Qəbul ballarına süni müdaxilə edilir? - Aydınlıq gətirildi
Təhsil gələcəyə açılan ən mühüm qapı olduğu üçün bu sahədə yaranan hər bir böhran cəmiyyətin birbaşa mənəviyyatına təsir edir. Xüsusilə ali məktəblərə qəbul dövründə gənclərin və valideynlərin gələcək qayğıları bəzən onların rasional düşünmə qabiliyyətini üstələyir. Məhz belə həssas dönəmlərdə insanların ümidlərini və çətinliklərini maddi qazanc alətinə çevirən fırıldaqçı şəbəkələr meydandakı boşluqlardan məharətlə istifadə edirlər. İmtahan ballarının qeyri-qanuni yollarla artırılması vədi sadəcə hüquqi cinayət deyil, həm də minlərlə gəncin illərlə çəkdiyi əməyə qarşı edilən ən böyük ədalətsizlikdir. Texnoloji təhlükəsizliyin yüksək səviyyədə qorunduğu dövlət sistemlərinə müdaxilə mifləri, əslində, çarəsiz kütlələri toruna salmaq istəyən işbazların uydurduğu illüziyadan başqa bir şey deyil. Cəmiyyətdə ayıq-sayıqlığın artırılması və bu növ kibercinayətkarlara qarşı kollektiv müqavimətin göstərilməsi hər bir vətəndaşın mənəvi borcuna çevrilməlidir. Yalnız dövlətin şəffaf institutlarına güvənmək və hüquqi müstəvidə addımlamaq bizi bu cür manipulyasiyaların qurbanı olmaqdan xilas edə bilər.
Məsələ ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama veriblər.

Təhsil eksperti Ramin Nurəliyev bu fikirlərin tamamilə əsassız olduğunu bildirib: "Dövlət İmtahan Mərkəzinin xüsusi sisteminə daxil olmaq mümkün deyil. Yəni hər hansı bir haker vasitəsilə və yaxud da hər hansı bir formada Dövlət İmtahan Mərkəzinin sisteminə daxil olub, orada kiminsə balını artırmaq kimi vədlər, xüsusilə də xarici ölkələrdən idarə olunan bəzi işbazlar tərəfindən verilir. Bu işbazlar balı az olan abituriyentlərin valideynlərinin həssas nöqtələrinə toxunaraq onların vəsaitlərini mənimsəməyə çalışırlar. Əvvəllər də bu kimi hadisələr baş verib. Belə hallarda əvvəlcə beh istəyirlər, sonra isə həmin şəxslər yoxa çıxırlar. Əgər diqqət yetirilirsə, həmin telefon nömrələrinin, xüsusilə də xaricdən idarə olunan şəxslər tərəfindən işlədildiyi görünər. Valideynlər qətiyyən bu kimi təkliflərə, fikirlərə məhəl qoymasınlar. Hazırda Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları xüsusi nəzarət altında həyata keçirilir. Dövlət tərəfindən xüsusi nəzarət var. Kimsə yalandan bu kimi şayiələr yayırsa, bundan xəbərdar olan valideynlər qətiyyən aldanmamalıdırlar. Bu kimi hallarla bağlı müvafiq qurumlara, hüquq-mühafizə orqanlarına vaxtında müraciət etmək lazımdır. Hesab edirəm ki, əsasən də aşağı bal toplayan uşaqların valideynlərinin bəzi həssas nöqtələrinə toxunaraq onların aldadılması həyata keçirilir. Bu, tamamilə əsassızdır. Qətiyyən və qətiyyən valideynlər aldanmamalıdırlar".

Məsələ İnformasiya təhlükəsizliyi eksperti Elvin Həsənov da münasibət bildirib:
"Əlbəttə ki, bu cür vədlərə çox ehtiyatla yanaşmaq lazımdır. Çünki, qəbul imtahanlarının nəticələri xüsusi qorunan sistemlərdə saxlanılır və bu sistemlər üzərində ciddi təhlükəsizlik nəzarəti mövcuddur. Kiminsə pul qarşılığında bal artıracağını iddia etməsi texniki baxımdan da, hüquqi baxımdan da ciddi şübhələr yaradır. Təəssüf ki, hər il qəbul mövsümündə insanların həyəcanından və ümidindən istifadə etməyə çalışan şəxslər ortaya çıxır. Onlar özlərini sistemə çıxışı olan şəxs kimi təqdim edirlər. Əslində isə əksər hallarda məqsəd vətəndaşın pulunu ələ keçirmək olur. Heç bir real IT mütəxəssisi və ya kibertəhlükəsizlik üzrə peşəkar şəxs qanuni şəkildə imtahan nəticələrini dəyişdirə biləcəyini iddia etməz. Əgər kimsə belə bir vəd verirsə, bu, artıq təhlükə siqnalıdır. Bu cür hallarda zərər təkcə maddi itki ilə məhdudlaşmır. Bəzi dələduzlar pul almaqla yanaşı, şəxsiyyət vəsiqəsi məlumatları, əlaqə nömrələri, hesab məlumatları və digər şəxsi informasiyaları da toplamağa çalışırlar. Nəticədə vətəndaş həm pulunu, həm də şəxsi məlumatlarını riskə atmış olur. Abituriyentlər və valideynlər bilməlidirlər ki, qəbul balını artırmağın yeganə qanuni yolu daha yaxşı hazırlaşmaq və imtahanda daha yüksək nəticə göstərməkdir. Heç bir gizli sistem, xüsusi proqram və ya texniki müdaxilə ilə nəticələrin dəyişdirilməsi barədə iddialara inanmaq olmaz".
Turqut Ansari
11:35 03.06.2026
Oxunuş sayı: 74