ABŞ və İran arasında dörd mərhələli razılaşma gündəmdədir
ABŞ və İran arasında gərginliyin azaldılmasını nəzərdə tutan dörd mərhələli razılaşma üzrə yaxınlaşma müşahidə olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə “Əl-Hədəs” nəşri məlumat yayıb.
Məlumata görə, tərəflər arasında müzakirə olunan plan dörd əsas mərhələdən ibarətdir. Birinci mərhələdə hərbi əməliyyatların dayandırılması, regionda gərginliyin azaldılması və yeni qarşıdurma ocaqlarının yaranmasının qarşısının alınması nəzərdə tutulur.
İkinci mərhələ dəniz təhlükəsizliyi məsələlərini əhatə edir. Bu çərçivədə Hörmüz boğazında gəmiçiliyin tam bərpası və beynəlxalq enerji marşrutlarının təhlükəsizliyinin təmin edilməsi planlaşdırılır.
Üçüncü mərhələdə iqtisadi etimad tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Buraya bəzi sanksiyaların qismən yumşaldılması, İranın dondurulmuş aktivlərinin bir hissəsinin sərbəst buraxılması və ölkənin neft ixrac imkanlarının genişləndirilməsi daxildir.
Planın dördüncü və ən mürəkkəb hissəsi isə İranın nüvə proqramı ilə bağlıdır. Bu mərhələdə uranın zənginləşdirilməsi səviyyəsi, beynəlxalq monitorinq mexanizmləri və regional təhlükəsizlik məsələlərinin yenidən nəzərdən keçirilməsi müzakirə olunacaq.
“Əl-Hədəs” qeyd edir ki, tərəflər arasında razılaşmanın detalları üzərində danışıqlar davam edir və yekun qərar hələ qəbul edilməyib.
14:40 04.06.2026
Oxunuş sayı: 58