İki səhifədən səhnəyə – Asılqan
Bəzən ən böyük hekayələr gurultulu hadisələrin içində deyil, adi görünən məkanlarda gizlənir. Bir qatar vaqonunda, avtobus dayanacağında, köhnə bir skamyada, yaxud da heç kimin diqqət yetirmədiyi qarderobda...
Etiraf edim ki, “Asılqan” tamaşasına getməzdən əvvəl Anarın cəmi iki səhifədən ibarət olan “Asqılıqda işləyən qadının söhbəti” hekayəsini oxudum. Hekayə bitəndən sonra qəribə bir hiss keçirdim. Elə bil həmin asılqanın qarşısından ayrıla bilmirdim. Gözümün önündə sarı bir palto vardı, onun yanında nimdaş boz palto, sonra isə hər şeyi dəyişən mixəyi rəngli palto...
Hekayəni oxuduqdan sonra araşdırmağa başladım və öyrəndim ki, Anar onu cəmi iyirmi bir yaşında qələmə alıb. Əslində, məni ən çox düşündürən də elə bu oldu. İyirmi bir yaşında bir insan sevginin, ayrılığın, səssizliyin və insan taleyinin bu qədər dərin qatlarını necə görə bilir?
Mən isə “Asılqan” tamaşasını iyirmi yaşımda izlədim. Aramızda cəmi bir yaş fərqi, lakin altmış ildən artıq zaman məsafəsi var. Bəlkə də məhz bu maraq məni Yuğ Dövlət Teatrına apardı. Maraqlı idi: cəmi iki səhifəyə sığan bu səssizlik səhnədə necə canlanacaqdı?
Bəzən səhnədə deyilən sözlərdən çox, deyilməyənlər tamaşaçının yaddaşında qalır. Yuğ Dövlət Teatrının repertuarında yer alan, Anarın cəmi iki səhifəyə sığdırdığı “Asqılıqda işləyən qadının söhbəti” hekayəsinin motivləri əsasında hazırlanan “Asılqan” tamaşası da məhz belə tamaşalardandır.
Tamaşa qarderobun gündəlik həyatı ilə başlayır. Adi görünən bu məkan bir neçə dəqiqə sonra yaddaşın, sevginin və itkinin metaforasına çevrilir. Cəmi iki aktyorun iştirakı ilə qurulan tamaşa insan münasibətlərinin mürəkkəb qatlarını açmağa çalışır. Minimal dekorasiya, dəqiq işıq həlli və artıq detalların olmaması diqqəti tamamilə aktyorların üzərinə yönəldir. Belə tamaşalarda aktyorun ən kiçik pauzası, baxışı və ya səsinin tonu belə məna daşıyır.
Elşən Əsgərov və Nigar Mürsəlova da bu məsuliyyəti hiss etdirirlər. Onlar eyni tamaşa ərzində bir neçə obraz yaratsalar da, keçidlər süni görünmür. Hər obraz öz xarakteri, danışıq ritmi və daxili enerjisi ilə seçilir.
Xüsusilə Elşən Əsgərovun yaratdığı obraz diqqəti cəlb edir. Onun yaratdığı boz paltolu obraz sakitdir. Hətta bəzi səhnələrdə həddindən artıq sakitdir. Amma həmin sakitliyin altında böyük daxili gərginlik hiss olunur. Tamaşa boyu onun baxışlarında hiss olunan yorğunluq, tərəddüd və susqunluq bəzən uzun monoloqlardan daha çox söz deyir. Elə buna görə də obrazın yaşadığı ağrı daha təsirli görünür.
Nigar Mürsəlova isə səhnədə fərqli obrazlar arasında keçid edərkən onların hər birinə ayrıca nəfəs verir. O, bəzən qarderobçu qadının sadəliyini, bəzən sarı paltolu qadının həssaslığını, bəzən isə ana obrazının qayğıkeşliyini eyni təbii axınla təqdim edir. Tamaşa boyunca aktyorların qarşılıqlı ritmi pozulmur və onlar sanki eyni melodiyanın fərqli səslərinə çevrilirlər.
Səhnə əsəri ilk baxışda paltolardan, asılqanlardan və nömrələrdən bəhs etsə də, tamaşa irəlilədikcə anlayırsan ki, asılqandan asılan paltarlar yox, insan taleləridir. Gündəlik həyatın ən adi əşyası birdən-birə duyğuların daşıyıcısına çevrilir. Sarı palto sevginin, boz palto sədaqətin, mixəyi palto isə həmin harmoniyanı pozan müdaxilənin simvoluna çevrilir. Tamaşa boyunca bir dəfə də olsun “sevirdi”, “ayrıldılar”, “xəyanət etdi” ifadələrindən istifadə edilmir. Bütün bunları tamaşaçı paltoların necə asılmasından anlayır.
Bəlkə də bu səbəbdən hekayənin ən əsas obrazı nə qadındır, nə kişi. Məhz asılqanın özüdür.
Asılqan danışmır, mübahisə etmir, heç kimi mühakimə etmir. Sadəcə yadda saxlayır: Kimlər həmişə yanaşı gəldi, kimlər bir gün tək qaldı, kimlər daha geri dönmədi...
İnsan yaddaşı bəzən unudur, amma əşyaların qəribə bir yaddaşı olur. Köhnə bir məktub, boş bir stul, istifadə olunmayan fincan, divardan asılmış şəkil. Hamısı bir vaxtlar yaşanmış həyatın izini daşıyır. Səhnə əsərində də bu yaddaşı qoruyan məhz asılqandır.
Yuğ Teatrının quruluşu isə hekayənin poetikasını qorumağı bacarır. Tamaşa Anarın yaratdığı səssizliyi pozmur, əksinə, həmin səssizliyin içində yeni mənalar axtarır. Rejissor hekayəyə müxtəlif müəlliflərin – Səməd Mənsurun, Tomas Eliotun, Xəlil Cübranın, Antuan de Sent-Ekzüperi və digər müəlliflərin mətnlərini daxil etməklə əsərin fəlsəfi qatını genişləndirir.
“Sevgi sizi nə vaxt çağırsa, arxasınca gedin, Yolları əzablı, enişli-yoxuşlu olsa da. Sizi qanadları arasına alanda ona təslim olun, Sevgi sizinlə danışanda ona inanın. Sevgi sizi ona görə sınağa çəkir ki, ürəyinizin sirlərindən vaqif olasınız. Sevgi ancaq özünü verər sizə, özünü də geri alar sizdən... Sevgi nə kimisə sahiblənər, nə də kiminsə onun sahiblənməyini istər. Sevdiyiniz zaman deməyin ki, “Allah mənim ürəyimdədir”, deyin ki, “Mən Allahın ürəyindəyəm”. Elə bilməyin ki, sevgiyə yol göstərə bilərsiniz, o özü sizə yol göstərər, əgər sizi buna layiq bilərsə. Sevginin tək istəyi özünü gerçəkləşdirməkdir”.
Bu cümlələri dinləyərkən istər-istəməz düşünürsən ki, hekayədəki boz palto da həmin çağırışın arxasınca getmişdi. O da sevmişdi. Həm də sakit, nümayişsiz, gündəlik həyatın içində böyüyən bir sevgi ilə. Bəlkə də buna görə onların münasibətini biz toxunuşlarda, etiraflarda yox, eyni asılqandan asılan iki paltonun yaxınlığında görürük.
Ən təsirli məqamlardan biri isə budur ki, tamaşa sevgini ideal hiss kimi təqdim etmir. O göstərir ki, sevgi həmişə kifayət etmir. Bəzən insanın hissləri nə qədər saf olsa da, həyatın reallığı ondan daha sərt olur. Güc münasibətləri, sosial mövqe, şəxsi seçimlər və insanın daxili zəiflikləri bəzən sevginin qarşısına keçə bilir. Elə buna görə də tamaşada səslənən bu fikir uzun müddət yaddaşdan silinmir:
“Bil ki, mən səni gözəl olduğun üçün yox, çətin olduğun üçün sevirəm”.
Bu, romantik etirafdan daha çox həyat təcrübəsinin ifadəsidir. Çünki asan olanı sevmək hər kəsin bacardığı işdir. Çətin olan isə bütün sınaqlara baxmayaraq sevməyə davam etməkdir.
“Sevincimiz cildini dəyişmiş kədərimizdir?”
Bu cümlə səhnədə səslənəndə istər-istəməz düşündüm ki, bəlkə doğrudan da insan həyatı elə bundan ibarətdir. Bizim sevinc adlandırdığımız xatirələrin çoxu artıq yaşanıb bitdiyi üçün gözəldir. Onları yenidən yaşaya bilməyəcəyimizi bildiyimiz üçün həmin sevincin içində görünməyən bir kədər də yaşayır.
Tamaşanın ən sarsıdıcı cümlə isə məhz bu oldu: “Ürəyə etibar yoxdur, özün öyrən döyünməyi”.
İlk baxışda sərt görünən bu fikir əslində bütün tamaşanın psixoloji mərkəzinə çevrilir. Boz paltolu gəncin uşaqlıq xatirəsində atasının ona dediyi bu söz onun bütün sonrakı taleyini müəyyənləşdirən daxili dünyasını yaradır. İnsan bəzən uşaqlıqda eşitdiyi bir cümləni ömür boyu özü ilə daşıyır.
Tamaşaya baxarkən düşünürsən ki, bəzən insanı məhv edən hadisələr yox, həmin hadisələrin içində tək qalmasıdır. Boz paltolu gənc də sanki bütün həyatı boyu tək qalır. Sevgidə də, iş həyatında da, xatirələrində də...
Onun faciəsi yalnız sevdiyi qadını itirməsi deyil. Əsl faciə odur ki, o, həyatın vurduğu hər zərbəni tək qarşılamağa öyrədilib. Bəlkə də buna görə tamaşada səslənən “Doğrudanmı mən bu zərbəni haqq eləmişdim?” cümləsi bu qədər təsirli səslənir.
Əslində daha dərinə ensək, bu, sadəcə bir obrazın sualı deyil. İnsan həyatında elə məqamlar olur ki, hamımız eyni sualı veririk: Niyə? Nəyə görə? Mən nəyi səhv etdim?
“Xəzinədar bizi ölçmək üçün qaldıranda sevincimiz ağır gələr, ya kədərimiz?”
Bu, mənim üçün tamaşanın ən poetik suallarından biri idi. İnsan ömrünün sonunda nə ilə ölçülür? Qazandığı uğurlarla? Yoxsa itirdikləri ilə? Bəlkə də insanı böyüdən məhz yaşadığı ağrılardır. Çünki sevinc bizi xoşbəxt edə bilər. Amma kədər bizi dəyişdirir. Anarın hekayəsini oxuyarkən də, “Asılqan” tamaşasına baxarkən də eyni hiss yaranır: bu əsər insanı kədərləndirmək üçün yazılmayıb. O, insanı öz daxilinə baxmağa məcbur edir.
Bəzi əsərlər yazıldığı dövrü geridə qoyur və hər yeni nəslin yaddaşında yenidən doğulur. Anarın hekayəsinin gücü məhz buradadır. O, insan haqqında danışarkən insanı göstərmir. Biz obrazların adlarını bilmirik, onların üzünü tanımırıq, harada yaşadıqlarını, neçə yaşlarının olduğunu, necə danışdıqlarını da bilmirik. Onları yalnız paltoları ilə tanıyırıq: sarı palto, boz palto, mixəyi palto...
İlk baxışda bu, sadəcə bədii priyom təsiri bağışlayır. Lakin bir qədər düşündükdə anlayırsan ki, yazıçı burada insanın kimliyini deyil, taleyini ön plana çəkir. Çünki sevən hər kəs o sarı və boz paltolar ola bilər. Hakimiyyətindən istifadə edib başqasının həyatına müdaxilə edən hər kəs mixəyi palto ola bilər. Bu adsızlıq hekayəni konkret bir dövrün deyil, bütün dövrlərin hekayəsinə çevirir.
Altmış ildən artıq zaman keçsə də, səhnə əsərinin ünvanladığı suallar dəyişməyib. İnsan yenə sevir, yenə itirir, yenə seçim edir, yenə peşman olur. Deməli, dəyişən zaman olsa da, insanın ürəyi eyni qalır.
Yuğ Teatrının uğuru ondadır ki, o, Anarın iki səhifəlik hekayəsinin içində gizlənən sükutu eşidilən edir. Tamaşa boyu deyilən sözlər qədər deyilməyənlər də danışır.
Mən tamaşadan çıxanda istər-istəməz ətrafımdakı insanlara baxırdım. Fikirləşirdim ki, yanımdan ötüb keçən bu adamlardan hansının həyatında indi bir sarı palto var, hansının boz paltosu çoxdan gedib, hansının isə özünün də xəbəri olmadan bir mixəyi palto daxil olub həyatına. Fikirləşirdim ki, bəlkə də yanımızdan ötüb keçən hər kəs öz görünməyən yükünü daşıyır. Kimininsə heç vaxt deyə bilmədiyi sözü var. Kimininsə gecikmiş peşmanlığı, yarım qalmış sevgisi. Biz bunların heç birini bilmirik. Bəlkə də teatrın ən böyük gücü elə bundadır. O, sadəcə bizi bir axşamlıq başqasının taleyinə qonaq aparır ki, evə qayıdanda öz taleyimizə bir az da diqqətlə baxaq.
“Ən böyük ibadət sevə bilməkdir”.
Tamaşa boyu səslənən bu cümlə finala doğru mənim üçün tamam başqa məna qazandı. Sevmək bəzən kimisə əldə saxlamaq deyil. Bəzən onun xatirəsini incitmədən yaşatmaq, bəzən də bir insanın həyatında iz buraxdığını qəbul edib yoluna davam etməkdir.
Məhz buna görə “Asılqan” tamaşası təkcə iki gəncin sevgi tarixçəsini danışmır. O, seçimlərdən, vicdandan, itkidən və insanın daxilində yavaş-yavaş baş verən sınmalardan danışır.
O, bizə demir ki, boz paltolu kişi haqlı idi, yoxsa haqsız. Sarı paltolu qadının seçimi doğru idi, yoxsa yanlış. Mixəyi paltolu adam yalnız mənfi obrazdır, yoxsa həyatın qaçılmaz reallıqlarından biri. Tamaşa bütün bu hökmləri tamaşaçıya buraxır. Və məncə, bu, onun ən böyük üstünlüyüdür. Çünki həyat da belədir.
Biz insanların taleyinə çox vaxt sonradan baxırıq. Hadisələrin yalnız görünən tərəfini görürük. Kiminsə niyə getdiyini, niyə qaldığını, niyə susduğunu tam bilmirik. Hər insanın daxilində yalnız özünün eşitdiyi bir söhbət var. Hekayədə həmin söhbəti danışan qarderobçu qadındır. Yuğ Teatrının tamaşasında isə həmin söhbət artıq bizim öz içimizdə davam edir.
Tamaşa boyu səslənən cümlələr müxtəlif mənbələrdən gəlsə də, sonda eyni fikirdə birləşir:
“Ən böyük ibadət sevə bilməkdir”.
Bu cümlə mənə tamaşanın əsas hökmü kimi yox, arzusu kimi gəldi. Çünki sevə bilmək insanın bacardığı ən çətin işlərdən biridir. Sevmək bəzən gözləməkdir. Bəzən buraxmaqdır. Bəzən bağışlamaqdır. Bəzən isə heç vaxt sahib ola bilməyəcəyin bir xatirəni incitmədən yaşatmağı bacarmaqdır.
Mən bu tamaşaya bəlkə də illər sonra yenidən baxacağam. Bəlkə onda başqa səhnələrə diqqət edəcəyəm, başqa cümlələr məni düşündürəcək. Amma bir hissin dəyişəcəyini düşünmürəm. Çünki bəzi tamaşalar insanın dünyaya baxışında kiçik bir iz buraxır.
“Asılqan” mənim üçün məhz belə tamaşalardan oldu. Bəzən bir asılqanda yanaşı asılan iki palto bizə sevginin nə olduğunu yüzlərlə cümlədən daha yaxşı izah edə bilir.
13:30 06.07.2026
Oxunuş sayı: 2349