48 saat saxlama müddəti qanunidirmi?
Konstitusiya Məhkəməsinin Plenumu həbs qətimkan tədbirləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini Milli Məclisə tövsiyə edib. Qərar Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda qəbul olunub. Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Cinayət-Prosessual Məcəllənin 148.6 və 447.2-ci maddələri şərh edilib. Plenum 447.2-ci maddədə nəzərdə tutulan 24 saatlıq müddətin 148.6-cı maddədəki 48 saatlıq müddətin tərkib hissəsi olduğunu bildirib. Qeyd olunub ki, istintaq və məhkəmələr bu müddət daxilində işi ağlabatan şəkildə bölüşdürməlidir. Qərar qüvvəyə mindiyi gündən etibarlıdır və dəyişdirilə bilməz.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan hüquq müdafiəçisi Əliməmməd Nuriyevin sözlərinə görə, bu qərar illərdir praktikada mövcud olan bir problemə aydınlıq gətirir: “48 saat tutma müddəti istintaq üçün ehtiyat vaxtı kimi istifadə olunmamalıdır. Konstitusiya Məhkəməsi bu yanaşmanı faktiki olaraq rədd edir və çox açıq mesaj verir ki, 48 saat bütöv və sərbəst istifadə edilən zaman intervalı deyil. Bu müddət parçalanmalıdır, əsaslandırılmalıdır və hər dəqiqəsi bir hüquqi fəaliyyətin həyata keçirilməsinə, hüquqi məntiqə söykənməlidir. "Ağlabatan bölgü" ifadəsində məhz bu nəzərdə tutulur. Bu, o deməkdir ki, şəxs tutulduğu andan etibarən istintaqın gözləmə rejiminə keçə bilməz. İlk saatlardan başlayaraq dərhal saxlanma rəsmiləşdirilməli, konkret hansı əsaslarla şəxsə şübhə edildiyi müəyyənləşdirilməli, sübutlar toplanmalı və ən əsası müdafiə hüququ real şəkildə təmin olunmalıdır. Bu addımlar gecikdirilirsə, istintaq burada hüququ tətbiq etmək üçün deyil, öz rahatlığını təmin etmək üçün bunu edir. Ən böyük problem isə odur ki, bu gün praktikada 48 saat maksimum limit kimi yox, standart saxlanma müddəti kimi çox zaman tətbiq olunur. Bu, əlbəttə ki, hüquq pozuntusu kimi qiymətləndirilə bilər. Çünki qanun "48 saata qədər" deyir, "48 saat saxla" demir”.
Mütəxəssis vurğulayıb ki, əgər işlə bağlı məsələ, təhqiqat və araşdırma 10 saat ərzində aydınlaşırsa, şəxsi 48 saat saxlamaq hüquqi yanaşma və hüquqi prosedur deyil: “Bu, azadlıq hüququnun əsassız məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Ağlabatan bölgü ilə bağlı ikinci təhlükə isə onun formal tətbiqi ilə bağlıdır. Kağız üzərində hər şey qaydasında görünür, amma reallıqda ilk 30–40 saat faktiki olaraq heç bir hərəkət edilmir, fəaliyyət və araşdırmalar aparılmır. Yalnız son saatlarda aktivlik göstərilir və proses tələsik şəkildə aparılır. Bu yanaşma isə Konstitusiya Məhkəməsinin qərarının ruhuna ziddir. Digər ciddi problem müdafiə hüququ ilə bağlıdır. Vəkilin prosesə gec qoşulması, hüquqların formal izahı faktiki olaraq həmin 48 saatın hüquqi dəyərini də sıfıra endirir. Bu halda vaxt var, amma hüquq təmin olunmur.
Bu qərarın və mümkün qanun dəyişikliklərinin vətəndaşlara təsiri çox konkret olacaqdır. Çünki Konstitusiya Məhkəməsinin qərarı həm də qanunvericinin müvafiq dəyişikliklər etməsinə təsir edir. Birincisi, istintaq artıq hər saat üçün cavab verməli olacaq. "Ehtiyac üçün saxladıq" arqumenti hüquqi baxımdan keçərli sayılmayacaq. İkincisi, şəxsin məhkəməyə çıxarılması gecikdirilə bilməyəcək. 48 saatın sonunda ya azadlıq, ya da məhkəmə qərarı olmalıdır. Üçüncüsü, tutulma müddətinin uzadılması artıq avtomatik mexanizm kimi işləməməlidir. "Mürəkkəb iş" anlayışı konkret əsaslandırma tələb edir. Çünki bəzi hallarda işin mürəkkəb olduğu deyilir, lakin bu mürəkkəblik əsaslandırılmalıdır və konkret nədə ifadə olunduğu göstərilməlidir. Əks halda bu mexanizm sui-istifadə alətinə çevriləcək. Bununla yanaşı, burada bir risk də mövcuddur. Əgər bu qərar yalnız kağız üzərində qalarsa, praktika dəyişməyəcək və köhnə yanaşma yeni terminlərlə davam edəcək”.
Ə.Nuriyev hesab edir ki, real tətbiq təmin ediləcək: “Nəticə sadədir və mübahisə doğurmur. 48 saat müddəti hansısa orqanın öz rahatlığını təmin etmək üçün verilən vaxt deyil. Bu, vətəndaşın azadlıq hüququnun sərhədidir və qorunmalıdır. Qərar kağız üzərində qalmamalıdır. Konstitusiya Məhkəməsinin bu qərarı məhz bu istiqamətdə reallaşacaqdır. Eyni zamanda qısa müddət ərzində qanunvericilikdə müxtəlif dəyişikliklərin şahidi olacağıq. Ağlabatan müddət anlayışı daha aydın şəkildə müəyyənləşdiriləcək, ondan istifadə qaydaları ilə bağlı konkret meyarlar formalaşdırılacaqdır. Əlbəttə ki, ən vacib məsələ qanunun tətbiqi prosesidir. Həm də plenum qərarının tətbiqi mexanizmi önəm daşıyır. Ümid edirəm ki, bu qərar plenumda göstərilən məntiqə uyğun şəkildə tətbiq olunacaq və qısa müddətdə qanunvericilikdə ediləcək dəyişikliklər bu məntiqi tam şəkildə əks etdirəcəkdir”.
Fatimə
19:25 05.05.2026
Oxunuş sayı: 55