Azərbaycan iqtisadiyyatında yeni inkişaf modelinin zəruriliyi
Son illərdə Azərbaycan iqtisadiyyatı makroiqtisadi sabitlik baxımından regionun ən dayanıqlı iqtisadiyyatlarından biri kimi qiymətləndirilir. Ölkənin strateji valyuta ehtiyatları 88 milyard ABŞ dollarını ötür, xarici dövlət borcu idarəolunan səviyyədədir, maliyyə təhlükəsizliyi göstəriciləri isə bir çox inkişaf etməkdə olan ölkələrlə müqayisədə daha əlverişlidir. Bu göstəricilər Azərbaycan iqtisadiyyatının son onilliklər ərzində formalaşdırdığı maliyyə potensialını və iqtisadi dayanıqlığını nümayiş etdirir.
Bununla belə, son illərdə iqtisadi artımın keyfiyyəti, qeyri-neft sektorunun dayanıqlılığı, özəl investisiyaların həcmi və məhsuldarlıq göstəriciləri ilə bağlı suallar artır. Mövcud maliyyə imkanlarına baxmayaraq, iqtisadiyyatın bir sıra sahələrində gözlənilən dinamika müşahidə olunmur. Bu isə resursların həcmi ilə onların iqtisadi nəticələri arasında müəyyən uyğunsuzluğun mövcudluğunu göstərir.
Uzun müddət ölkənin iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi enerji sektoru olub. Neft və qaz gəlirləri dövlət büdcəsinin formalaşmasına, infrastruktur layihələrinin maliyyələşdirilməsinə, sosial proqramların həyata keçirilməsinə və strateji ehtiyatların yaradılmasına imkan verib. Bu siyasət öz dövrü üçün uğurlu nəticələr verib və Azərbaycanı regionun iqtisadi cəhətdən ən güclü ölkələrindən birinə çevirib.
Lakin iqtisadi inkişafın hər mərhələsinin öz çağırışları olur. Əgər əvvəlki dövrdə əsas məqsəd maliyyə resurslarının toplanması idisə, hazırda əsas vəzifə həmin resursların daha yüksək iqtisadi səmərəyə çevrilməsidir. Başqa sözlə, məsələ artıq vəsait toplamaqdan çox, mövcud imkanlardan maksimum nəticə əldə etməkdir.
Bu gün dünya iqtisadiyyatında əsas rəqabət üstünlüyü təbii ehtiyatlarla deyil, texnologiya, innovasiya, insan kapitalı və institusional keyfiyyətlə müəyyən olunur. Dünyanın aparıcı iqtisadiyyatlarının təcrübəsi göstərir ki, yüksək gəlir səviyyəsinin davamlı şəkildə qorunması üçün güclü biznes mühiti, çevik idarəetmə sistemi, keyfiyyətli təhsil və elmi potensial həlledici rol oynayır.
Azərbaycanın iqtisadi inkişafında da növbəti mərhələnin məhz bu amillərlə bağlı olacağı görünür. Son illər rəqəmsal transformasiya, yaşıl enerji, logistika, nəqliyyat dəhlizləri və qeyri-neft ixracı istiqamətində atılan addımlar təsadüfi xarakter daşımır. Bu siyasətin arxasında duran əsas məqsəd iqtisadiyyatın gələcək dayanıqlılığını təmin etməkdir.
Bununla yanaşı, bəzi struktur problemlər hələ də aktuallığını saxlayır. Qeyri-neft sektorunun inkişafına baxmayaraq, iqtisadi fəallığın müəyyən hissəsi yenə də dövlət investisiyalarından və büdcə xərclərindən asılı olaraq qalır. Özəl sektorun iqtisadi artımın əsas lokomotivinə çevrilməsi prosesi isə gözlənilən sürətlə irəliləmir. Bu isə investisiya mühiti, rəqabət imkanları, maliyyə resurslarına çıxış və institusional islahatların əhəmiyyətini daha da artırır.
Digər mühüm məsələ məhsuldarlıq göstəriciləridir. Müasir iqtisadiyyatlarda artımın əsas mənbəyi daha çox insan və ya daha çox vəsait deyil, daha yüksək məhsuldarlıqdır. Eyni resurslarla daha çox nəticə əldə etmək qabiliyyəti ölkələrin rəqabət üstünlüyünü müəyyən edir. Azərbaycan üçün də növbəti mərhələdə əsas diqqət məhz məhsuldarlığın artırılmasına yönəlməlidir.
Bu kontekstdə kənd təsərrüfatı xüsusi diqqət çəkir. Son dövrlərdə ərzaq təhlükəsizliyi məsələsinin dövlət siyasətində ön plana çıxması təsadüfi deyil. Dünyada baş verən geosiyasi proseslər göstərir ki, ərzaq təminatı artıq yalnız iqtisadi məsələ deyil, həm də milli təhlükəsizlik məsələsidir. Aqrar sektorun modernləşdirilməsi, emal sənayesinin inkişafı və məhsuldarlığın artırılması həm daxili bazarın qorunmasına, həm də qeyri-neft ixracının genişlənməsinə xidmət edə bilər.
Oxşar yanaşma yaşıl enerji sektorunda da müşahidə olunur. Azərbaycan uzun illər enerji istehsalçısı kimi tanınıb. İndi isə məqsəd enerji ixracatçısı statusunu qorumaqla yanaşı, yeni enerji texnologiyalarının və bərpa olunan enerji mənbələrinin inkişafında da fəal iştirak etməkdir. Bu istiqamətdə həyata keçirilən layihələr gələcək iqtisadi modelin mühüm elementlərindən biri hesab oluna bilər.
Rəqəmsallaşma da yeni inkişaf mərhələsinin əsas istiqamətlərindəndir. Elektron xidmətlərin genişləndirilməsi, rəqəmsal dövlət modelinin formalaşdırılması və süni intellekt texnologiyalarının tətbiqi idarəetmə səmərəliliyini artırmaqla yanaşı, biznes mühitinin təkmilləşməsinə də müsbət təsir göstərə bilər. Müasir iqtisadiyyatlarda rəqabət üstünlüyü getdikcə daha çox rəqəmsal imkanlarla müəyyən olunur.
Bütün bunlar göstərir ki, Azərbaycan iqtisadiyyatı üçün əsas məsələ resurs çatışmazlığı deyil. Əsas çağırış mövcud resursların daha yüksək iqtisadi nəticəyə çevrilməsi, institusional keyfiyyətin yüksəldilməsi və iqtisadi artımın yeni mənbələrinin formalaşdırılmasıdır.
Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məsələlərdən biri də iqtisadi idarəetmədə balansın düzgün qurulmasıdır. Son illərdə iqtisadi siyasətin böyük hissəsinin vahid qurum çərçivəsində cəmləşməsi koordinasiya imkanlarını artırsa da, bəzi hallarda alternativ baxışların və təşəbbüslərin formalaşmasını məhdudlaşdıran amilə çevrilə bilir. Müasir iqtisadiyyatlarda inkişaf adətən bir mərkəzdən idarəetmədən deyil, çoxsaylı iqtisadi subyektlərin təşəbbüslərinin qarşılıqlı təsirindən yaranır.
Bu baxımdan müəyyən dövrlərdə iqtisadi proseslərin həddindən artıq mərkəzləşdirilməsi bazarın təbii inkişaf mexanizmlərini zəiflədə, özəl sektorun təşəbbüskarlığını məhdudlaşdıra və qərarların qəbulunda çevikliyi azalda bilər. Dövlət iqtisadiyyatın əsas iştirakçısı deyil, onun inkişafı üçün əlverişli mühit yaradan institusional platforma rolunu oynamalıdır.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri iqtisadiyyatın dövlət tərəfindən idarə olunan modelindən daha çox bazar təşəbbüslərinə əsaslanan modelə keçidin sürətləndirilməsidir. Əks halda böyük maliyyə resurslarına baxmayaraq, iqtisadi aktivliyin mühüm hissəsi dövlət investisiyalarından asılı vəziyyətdə qala bilər. Halbuki uzunmüddətli iqtisadi inkişafın əsas göstəricilərindən biri özəl sektorun iqtisadiyyatdakı çəkisinin artmasıdır. Dövlət investisiyaları müəyyən mərhələdə inkişafı sürətləndirə bilər, lakin innovasiya, rəqabət və məhsuldarlıq əsasən özəl sektor mühitində formalaşır.
Son illərdə Azərbaycanda əsas diqqət resursların idarə edilməsinə yönəlib. Qarşıdakı mərhələdə isə əsas hədəf resursların idarə edilməsindən daha çox iqtisadi təşəbbüslərin, rəqabətin və özəl sektorun inkişafına yönəlməlidir. Çünki dövlət iqtisadi artımı müəyyən müddət təşviq edə bilər, lakin uzunmüddətli və dayanıqlı inkişafın əsas mənbəyi sahibkarlıq və bazar iqtisadiyyatıdır. Məhz bu səbəbdən Azərbaycan iqtisadiyyatının qarşısında duran növbəti mərhələ yeni yanaşma, yeni idarəetmə fəlsəfəsi və yeni inkişaf prioritetləri tələb edir. Gələcək uğurun əsas göstəricisi artıq hasil olunan neftin həcmi yox, yaradılan əlavə dəyər, sahibkarlığın güclənməsi, məhsuldarlığın yüksəlməsi, innovasiya potensialı və insan kapitalının, iqtisadi institutların keyfiyyəti ilə ölçüləcək. Bu isə iqtisadi siyasətin mərkəzində daha çevik, daha məhsuldar və rəqabətqabiliyyətli inkişaf modelinin dayanmasını zəruri edir.
14:09 11.06.2026
Oxunuş sayı: 320
Aqil Eyvazov
Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru, dosent, "İqtisadiyyat və Hüquq" İctimai Birliyinin sədri