Azərbaycan və Türkmənistan alimləri Səməd Vurğununun ədəbi irsini müzakirə edib
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunan tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Türkmənistan Dövlət Universitetinin rəhbərliyi, Filologiya fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak edib.
Tədbirin moderatoru Azərbaycan Yazıçılar Birliyinin katibi Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi Səməd Vurğunun həyat və yaradıcılığı haqqında qısa məlumat verib. Deyib ki, Səməd Vurğun bənzərsiz yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rol oynayıb.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının "Səməd Vurğun və Türk dünyası" mövzusunda məruzəsi dinlənilib.
Bildirilib ki, Azərbaycanın ədəbi fikir salnaməsində xüsusi yer tutan Səməd Vurğun ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparıb, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnib.
Qeyd olunub ki, ədibin əsərləri türk respublikalarında da böyük rəğbətlə qarşılanıb, pyesləri uğurla səhnələşdirilib. S.Vurğunun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində parlaq səhifə təşkil edir.
Milli Məclisinin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü Hikmət Məmmədov "Səməd Vurğunun yaradıcılığında vətən mövzusu" adlı məruzəsində bildirib ki, Xalq şairinin əsərləri bu gün də insanları öz vətənini sevməyə səsləyir.
"Azərbaycan və Türkmənistan ədəbi əlaqələrinin inkişafı, ədəbiyyat mübadiləsi" mövzusunda çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov ədəbiyyatın xalqlar arasında mədəni körpülərin qurulmasında mühüm rol oynadığını bildirib. (report)
09:30 06.06.2026
Oxunuş sayı: 49