Bəxtiyar Vahabzadənin 100 illiyinə özəl yeni biblioqrafik göstərici nəşr olunub
Azərbaycanın Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas alim və ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən “Akademik Bəxtiyar Vahabzadə” adlı geniş biblioqrafik göstərici hazırlanıb. "Elm" nəşriyyatında işıq üzü görən bu fundamental vəsait böyük sənətkarın zəngin irsinin daha dərindən öyrənilməsi baxımından mühüm mənbə hesab olunur.
Crossmedia.az xəbər verir ki, nəşrdə dövlət başçısının ədibin xatirəsinin əbədiləşdirilməsi və yubileyinin keçirilməsi ilə bağlı sərəncamları, həmçinin AMEA Rəyasət Heyətin müvafiq qərarı öz əksini tapıb. Bununla yanaşı, kitabda AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Xalq şairi Bəxtiyar Vahabzadə: taleyin və sənətin vəhdəti” adlı geniş təhlili məqaləsi də oxuculara təqdim olunur.
Görkəmli söz ustasının elmi, ədəbi-bədii və ictimai fəaliyyətini əhatə edən göstəriciyə şairin müəllifi olduğu kitablar, müxtəlif dillərdə işıq üzü görmüş poemaları, şeirləri, tərcümələri, eləcə də dövri mətbuatda dərc olunmuş publisistik yazıları və əsərlərinə bəstələnmiş musiqilərin notları daxil edilib.
Texnika elmləri doktoru Hüseyn Hüseynovun elmi redaktorluğu ilə ərsəyə gələn vəsaitin hazırlanmasında filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, Nərgiz Novruzova, Mahnur Həsənova və Rəna Cavadova iştirak ediblər. Ədəbiyyatşünas alimlər, müəllimlər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabın elektron versiyası ilə Mərkəzi Elmi Kitabxananın saytının "Elektron kitabxana" bölməsində tanış olmaq mümkündür.
17:50 03.06.2026
Oxunuş sayı: 46