KİV: İraq İrana bağlı gizli şəbəkələrə qarşı əməliyyata başlayıb
İraq hakimiyyəti İranın ölkədəki təsir şəbəkələrinin zərərsizləşdirilməsi məqsədilə genişmiqyaslı gizli əməliyyata start verib.
Crossmedia.az xəbər verir ki, Asharq Al-Awsat qəzeti bu barədə hökumət və təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, "Dan Yeri Əməliyyatı" adlandırılan kampaniya İranın İraqın dövlət qurumları və güc strukturlarındakı təsir kanallarını aradan qaldırmağı hədəfləyir.
Mənbələrin bildirdiyinə əsasən, əməliyyat iki paralel istiqamətdə həyata keçirilir. Onlardan ən mühümü "Əkizlərin ayrılması" kod adlı məxfi mərhələdir. Bu mərhələdə Bağdaddakı dövlət qurumları ilə Tehranın maraqlarını əlaqələndirdiyi iddia olunan şəxslər arasındakı sistemli əlaqələrin kəsilməsi nəzərdə tutulur.
Qəzet qeyd edir ki, eyni vaxtda İraqın icra hakimiyyəti strukturlarına, İranpərəst silahlı qruplaşmalara və qanunsuz neft qaçaqmalçılığı şəbəkələrinə bağlı olduğu bildirilən şəxslər hədəfə alınıb.
Məlumata görə, İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani əməliyyatın başlanmasından iki həftə əvvəl planın təfərrüatlarını yalnız məhdud sayda yüksək vəzifəli rəsmilərlə müzakirə edib. Bildirilir ki, "Koordinasiya Çərçivəsi" kimi tanınan şiə siyasi koalisiyasının liderləri prosesdən kənarda saxlanılıb və bu, ölkədə siyasi gərginliyi artırıb.
Nəşrə danışan ABŞ-ın sabiq yüksək vəzifəli rəsmisi əməliyyatı "gənc baş nazir üçün cəsarətli addım" adlandırıb və Bağdadın ciddi geosiyasi risklərlə üzləşdiyini vurğulayıb.
Mənbələrin sözlərinə görə, əsas qeyri-müəyyənlik Tehranın mümkün reaksiyası ilə bağlıdır. Onlar bildiriblər ki, İran hələlik bu hadisələrə münasibət bildirməyib və bu, gələcəkdə vəziyyətin daha da gərginləşməsi ehtimalını artırır.
11:14 03.07.2026
Oxunuş sayı: 50