə də, bu, Azərbaycanın prinsipial mövqeyini dəyişmir. Konstitusiyaya dəyişiklik Ermənistanın daxili proseduru olsa da, onun nəticələri birbaşa Azərbaycan-Ermənistan normallaşma münasibətlərinə təsir göstərir. Rəsmi Bakı haqlı olaraq hesab edir ki, bir dövlətin əsas qanununda digər dövlətə qarşı ərazi iddialarına istinad qalarsa, imzalanacaq sülh sazişinin ratifikasiyası problemli olacaq, uzunmüddətli və dayanıqlı sülhün hüquqi təminatı zəif olacaq. Məhz buna görə də Konstitusiyanın dəyişdirilməsi sülhün institusional və fundamental hüquqi təminatı kimi qiymətləndirilir".

R.Nəbiyev əlavə edib ki, Ermənistan sülh prosesini qəsdən gecikdirməsinə gəldikdə isə Azərbaycanın mövqeyi sülh üçün zəruri addımların tam və ardıcıl şəkildə atılmasından ibarətdir: "Rəsmi Bakı Ermənistanın daxili siyasi proseslərini şərh etməkdən daha çox, öhdəliklərin yerinə yetirilməsinə diqqət çəkir və hesab edir ki, hüquqi maneələr aradan qaldırılmadan yekun sülh müqaviləsinin imzalanması mümkün deyil. Buna görə də məsələ vaxtın uzadılmasından deyil, qəbul edilmiş öhdəliklərin tam icrasından ibarətdir. Konstitusiya dəyişikliyinin bu il baş tutacağı ilə bağlı isə qəti proqnoz vermək mümkün deyil. Baş nazir Nikol Paşinyan bəyan etdi ki, yeni Konstitusiya mətni hələ ilin sonunda ictimaiyyətə açıqlanacaq. Bu, Ermənistanın daxili siyasi və hüquqi prosedurlarından asılı olan məsələdir. Azərbaycan tərəfi yalnız onu bəyan edir ki, sülh sazişinin imzalanması üçün son hüquqi maneə aradan qaldırılmalıdır və bu baş verdiyi təqdirdə yekun sülh müqaviləsinin imzalanması üçün bütün zəruri şərtlər formalaşmış olacaq".
Ayhan
11:00 13.07.2026
Oxunuş sayı: 56