Şuşa bəyannaməsi - Qardaşlığın təzahürü
Tarixin elə dönüş nöqtələri olur ki, orada atılan tək bir imza sadəcə iki dövlətin deyil, bütöv bir regionun gələcək xəritəsini və güc balansını yenidən formalaşdırır. 15 iyun 2021-ci il tarixində, Qarabağın azadlıq rəmzi olan Şuşanın zirvəsində məhz belə bir tarixi hadisə gerçəkləşdi. Azərbaycan və Türkiyə liderlərinin iradəsi ilə imzalanan Şuşa Bəyannaməsi, əsrlərə dayanan mənəvi qardaşlığı hisslərin fövqünə qaldıraraq, onu sarsılmaz bir siyasi-hüquqi, hərbi və iqtisadi qalaya çevirdi. Bu sənəd, "Bir millət, iki dövlət" fəlsəfəsinin sadəcə bir şüar deyil, qlobal arenada diktə olunan yeni bir real güc mərkəzi olduğunu bütün dünyaya elan etdi. Zəfərin doğurduğu bu yeni geosiyasi reallıq, Bakı və Ankaranın strateji tərəfdaşlıq xəttini rəsmən ən ali zirvəyə-sarsılmaz müttəfiqlik səviyyəsinə yüksəltdi.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyeva Crossmedia.az-la öz fikirlərini bölüşüb.

"15 iyun 2021-ci il tarixində, Vətən müharibəsindən dərhal sonra Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış, “Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında strateji tərəfdaşlığın yeni səviyyəyə - müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmən təsbit etdi. Bu gün biz əminliklə deyə bilərik ki, dünyada elə iki dövlət yoxdur ki, Azərbaycan və Türkiyə kimi bir-biri ilə bu qədər yaxın dostluq və qardaşlıq münasibətlərində olsun. Şuşa bəyannaməsi məhz, bu dostluq və qardaşlığın institutsionallaşdırılması, “Bir millət, iki dövlət” prinsipinin siyasi və hüquqi müstəvidə daha da möhkəmləndirilməsi idi.
Bu Bəyannamənin məhz Şuşada imzalanması xüsusi məna kəsb edir. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində şəhərin işğaldan azad edilməsindən sonra burada belə mühüm sənədin imzalanması ölkəmizin ərazi bütövlüyünün bərpasının və regionda yaranmış yeni geosiyasi reallıqların təsdiqi idi.
Şuşa Bəyannaməsində tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər üzrə birgə fəaliyyət göstərmək, xarici siyasət sahəsində koordinasiyanı gücləndirmək barədə razılığa gəlmişlər. Sənəddə beynəlxalq hüququn fundamental prinsiplərinə, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət öz əksini tapır".
Deputat bəyannamədə ən mühüm hissələrdən birinin də, məhz hərbi əməkdaşlıq olduğunu, bu müddəa ilə iki ölkənin regiondakı təhlükəsizlik tədbirlərinin ən üst səviyyəyə qaldırılmış olduğunu deyib.
"Bəyannamənin ən mühüm müddəalarından biri hərbi əməkdaşlıqla bağlıdır. Sənədə əsasən, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı təhdid və ya təcavüz halında qarşılıqlı məsləhətləşmələr aparacaq və zəruri dəstək göstərəcəklər. Bu müddəa Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik xarakterini açıq şəkildə nümayiş etdirir. Bununla yanaşı, müdafiə sənayesi, hərbi təlimlər, silahlı qüvvələrin modernləşdirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.
Şuşa Bəyannaməsində iqtisadi əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı investisiyaların artırılması, ticarət dövriyyəsinin genişləndirilməsi və nəqliyyat-logistika layihələrinin inkişaf etdirilməsi mühüm yer tutur. Xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, o cümlədən Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti vurğulanmışdır. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır".
Millət vəkili Zəngəzur dəhlizinin də bəyannamədə öz əksini tapmasına diqqət çəkib.
"Regionda yeni nəqliyyat-kommunikasiya xətlərinin yaradılması, o cümlədən Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin vacibliyi Bəyənnamədə önəmli yer alır. Bu dəhliz Mərkəzi Asiya ilə Avropa arasındakı ticarəti genişləndirməklə yanaşı, siyasi əlaqələri də artırır və bu əlaqələrin formalaşmasında Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır. Orta Dəhlizin yeni nəfəsi olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi uğurla həyata keçirilir. Həmin dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarətə yeni imkanlar yaradacaq. Bu layihənin Azərbaycan, Türkiyə və bütövlükdə region ölkələri, o cümlədən Ermənistanla normallaşma kontekstində bu ölkə ilə iqtisadi əlaqələrin genişlənməsinə töhfə verəcəyi şübhəsizdir.
Bəyənnamə həmçinin təhsil, elm, mədəniyyət, gənclər siyasəti və idman sahələrində əməkdaşlığın inkişafını da əhatə edir. İki ölkə arasında ortaq tarixi və mədəni irsin qorunması, türk dünyasının inteqrasiyasının gücləndirilməsi əsas prioritetlərdən biridir. Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir.
Şuşa Bəyannaməsi yalnız ikitərəfli münasibətlərin sənədi deyil, həm də regionun gələcək təhlükəsizlik və əməkdaşlıq arxitekturasına təsir edən strateji sənəddir. Bəyannamə Cənubi Qafqazda sülhün, sabitliyin və inkişafın təmin olunmasına yönəlmiş mühüm siyasi mesaj kimi qiymətləndirilir. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır.
Beləliklə, Şuşa Bəyannaməsi iki qardaş dövlət arasında siyasi, hərbi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirmiş, münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəltmişdir. Bəyannamə həm Azərbaycan-Türkiyə qardaşlığının rəmzi, həm də regionun gələcək inkişafına istiqamət verən mühüm siyasi-hüquqi sənəd kimi tarixə daxil olmuşdur".
Turqut Ansari
15:53 11.06.2026
Oxunuş sayı: 73