Ekspert xaricdə istirahət zamanı pula qənaət etməyin 6 yolunu açıqlayıb
Böyük Britaniyadan olan şəxsi maliyyə üzrə ekspert Endryu Haqqer xaricə səyahət edən turistlərə xərcləri azaltmaq və maliyyə itkilərinin qarşısını almaq üçün altı vacib tövsiyə verib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝The Independent˝ nəşri yazıb.
Ekspertin sözlərinə görə, səyahət zamanı ən böyük risk oğurluq deyil, turistlərin diqqətsiz davranmasıdır.
1. Otelin seyfindən istifadə edin
Haqqer bildirir ki, otelin seyfindən istifadəyə görə əlavə ödəniş tələb olunsa belə, bu xərc özünü doğruldur. O, bütün bank kartlarını və nağd pulu üzərinizdə gəzdirməməyi, bir hissəsini seyfdə saxlamağı tövsiyə edir. Həmçinin kartların arxasında göstərilən bank əlaqə nömrələrinin ayrıca qeyd olunaraq seyfdə saxlanılması məsləhət görülür.
2. Gündəlik nağd pul limitini müəyyənləşdirin
Ekspert turistlərə yalnız həmin gün üçün lazım olacaq məbləği üzərlərində gəzdirməyi tövsiyə edir. Belə olduqda pul itirildiyi və ya oğurlandığı halda, əsas büdcə qorunmuş olur.
3. Kartla ödəniş zamanı yerli valyutanı seçin
Mütəxəssis bildirir ki, kartla ödəniş edərkən hesablaşmanı avro və ya digər xarici valyutada deyil, həmin ölkənin milli valyutasında aparmaq daha sərfəlidir. Əks halda, çevrilmə məzənnəsi səbəbindən əlavə xərc yarana bilər.
4. Bahalı alış-verişlərdə kredit kartından istifadə edin
Haqqerin sözlərinə görə, iri məbləğli alış-veriş zamanı kredit kartı daha təhlükəsiz seçimdir. Bu, bəzi hallarda məhsul və ya xidmətlə bağlı problem yarandıqda ödənişin geri qaytarılması imkanını artırır.
5. Qiymətli əşyaları düzgün daşıyın
Ekspert səyahət zamanı iri pulqabılar əvəzinə yalnız zəruri kart və sənədlərin yerləşdiyi kiçik cüzdandan istifadə etməyi məsləhət görür. Onun sözlərinə görə, pulqabını arxa cibdə deyil, daxili və təhlükəsiz cibdə saxlamaq oğurluq riskini azaldır.
6. Bankomatlardan istifadə edərkən diqqətli olun
Haqqer turistlərə bankomatdan pul çıxarmazdan əvvəl komissiya məbləğini yoxlamağı tövsiyə edir. Onun sözlərinə görə, bank filiallarına məxsus bankomatlardan istifadə etmək daha sərfəlidir, çünki turistik ərazilərdə yerləşən müstəqil bankomatlarda komissiyalar daha yüksək ola bilər.
Ekspert əlavə edib ki, xaricdə tez-tez kiçik məbləğlər çıxarmaq əvəzinə, bank komissiyalarını nəzərə alaraq daha planlı şəkildə nağd pul əldə etmək büdcəyə qənaət etməyə kömək edir.
05:40 04.07.2026
Oxunuş sayı: 51