Rusiyada hərbçilər ayağa qalxır: Müharibə bitə bilər
Son günlər beynəlxalq mediada Rusiya ilə bağlı yazılanlar geniş rezonans doğurub. Belə ki, iddialara görə, Rusiyada hakimiyyət çevrilişinə hazırlıq görülür. Rusiya Prezidenti Vladimir Putinin bir vaxtlar ən yaxın adamlarından sayılan keçmiş müdafiə naziri, hazırda Təhlükəsizlik Şurasının sədrinin müavini vəzifəsini icra edən Seegey Şoyqunun onu devirə biləcəyi iddia edilir. Bu deyilənlərin nə qədər doğru olduğu sual altındadır. Hər nə qədər "od olmayan yerdən tüstü çıxmasa da", bu iddiaların informasiya müharibəsinin tərkib hissəsi olma ehtimalı da istisna deyil.

Türkiyəli hərbi ekspert Mithat Işık bu barədə fikirlərini Crossmedia.az-la bölüşüb: "Rusiyada hərbi çevriliş olacağını düşünmürəm. Putin yaşlanıb. Bu, o deməkdir ki, post- Putin dövrü üçün mübarizənin ayaq səsləri eşidilir. Hazırda ən çox şansl adam namizəd Rusiya Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedevdir. Ancaq hərbi elita içindən də kimsə çıxa bilər. Uzun müddətdir davam edən müharibə ordunu yorub. Ola bilsin, hərbi elita müharibənin başa çatmasını istəyir. Həmçinin nəzərə almaq lazımdır ki, iqtisadi vəziyyət də yaxşı deyil. Bu, xalqa təsir edir. Fikrimcə, hakimiyyət dəyişikliyi olacağı təqdirdə, Rusiyanın siyasətində ciddi dəyişiklik olmayacaq. Sülhü təmin etmək asan ola bilər. Ukrayna ilə bağlı siyasəti isə Kiyevin ortaya qoyduğu mövqe müəyyənləşdirəcək".
18:41 05.05.2026
Oxunuş sayı: 64