Makron: Rusiya Ermənistanı tərk etdi
Ermənistanın əldə etdiyi nəticələr son illərdə cəsarətli qərarlar sayəsində mümkün olub və ölkə üçün yeni perspektivlər açır.
Crossmedia.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron İrəvanda bildirib.
O qeyd edib ki, bugünkü nailiyyətlər son illərdə göstərilən cəsarət sayəsində mümkün olub: "Bu, Ermənistan üçün yeni imkanlar açır. Mənim iki əqidəm var: birincisi, Cənubi Qafqaz imperiyaların rəqabət meydanı olmamalıdır. İkincisi, region Avropa, Asiya və Yaxın Şərq arasında qovşaq nöqtəsinə çevrilə bilər".
Onun sözlərinə görə, bunun əsas şərti sərhədlərin açılmasıdır.
Makron vurğulayıb ki, Fransa Ermənistanı dəstəkləməyə və kömək etməyə davam edəcək.
“Fransa Ermənistanın səylərini dəstəkləyir və onun yanında olacaq. Ermənistan bütün regionda sülhün təməlini qoyur”, - deyə o qeyd edib.
Eyni zamanda, o, təhlükəsizlik məsələlərinə yanaşmaların dəyişməsinə işarə edib:
“Uzun müddət Ermənistanın təhlükəsizliyinin yalnız Rusiyanın himayəsi altında mümkün olduğuna inanılırdı. 2020-ci il müharibəsi, yaşadığınız hər şey, bir çox erməni ailəsinin yaşadığı faciə göstərdi ki, bu, çoxlarının təsəvvür etdiyi himayənin deyil. Rusiyanın Ermənistanı tərk etdiyini gördük və bu gözləntilərin reallığa uyğun gəlmədiyini anladıq, halbuki hər kəs onun yəni Rusiyanın regionun qarantı olması lazım olduğunu düşünməyə öyrəşmişdi, çünki Cənubi Qafqaz həmişə kiminsə himayəsi altında görünürdü. Ermənistan başqa bir yolun mümkün olduğunu sübut etdi - 2018-ci ildə başlayan demokratik yol, sülh və müstəqil inkişaf yolu, eləcə də xarici hökmranlıq olmadan yol”.
20:26 05.05.2026
Oxunuş sayı: 44