"TəhsilPlus" layihəsinə start verilib: Təşəbbüs alqışlanıb
Təhsilin İnkişafı Fondu tərəfindən təhsil sistemində çalışanların sosial rifahının yaxşılaşdırılması istiqamətində yeni bir təşəbbüsün icrasına start verilib. Fond “TəhsilPlus” kartlarının ölkə üzrə ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan başlayıb. Layihə müəllim və təhsil işçilərinə müxtəlif xidmət və alış-veriş sahələrində güzəştlər təqdim etməklə onların gündəlik xərclərinin azaldılmasını və sosial təminatının gücləndirilməsini hədəfləyir. Bu addım təhsil sektorunda çalışanların motivasiyasının artırılması və onların əmək şəraitinin yaxşılaşdırılması baxımından mühüm sosial islahat kimi dəyərləndirilir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlamasında qeyd edib ki, təhsilin keyfiyyəti, şübhəsiz ki, həm də tədris edənlərin rifahı ilə bağlıdır: “Nəticə etibarilə, təhsil prosesi özlüyündə böyük intellektual zəhmət tələb edən, uzunmüddətli və ağır bir prosesdir. Belə olan halda, əlbəttə ki, tədris prosesinə cəlb olunan müəllimlərin rifahı və maddi problemləri də uyğun şəkildə həllini tapmalıdır ki, təhsilin keyfiyyət göstəricilərini daha da yüksəldə bilək. Bu iki komponent bir-biri ilə sıx əlaqədə olduğuna görə çox sevinirəm ki, Elm və Təhsil Nazirliyimizin müvafiq qurumları bu istiqamətdə müxtəlif addımlar atır və fərqli layihələr həyata keçirirlər. Onlardan biri də “Təhsil Plus” kartlarının ölkə üzrə kütləvi təqdim olunması hadisəsidir. Bu, əlbəttə, müəllimlərin rifahının yaxşılaşmasına xidmət edəcək unikal addımlardan biridir”.
Deputat əlavə edib ki, bu kimi layihələrin daha geniş şəkildə həyata keçirilməsi müəllimlərimiz üçün həm daha çox kommunikativ imkanlar və rahatlıq yaradacaq, həm də onların ailə büdcəsinə müəyyən töhfə verəcək: “Düşünürəm ki, Təhsil İnkişaf Fondunun bu uğurlu layihəsi yerində və aktual bir layihədir. Bundan sonra da bənzər təşəbbüslərə imza atılacaq”.

Azərbaycan Gənc Alimi, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov isə qeyd edib ki, “Təhsil Plus" kartlarının tətbiqi müəllimlərin və ümumilikdə təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılmış olduqca müsbət və real bir addımdır: "Bu layihə Təhsilin İnkişaf Fondu, Kapital Bank və Mastercard şirkətlərinin birgə əməkdaşlığı ilə həyata keçirilir və Gəncə–Daşkəsən regionundan başlayan kütləvi təqdimat regionlarda çalışan müəllimlərin maddi rifahına birbaşa dəstək məqsədi daşıyır. Düşünürəm ki, Təhsil Plus kartının bir sıra əhəmiyyətli üstünlükləri vardır və bir qədər onlar haqqında danışmaq istərdim. Bu kart sadəcə maaş kartı deyil, eyni zamanda çoxfunksiyalı sosial layihədir. Onun çoxfunksiyallığı özündə əməkhaqqı kartını, növbə kartını və təhsil müəssisələrinin giriş xidmətini birləşdirir”.
İ.Orucov əlavə edib ki, eyni zamanda müəllimlər üçün geniş keşbek və bonus imkanları təqdim olunur: “Müəllimlər gündəlik tələbatlarında bank tətbiqi vasitəsilə xüsusi bonuslar qazanırlar. Məsələn, BakıKart ödənişlərində 10 faiz, kitab, dəftər və digər zəruri alışlarda 5 faiz güzəşt imkanları nəzərdə tutulur. Eyni zamanda "Bravo" supermarketlərində həyata keçirilən ödənişlər zamanı 3 faiz güzəşt tətbiq edilir. Bundan əlavə, yanacaq doldurma məntəqələri, apteklər, kafe və restoranlarda da 2 faiz endirim əldə etmək mümkün olur. Həmçinin Gəncə və Daşkəsən regionundan başlayan ilk mərhələ üçün xüsusi regional tərəfdaşlıq şəbəkəsi qurulmuşdur. Bu isə öz növbəsində regional mağaza və xidmət obyektlərində müəllimlər üçün əlavə üstünlüklər yaradır. Layihənin mərhələli şəkildə ölkə üzrə pedaqoji və inzibati heyəti də əhatə etməsi planlaşdırılır. Təxminən 450 min təhsil işçisini əhatə etməsi nəzərdə tutulur. Bu kart dövlət–özəl tərəfdaşlıq modeli əsasında müəllimlərin gündəlik maliyyə yükünü azaltmağa xidmət edir. Kitab alışından başlayaraq iaşə və nəqliyyat xərclərinə qədər tətbiq edilən güzəştlər müəllim maaşının real alıcılıq qabiliyyətini artırır. Eyni zamanda sistemin rəqəmsal və avtomatlaşdırılmış olması təhsil işçilərinin bu xidmətdən növbə gözləmədən, rahat şəkildə yararlanmasına şərait yaradır. Təbii ki, qeyd etdiyim kimi, bu kifayət qədər müsbət və pozitiv sosial layihədir. Hesab edirəm ki, növbəti mərhələdə digər regionlarda və bütövlükdə ölkə ərazisində əhatə dairəsinin genişləndirilməsi təhsil işçilərinə yönəlmiş sosial qayğının və diqqətin daha bir göstəricisi olacaq. Bu, həm də bütövlükdə təhsil sahəsinə və təhsil işçilərinə verilən xüsusi önəmin təzahürüdür”.

Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova isə bildirib ki, “"TəhsilPlus" layihəsinin əsas məqsədi təhsil işçilərinin sosial rifahının dəstəklənməsi, onların müxtəlif xidmət və məhsullara daha əlçatan çıxışının təmin edilməsidir. Layihə təhsil işçilərinə təqdim olunan sosial imkanları genişləndirməklə yanaşı, onların peşə fəaliyyətinə verilən ictimai dəyərin daha da artırılmasına xidmət edir. "TəhsilPlus" kartı müxtəlif tərəfdaş qurumlar tərəfindən təqdim olunan güzəşt və üstünlüklərdən yararlanmaq imkanı yaradır. Layihənin inkişaf mərhələləri çərçivəsində tərəfdaş şəbəkəsinin genişləndirilməsi, yeni xidmət istiqamətlərinin əlavə olunması və istifadəçilər üçün əlavə imkanların formalaşdırılması nəzərdə tutulur. Məqsəd kartı təhsil işçiləri üçün daha faydalı və çoxfunksiyalı platformaya çevirməkdir”.
K.Abdulrəşidova qeyd edib ki, hazırda "TəhsilPlus" kartı vasitəsilə ictimai nəqliyyatda Bakıkart üzərindən QR bilet alışlarında 10% güzəşt tətbiq olunur: “Həmçinin “CityCard” ilə əldə olunmuş ilkin razılığa əsasən, növbəti aylardan etibarən "TəhsilPlus" kart istifadəçiləri üçün ictimai nəqliyyatda xüsusi güzəşt mexanizmləri istifadəyə veriləcək. Bununla yanaşı, bütün ölkə üzrə təhsil işçilərinə kitab və dəftərxana ləvazimatlarının alışında 5%, kinoteatrlarda 5%, "Bravo" mağazalarında QR ödənişlər zamanı 3%, yanacaqdoldurma məntəqələrində 2%, kafe və restoranlarda 2%, eləcə də apteklərdə 2% bonus imkanları təqdim edilir. Həmçinin “Referans” Tibb Mərkəzi tərəfindən Bakı və Gəncə filiallarında kart istifadəçilərinə 10% endirim təqdim olunur. "TəhsilPlus" kartlarının təqdimatı ölkə üzrə mərhələli şəkildə həyata keçirilir. İlk dəfə kütləvi şəkildə Gəncə-Daşkəsən regionu üzrə təhsil işçilərinə kartlar təqdim olunub. Növbəti regionlar üzrə təqdimatlarla bağlı işlər davam etdirilir və proses plan üzrə mərhələlərlə icra olunur. Müvafiq mərhələlər tamamlandıqca ictimaiyyətə əlavə məlumat veriləcək”.

"TəhsilPlus" kartı layihəsindən yararlanan ilk müəllimlərdən olan Amil Həsənov isə söyləyib ki, qloballaşan və sürətlə inkişaf edən dünyada təhsil prioritet olaraq gündəlikdə öz yerini daha da möhkəmləndirir: "Son zamanlar ölkəmizdə gedən təhsil islahatları, müasir təhsil modelinə inteqrasiya qarşımızda yeni istiqamətlər açır, yeni layihələrin təklifini və icrasını qaçılmaz edir. Elm və Təhsil nazirliyinin həyata keçirdiyi növbəti uğurlu layihə isə "TəhsilPlus" kartı layihəsidir. "TəhsilPlus" kartı birbaşa tədris prosesini deyil, təhsil işçilərinin gündəlik həyatını və sosial təminat imkanlarını dəstəkləyən alətdir. Kartların təsir imkanlarının effektiv olduğu istiqamətlərə fikir versək, görərik ki, bu sahələr çox mühüm və tələbat duyulan sahələrdir. Bunlara biz nəqliyyatı, alış-veriş mərkəzlərini, tibb mərkəzlərini və sair misal göstərə bilərik. Mən də təhsil işçisi kimi bu layihədən faydalana bildim. Buna görə Elm və Təhsil Nazirliyini və digər layihə dəstəkləyici partnyorlara öz dərin minnətdarlığımı bildirirəm.Əminəm ki, belə stimullaşdırıcı layihələr davam edəcək, ölkə təhsilimiz dünya təhsil sistemi müstəvisində öz layiqli yerini tutmaqda davam edəcək”.
Ayhan
15:02 11.06.2026
Oxunuş sayı: 217