Apple məxfi məlumatların sızması ilə bağlı araşdırmaya başlayıb
Apple istehsal tərəfdaşı Tata Electronics-ə qarşı həyata keçirildiyi bildirilən kibercumdan sonra genişmiqyaslı məlumat sızması ilə bağlı araşdırmaya başlayıb.
Crossmedia.az Reuters agentliyinə istinadən xəbər verir ki, internetdə yayılan materiallar arasında hələ rəsmi təqdim olunmayan iPhone 18 Pro modelinin möhkəmlik sınaqlarına aid foto və videolar da yer alıb. Həmin görüntülər insayder Evleaks tərəfindən X sosial şəbəkəsində paylaşılıb.
Yayımlanan videolarda gümüşü rəngli korpusa malik və xarici görünüşü etibarilə iPhone 17 Pro modelini xatırladan smartfonun sərt səthə dəfələrlə atıldığı görünür. Kadrlarda cihazın korpusunda nəzərəçarpacaq zədələrin olmadığı müşahidə edilsə də, bu görüntülər əsasında telefonun faktiki davamlılığı və ya yekun dizaynı barədə qəti nəticə çıxarmağın mümkün olmadığı bildirilir.
Məlumata əsasən, sızdırılan sənədlərdə Apple-ın daxili işarələri və iPhone 18 Pro layihəsinə aid olduğu iddia edilən kod adları yer alır. Bununla yanaşı, bütün faylların həqiqiliyinin hələlik müstəqil şəkildə təsdiqlənmədiyi qeyd olunur. Hadisə ilə tanış mənbə isə videolarda şirkətin gələcək flaqman modelinin əks olunduğunu iddia edib.
Bildirilib ki, Apple üçün əsas risk videoların yayılması deyil, məlumat sızmasının miqyasıdır. İlkin qiymətləndirməyə görə, kibercinayətkarlar təxminən 200 min daxili fayla çıxış əldə ediblər. Bu materiallar arasında komponent təchizatçıları, təchizat zənciri, batareyalar, kameralar və gələcək cihazlarda istifadə olunacaq digər hissələr barədə məlumatların olduğu bildirilir.
Hazırda Apple və Tata Electronics insidentin araşdırılmasını davam etdirir və korporativ məlumatların mühafizəsini gücləndirmək üçün əlavə təhlükəsizlik tədbirləri həyata keçirir.
13:23 30.06.2026
Oxunuş sayı: 44