İranlı deputat ABŞ ilə razılaşma layihəsini “xalis itki” adlandırdı
İran parlamentinin üzvü Mahmud Nəbəvian ABŞ və İran arasında müzakirə olunan razılaşma layihəsini tənqid edərək onu 2015-ci il nüvə sazişinə bənzədib və “xalis itki” adlandırıb.
Crossmedia.az İran mediasına istinadən xəbər verir ki, Nəbəvian layihənin məzmununun İranın maraqlarına uyğun olmadığını bildirib.
“Bu qeyri-müəyyən və zərərli mətnlə qələbədən danışmaq tamamilə səhvdir”, – deyə deputat vurğulayıb.
Nəbəvianın sözlərinə görə, layihədə yer aldığı iddia olunan müddəalar İranın nüvə proqramı ilə bağlı imkanlarını məhdudlaşdırır. O qeyd edib ki, saziş çərçivəsində İranın nüvə silahı istehsal etmək hüququ tanınmır, zənginləşdirilmiş uranın taleyi isə ABŞ-nin təsdiqindən asılı vəziyyətə düşə bilər.
Deputat həmçinin bildirib ki, nüvə proqramı ilə bağlı bütün məsələlərin danışıqlar predmetinə çevrilməsi Tehran üçün risk yaradır.
“Bu razılaşma, "Birgə Hərtərəfli Fəaliyyət Planı" kimi, xalis itkidir və bu, rəsmilərin hesablamalarındakı dəyişiklikdən qaynaqlanır”, – deyə Nəbəvian əlavə edib.
18:16 12.06.2026
Oxunuş sayı: 45