Vaşinqtonda ifrat sağçı qrupun yürüşü keçirilib
ABŞ-nin paytaxtı Vaşinqtonda ifrat sağçı Patriot Front qruplaşmasının bir neçə yüz tərəfdarı yürüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Məlumata görə, aksiya ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunmuş əsas tədbirlərdən bir gün əvvəl Kapitoli ətrafında baş tutub. Maskalı iştirakçılar "Amerikanı geri qaytaraq!" şüarı səsləndirərək əllərində bayraqlarla yürüş ediblər.
Nəşr bildirir ki, aksiya iştirakçıları eyni formalarda və Patriot Front simvolları olan kepkalarda olublar. Hüquq müdafiə təşkilatları bu qruplaşmanı ağdərili millətçi hərəkatlar sırasına aid edir. Yürüş zamanı Konfederasiya bayraqları da nümayiş etdirilib.
Vaşinqton polisinin məlumatına görə, aksiya uzun çəkməyib və qrup saat 11:00-dan əvvəl şəhəri tərk edib.
ABŞ-nin keçmiş baş prokurorunun milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Meri Makkord bildirib ki, iştirakçıların geyimi, istifadə etdikləri simvollar və aksiyanın təşkili Patriot Front qruplaşmasının fəaliyyət üslubuna tam uyğundur.
The New York Times xatırladır ki, Patriot Front qruplaşması 2017-ci ildə Şarlotsvill hadisələrindən sonra Vanguard America təşkilatından ayrılaraq yaradılıb və mütəmadi olaraq ABŞ-ın müxtəlif şəhərlərində qısamüddətli yürüşlər təşkil edir.

13:27 06.07.2026
Oxunuş sayı: 68