Qərbi Azərbaycanlılar qayıdır - Ermənistan cəmiyyəti silkələnir
Azərbaycan işğal altında qalan torpaqlarını düşmən tapdağından azad etdikdən sonra, Ermənistan cəmiyyətində bizə qarşı yeni bir aqressiya formalaşdı. Bu aqressiya həm Azərbaycana həm də Ermənistan hökümətinə qarşıdır. Diplomatiya masasında, cəbhədə önümüzdə dayana bilməyən ermənilər öz hirslərini dədə-baba yurdlarına qayıtmaq istəyən qərbi-azərbaycanlılardan çıxmağa çalışırlar. Ermənistan höküməti məsələ ilə bağlı heç bir sərt bəyanat vermədiyi və məsələyə birtərəfli baxmadığı halda müəyyən radikal qüvvələrə aldanan erməni KÜTləsi Azərbaycana və qərbi-azərbaycanlılara qarşı doldurulur, mitinqlər keçirir, şüarlar səsləndirir. Maraqlıdır erməniləri bizə qarşı doldurub meydanlara tökən radikallar kimlərdir? Və bu addımların arxasında hansı məqsəd dayanır?
Mövzu ilə bağlı tədqiqatçı, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev Crossmedia.az-a açıqlama verib:

“Son dövrlər Ermənistanda parlament seçkiləri ərəfəsində baş verən siyasi çəkişmələr və mübarizə daha da kəskin xarakter almağa başlayıb. Seçkilər yaxınlaşdıqca hakimiyyət nümayəndələri ilə müxalifət arasında siyasi qarşıdurmanın intensivliyi artır. Xüsusilə revanşist qüvvələr Qarabağda yaşanan məğlubiyyətlə barışmadıqlarını nümayiş etdirir, mövcud sülh prosesini pozmağa, tərəflər arasında formalaşmağa başlayan iqtisadi əməkdaşlıq və dialoq mühitini zəiflətməyə çalışırlar. Bu qüvvələrin məqsədi ölkəni yenidən keçmiş qarşıdurma mərhələsinə qaytarmaqdır. Bu kontekstdə kilsənin, daşnak çevrələrinin və diaspor təsirinin də müəyyən siyasi proseslərə təsir göstərməyə çalışdığı vurğulanır. İddia olunur ki, həmin dairələr müxtəlif vədlər və çağırışlarla cəmiyyəti mövcud hakimiyyətə qarşı yönləndirməyə, diplomatik danışıqlar və sülh istiqamətində əldə olunan nəticələrin nüfuzuna kölgə salmağa cəhd edirlər. Məqsəd tərəflər arasında formalaşan diplomatik mərhələni zəiflətmək, dialoq mühitini və qarşılıqlı etimadı sarsıtmaqdır. Halbuki son dövrlərdə müxtəlif beynəlxalq platformalarda keçirilən görüşlər və aparılan danışıqlar sülh və qarşılıqlı əməkdaşlıq istiqamətində müəyyən imkanlar yaradıb. Bu proses beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanıb”.
Ə.Vəliyev əlavə edib ki, xüsusilə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılması, o cümlədən Zəngəzur istiqamətində Naxçıvana çıxış imkanlarının müzakirəsi, tərəflər arasında iqtisadi əməkdaşlıq perspektivləri regionun gələcək siyasi, iqtisadi və sosial inkişafı baxımından mühüm hesab olunur. Bu fonda hər iki cəmiyyətdə sülhə inamın müəyyən dərəcədə artdığı, dialoq mühitinin genişləndiyi barədə fikirlər də səsləndirilir. İctimai rəylərdə də Ermənistan cəmiyyətinin müharibə deyil, daha çox sabitlik və sülh şəraitində yaşamaq istədiyi barədə yanaşmaların mövcud olduğu qeyd olunur. Artıq müharibənin heç bir tərəf üçün çıxış yolu olmadığı, gələcəyin əməkdaşlıq və qarşılıqlı münasibətlər üzərində qurulmalı olduğu fikri daha çox ön plana çıxır. Bununla belə, parlament seçkiləri ərəfəsində baş verən proseslər göstərir ki, müəyyən siyasi qüvvələr cəmiyyətdə yenidən gərginlik yaratmağa çalışır. Bu yanaşmanın Ermənistan cəmiyyətinin sabitliyinə, sosial rifahına və iqtisadi inkişafına mənfi təsir göstərə biləcəyi vurğulanır. Bu mübarizədə ən çox qabardılan məsələlərdən biri də Qarabağ mövzusudur. Revanşist qüvvələrin bu məsələni daxili siyasi mübarizənin əsas alətlərindən biri kimi istifadə etməsidir. Eyni zamanda Qarabağda yaşamış azərbaycanlıların öz doğma yaşayış yerlərinə qayıtması məsələsi beynəlxalq hüquq çərçivəsində humanitar və hüquqi aspektdən müzakirə olunur. Bu yanaşmaya görə, məqsəd ərazi iddiası deyil, insanların vaxtilə yaşadıqları yerlərə sülh yolu ilə qayıtması və qanunlar çərçivəsində yaşamaq hüququnun təmin olunmasıdır”.
Tədqiqatçı regionun gələcəyinin qarşıdurma deyil, sülh, dialoq və əməkdaşlığından keçdiyini qeyd edib: “Ermənistanda mövcud siyasi qüvvələrin də uzunmüddətli perspektivdə regionun inkişafının qarşılıqlı anlaşma və dinc birgəyaşayış modelindən asılı olduğunu nəzərə aldıqları düşünülür”.
Ayhan
09:19 04.06.2026
Oxunuş sayı: 89