Qırğızıstandakı həftəsonu Azərbaycan məktəblərində 28 May - Müstəqillik Günü qeyd olunub
Qırğızıstanın paytaxtı Bişkek şəhərində, eləcə də Dostuq və Novonikolayevka kəndlərində fəaliyyət göstərən həftəsonu Azərbaycan məktəblərində 28 May – Müstəqillik Gününə həsr olunan açıq dərslər keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Dərslərdə şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, onun dövlətçilik tariximizdəki rolu və müasir Azərbaycanın inkişaf yolu barədə ətraflı məlumat verilib. Məktəblilər müstəqillik mövzusunda şeirlər səsləndirib, təqdimatlar nümayiş etdiriblər.
Tədbirlərdə Azərbaycan dilinin, milli-mənəvi dəyərlərin və tarixi irsin gənc nəslə aşılanmasının əhəmiyyəti, eləcə də belə təşəbbüslərin xaricdə yaşayan soydaşlarımız arasında milli kimliyin qorunmasına və Azərbaycançılıq ideyalarının təbliğinə mühüm töhfə verdiyi bildirilib.
Sonda Azərbaycan dilinin öyrənilməsində fərqlənən, məktəblərin ictimai həyatında fəallıq göstərən şagirdlər fəxri fərmanlarla təltif olunublar.
13:41 03.06.2026
Oxunuş sayı: 49