Valideynlərin diqqətinə: Yeni təmayül siniflərinə qəbul başladı
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulunun başladığını elan edib.
Crossmedia.az-a Agentlikdən bildirilib ki, 10 və 11-ci sinifləri əhatə edən yeni təmayül tədris modelinin əsas məqsədi şagirdlərin ali təhsilə hazırlıq prosesini məktəb daxilində daha səmərəli təşkil etmək, onları əlavə hazırlıq kurslarına ehtiyac olmadan qəbul imtahanlarına hazırlamaqdır.
Bu çərçivədə ali təhsil müəssisələrinə qəbul tələblərinə uyğun xüsusi tədris planları hazırlanır, fənlər üzrə dərinləşdirilmiş proqramlar tətbiq edilir və şagirdlərin bilik və bacarıqlarının inkişafına yönəlmiş gücləndirilmiş tədris prosesi təşkil olunur.
Məlumata görə, cari tədris ilində yeni təmayül tədris modeli 14 ümumi təhsil müəssisəsində həyata keçirilib. Layihə çərçivəsində X siniflərdə 1178, XI siniflərdə isə 406 nəfər olmaqla ümumilikdə 1584 şagird təhsil alıb. Tədris prosesinə xüsusi meyarlar əsasında seçilmiş 263 müəllim cəlb olunub.
Agentlik qeyd edib ki, layihə üzrə fəaliyyət göstərən məktəblərdə tədrisin keyfiyyəti mütəmadi monitorinq edilir. Aparılan təhlillər göstərib ki, 2025–2026-cı tədris ilinin sentyabr-dekabr aylarında şagirdlərin orta aylıq davamiyyət göstəricisi əksər məktəblərdə 95–100 faiz arasında dəyişib.
Bundan əlavə, yeni təmayül tədris modeli üzrə təhsil alan şagirdlərin buraxılış imtahanlarında əldə etdikləri nəticələr müvafiq şəhərlər üzrə orta göstəriciləri üstələyib. Həmçinin 100 baldan aşağı nəticə göstərən şagirdlərin sayı minimuma endirilib.
Əldə olunan müsbət nəticələr nəzərə alınaraq, yeni təmayül tədris modelinin tətbiq olunduğu məktəblərin sayının mərhələli şəkildə artırılaraq 100-ə çatdırılması planlaşdırılır.
Yeni təmayül tədris modeli üzrə təhsil almaq istəyən şagird və valideynlər ətraflı məlumat almaq üçün regional təhsil idarələrinə müraciət edə bilərlər.
15:22 05.06.2026
Oxunuş sayı: 51