Tripadvisor-un süni intellekt rəyçisi rəy manipulyasiyasında ittiham olunur
Süni intellekt turizm sahəsində getdikcə daha geniş tətbiq olunsa da, yeni araşdırma bəzi AI alətlərinin istifadəçiləri yanlış istiqamətləndirə biləcəyini göstərib.
Crossmedia.az xəbər verir ki, ˝Which? Travel˝ nəşrinin araşdırmasına görə, dünyanın ən böyük turizm rəyləri platformalarından biri olan Tripadvisor-un süni intellekt funksiyası bəzi hotellər barədə yekun xülasə hazırlayarkən mənfi rəylərin əhəmiyyətli hissəsini nəzərə almır.
Araşdırmada qeyd olunur ki, AI sistemi Kabo-Verdedə yerləşən beşulduzlu Riu Palace otelini geniş otaqları, rəngarəng əyləncələri və mehriban personalı ilə yüksək qiymətləndirir. Bu məlumatlar real istifadəçi rəylərinə əsaslansa da, süni intellekt qida zəhərlənməsi və gigiyena problemləri ilə bağlı çoxsaylı şikayətləri ümumi qiymətləndirməyə daxil etmir.
Qonaqların bir qismi oteldə sanitariya qaydalarının zəif olduğunu, təmizliyin kifayət etmədiyini, yeməklərin keyfiyyətsiz və təhlükəli olduğunu bildirib. Bəzi rəylərdə çiy toyuq əti təqdim edildiyi, açıq bufetdə milçək və quşların olduğu, hətta bütün ailənin qida zəhərlənməsi keçirdiyi iddia olunub.
˝Which? Travel˝ komandası bu otellə bağlı 100-dən çox oxşar mənfi rəy aşkar etdiyini bildirib.
Otellər şəbəkəsi Riu Hotels & Resorts isə açıqlamasında Kabo-Verde obyektlərində beynəlxalq gigiyena standartlarına tam əməl olunduğunu bəyan edib. Bununla yanaşı, şirkətə qarşı yüzlərlə turistin iştirakı ilə kollektiv məhkəmə iddiası qaldırıldığı, iddiaçıların oteldə qaldıqdan sonra xəstələndiklərini irəli sürdükləri qeyd olunur.
Araşdırma zamanı Tripadvisor-un digər süni intellekt aləti – Ollie adlı səyahət planlaşdırma çat-botu da jurnalistləri gigiyena problemləri barədə xəbərdar etməyib. Əksinə, bot həmin oteldə qida zəhərlənməsi riskinin “olduqca aşağı” olduğunu və obyektin yüksək gigiyena standartlarına malik olduğunu bildirib.
Tripadvisor məsələ ilə bağlı açıqlamasında platformanın şəffaflıq və qərəzsizlik prinsiplərinə sadiq qaldığını, AI xülasələrinin həm müsbət, həm də mənfi rəyləri əhatə etməyə çalışdığını vurğulayıb. Şirkət həmçinin Ollie xidmətinin hələ inkişaf mərhələsində olduğunu və araşdırmada göstərilən nümunələrin nəzərdən keçirildiyini bildirib.
Mütəxəssislər turistlərə süni intellekt tərəfindən hazırlanmış xülasələrə tam etibar etməməyi, qərar verməzdən əvvəl istifadəçilərin tam rəylərini də oxumağı tövsiyə edirlər.
06:42 04.07.2026
Oxunuş sayı: 61