Azərbaycanın ŞƏT-də iştirakı yeni imkanlar yaradır
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) “ŞƏT Plus” sammiti çərçivəsində Qırğızıstanın paytaxtı Bişkekdə bir sıra mühüm görüşlər keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə iştirakı ölkəmizin təşkilatla əməkdaşlığının və Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin inkişafı baxımından diqqət çəkir. Səfər çərçivəsində dövlət başçısının bir sıra ölkələrin liderləri ilə ikitərəfli görüşləri də baş tutub. Görüşlər zamanı regional təhlükəsizlik, sülh, iqtisadi əməkdaşlıq və nəqliyyat-logistika məsələləri müzakirə olunub. Xüsusilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüş regionda sülh prosesinin davam etdirilməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan-Türkiyə, Azərbaycan-Qazaxıstan və Azərbaycan-İran münasibətlərinin inkişafı da sammit çərçivəsində diqqət mərkəzində olub. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkənin ŞƏT məkanında əhəmiyyətini artıran əsas amillərdən biridir. Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi baxımından Azərbaycanın rolu getdikcə daha da güclənir. Ekspertlər hesab edirlər ki, Azərbaycanın ŞƏT çərçivəsində fəallığının artması ölkənin həm siyasi, həm də iqtisadi imkanlarını genişləndirə bilər.

Böyük Azərbaycan partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanın ŞƏT sammitində iştirakı mühüm əhəmiyyət daşıyır:
“Avqustun 31-dən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti başlayıb. Dövlət başçısı İlham Əliyevin avqustun 31-də bir sıra ikitərəfli görüşləri baş tutub, sentyabrın 1-də də növbəti görüşlərin keçirilməsi planlaşdırılıb. ŞƏT sammiti çərçivəsində İlham Əliyev Ermənistanın baş naziri, Qazaxıstan Prezidenti və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşüb. Sentyabrın 1-də isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirilib. Digər görüşlər barədə də əlavə məlumat veriləcək.
İlk növbədə nəzərə almalıyıq ki, Şanxay Əməkdaşlıq Təşkilatı çox nüfuzlu və ciddi bir platformadır. Sammit çərçivəsində regional təhlükəsizlik, terrorizmə qarşı mübarizə, ticarət-iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat-logistika, rəqəmsal əlaqələr, eləcə də çoxqütblü dünya və beynəlxalq münasibətlər kimi vacib məsələlərin müzakirəsi gözlənilir.
Hazırda ŞƏT-in 10 tamhüquqlu üzvü var: Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Hindistan, Pakistan, İran və Belarus. Azərbaycan hələlik ŞƏT-in tamhüquqlu üzvü olmasa da, “dialoq tərəfdaşı” statusuna malikdir. Ümumilikdə 15-ə yaxın ölkə bu statusu daşıyır. Gələcəkdə Azərbaycanın təşkilata tamhüquqlu üzv olmaq imkanları yüksəkdir.
Nəzərə almaq lazımdır ki, burada böyük dövlətlər təmsil olunur. Azərbaycan üçün maraqlı olan əsas tərəfdaşlardan biri Çindir. Çin və Azərbaycan arasında strateji əməkdaşlıq uğurla davam edir. Rusiya iri qonşu dövlətdir. Eyni zamanda, İran, Türkiyə və Pakistan da burada təmsil olunur. Hindistana gəlincə, münasibətlərimiz yüksək səviyyədə olmasa da, buna Hindistanın Ermənistana dəstəyi və Azərbaycan-Pakistan strateji əlaqələri təsir edir. Ümumi maraqlar naminə bu münasibətlərin də müsbət məcrada inkişaf edəcəyi gözlənilir”.
Deputat qeyd edib ki, Azərbaycanın tamhüquqlu üzvlük niyyəti reallaşarsa, Hindistanın buna hər hansı maneə yaradacağı gözlənilmir:
“Azərbaycan üçün əsas məqam ölkəmizin bu regionda, xüsusilə Orta Dəhlizin tərkib hissəsi kimi, kilid rol oynamasıdır. Azərbaycan qlobal problemlərin həllində mühüm addımlar atır. Ötən il ABŞ-nin vasitəçiliyi ilə keçirilən görüşlərdən sonra indi də aparıcı ölkələrin gözü önündə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında növbəti konstruktiv görüş baş tutdu. Bu, nəqliyyat və logistika məsələlərinin reallaşması baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Zəngəzur dəhlizinin açılması və Şimal-Cənub marşrutunun inkişafı layihələrində aktiv iştirakımız ölkəmizin strateji əhəmiyyətini daha da artırır. Bu səbəbdən ŞƏT-in fəaliyyət coğrafiyasının genişlənməsi Azərbaycanın maraqlarına tam cavab verir.
Nəticə etibarilə, Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunması və xarici əlaqələrini gücləndirməsi ölkənin inkişafına böyük töhfə verir. ŞƏT kimi mötəbər tədbirdə dövlət rəhbərimizin iştirakı Azərbaycanın beynəlxalq imicinin, iqtisadi potensialının və siyasi mövqelərinin möhkəmlənməsi baxımından yüksək qiymətləndirilməlidir”.
ŞƏT sammitinin Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri və Türk dünyası daxilində inteqrasiya prosesləri baxımından əhəmiyyətini dəyərləndirən fəlsəfə doktoru Şölət Zeynalov isə açıqlamasında bildirib ki, bu səfər Azərbaycanın Mərkəzi Asiyada mövqelərinin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Bildiyimiz kimi, avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT Plus” sammiti çərçivəsində növbəti tədbir keçirilib və Azərbaycan Respublikasının Prezidenti bu tədbirdə iştirak etmək üçün Qırğızıstana səfər edib.

Bu səfər Azərbaycanın son dövrlərdə Mərkəzi Asiyada artan nüfuzunu və bölgədə inteqrasiya proseslərinin intensivləşməsini bir daha nümayiş etdirir. Atılan bu addımı Azərbaycan-Qırğızıstan münasibətlərinin yeni mərhələyə yüksəlməsi kimi qiymətləndirmək olar. Azərbaycan Türk dünyasının və regional dövlətlərin yaxınlaşmasında əsas aktorlardan biri kimi çıxış edir.
Daşkənd səfərinin ardınca Qırğızıstana edilən bu səfər strateji baxımdan vaxtında atılmış addımdır. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə “5+1” formatında əməkdaşlığa inteqrasiya olunması logistika, iqtisadiyyat və digər sahələrdə qarşılıqlı inkişaf üçün böyük imkanlar yaradır. Əslində, bu səfəri geostrateji kontekstdə dəyərləndirərkən onu Türk sivilizasiyası çərçivəsində yeni bir mərhələnin formalaşması kimi də qiymətləndirə bilərik. Məsələ burasındadır ki, baş verənlər mövcud geosiyasi paradiqmanın dəyişməsi kimi qəbul olunmalıdır.
Azərbaycanın Qırğızıstanın Mərkəzi Asiyaya, Qırğızıstanın isə Azərbaycan vasitəsilə Avropa məkanına və Türkiyə istiqamətinə çıxışının təmin olunmasında mühüm rolu var. Gələcəkdə Çin, Qırğızıstan və Özbəkistandan başlayan nəqliyyat-logistika dəhlizinin Azərbaycan üzərindən Avropaya doğru inkişafı Qırğızıstan üçün yeni və böyük imkanlar açır. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inteqrasiyası daha da genişlənir.
Bütövlükdə bu prosesi coğrafi determinizm kontekstində dəyərləndirmək mümkündür. Düşüncəmə görə, bu, yeni Türk sivilizasiyasının genişlənməsi və onun aparıcı məhvər kimi çıxış etməsi deməkdir. Çünki uzun illər Azərbaycan və Qırğızıstan eyni sistem daxilində mövcud olsalar da, həmin dövrdə Türk inteqrasiyası kontekstində geniş imkanlara malik deyildilər.
Hazırda çoxqütblü dünya nizamında Şanxay Əməkdaşlıq Təşkilatı mühüm faktor kimi çıxış edir. Lakin Türk sivilizasiyası kontekstində Azərbaycan-Qırğızıstan əlaqələrinin yeni mərhələyə qədəm qoyması tamamilə yeni bir hadisədir. Bunu yalnız logistika, nəqliyyat dəhlizləri və ya maliyyə resurslarının inkişafı kimi qiymətləndirmək olmaz. Bu, həm də iki xalq arasında yeni tarixi mərhələnin, mədəni və kommunikativ Türk sivilizasiyasının inkişafının başlanğıcıdır.
İkitərəfli münasibətlər artıq müttəfiqlikdən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Xatırlayırsınızsa, Prezident İlham Əliyev öz çıxışında torpaqlarımızın işğaldan azad edilməsinə və Cənubi Qafqazın sülh zonasına çevrilməsinə toxundu. “Sülh zonası” ifadəsi sıradan bir söz deyil. Bu, Mərkəzi Asiya dövlətləri və Qırğızıstan üçün yeni imkanların açılması deməkdir.
Cənab Prezidentin qeyd etdiyi kimi, 30 ildən artıq davam edən münaqişəni Azərbaycan öz gücü ilə aradan qaldırdı. Bu nailiyyət yalnız Cənubi Qafqaz üçün deyil, Mərkəzi Asiya, Çin və digər dövlətlər, eləcə də Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin imkanları üçün yeni üfüqlər açır. Bu nöqteyi-nəzərdən Azərbaycan-Qırğızıstan əlaqələrinin yüksəlməsi bütövlükdə regionun sülh zonasına çevrilməsinə xidmət edir.
Dövlət başçısı bu mesajları ilə həm region ölkələrinə, həm də dünyaya mühüm siqnallar verdi və Azərbaycanın perspektivdə regional əlaqələrin qurulmasında vacib aktor kimi rolunu daha da gücləndirdi”.
Zeynəb Həsən
19:30 01.09.2026
Oxunuş sayı: 48