Eskişehirdə 28 May-Müstəqillik Günü qeyd olunub
Eskişehirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə bayram tədbiri keçirilib. Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dərnək üzvləri, Azərbaycan və Türkiyə ictimaiyyətinin nümayəndələri, eləcə də şəhərdə yaşayan soydaşlarımız iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Çıxışçılar Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, xalqımızın müstəqillik uğrunda apardığı mübarizədən və müasir Azərbaycanın əldə etdiyi uğurlardan bəhs ediblər. Həmçinin Azərbaycanın dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasının vacibliyi vurğulanıb, eyni zamanda iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin önəmindən danışılıb.
Bayram proqramı çərçivəsində dərnəyin il ərzində həyata keçirdiyi fəaliyyətlərə dair məlumat verilib. Həmçinin təşkilatın ictimai, mədəni və sosial layihələrində fəallığı ilə seçilən üzvlərin yer aldığı liderlik cədvəli açıqlanıb. Reytinq cədvəlində ilk onluqda qərarlaşan iştirakçılar xüsusi sertifikatlarla təltif olunub. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb və Azərbaycan diasporunun gücləndirilməsi istiqamətində səylərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Dərnəyin sədri Cavid Aydın Eskişehir Azərbaycanlılar Dərnəyinin bundan sonra da Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin təbliği, gənclərin milli ruhda yetişdirilməsi və Azərbaycan-Türkiyə dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətin davamlı olacağını bildirib.
14:56 04.06.2026
Oxunuş sayı: 56