Overçuk: Bizə qarşı olacaq ölkəni maliyyələşdirmərik
Rusiya Ermənistanın Avrasiya İqtisadi Birliyində (AİB) iştirakının mümkün dayandırılması məsələsini hüquqi baxımdan araşdırmağa hazırlaşır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, AİB haqqında qüvvədə olan müqavilədə üzv dövlətin birlikdən çıxması, üzvlüyünün dondurulması və ya təşkilatdan xaric edilməsi ilə bağlı dəqiq prosedurlar nəzərdə tutulmayıb. Moskva bu məsələnin hüquqi tərəflərini dekabr ayına qədər öyrənməyi planlaşdırır.
Overçuk, həmçinin Ermənistanın Avropa İttifaqı ilə inteqrasiyanı dərinləşdirməsi halında Rusiyanın AİB və ikitərəfli razılaşmalar çərçivəsində İrəvana göstərdiyi maliyyə və siyasi dəstəyi yenidən nəzərdən keçirə biləcəyinə işarə edib.
Rusiyalı rəsmisinin sözlərinə görə, Moskva gələcəyini Avropa İttifaqı ilə bağlayan bir ölkəyə dəstək vermək niyyətində deyil. O, Aİ-nin Rusiya ilə qarşıdurmaya hazırlaşdığını iddia edərək bildirib:
"Biz sabah bəlkə də bizimlə müharibə aparacaq tərəfə çevrilə biləcək ölkəyə niyə vəsait ayırmalıyıq?"
Qeyd edək ki, bundan əvvəl Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın AİB-dəki üzvlüyü məsələsinin növbəti Ali Avrasiya İqtisadi Şurasının iclasında yenidən müzakirə olunması barədə razılığa gəliblər.
14:24 04.06.2026
Oxunuş sayı: 52