Vərəsəliklə bağlı mühüm qayda dəyişilir- Detallar açıqlandı
Ali Məhkəmənin Mülki kollegiyası artıq qanuni qüvvəyə minmiş və qismən icra olunmuş məhkəmə qərarının mövcud olduğu halda eyni tələb üzrə yenidən məhkəmə baxışının aparılmasının yolverilməzliyinə dair məhkəmə təcrübəsinin vahidliyini müəyyən edən qərar qəbul edib.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə qarşı 17 500 manat maddi və 4 000 manat mənəvi ziyanın, ümumilikdə 21 500 manatın tutulmasına dair məhkəmə qərarı qəbul olunub və həmin qərar qismən icra edilib, lakin 20 250 manat ödənilməmiş qalıb. Daha sonra həm borclu, həm də zərərçəkmiş şəxs vəfat edib və onların hüquqi varisləri meydana çıxıb. Zərərçəkmiş şəxsin hüquqi varisi ödənilməmiş məbləği borclu tərəfin hüquqi varislərindən tələb edib, lakin icra mərhələsində vərəsəlik məsələlərinin tam rəsmiləşdirilməməsi səbəbindən icra orqanı icraata xitam verilməsi barədə qərar qəbul edib.
Bundan sonra zərərçəkmiş şəxsin hüquqi varisi yeni iddia tələbi ilə məhkəməyə müraciət edərək ödənilməmiş 20.250 manatın tutulmasını tələb edib. Məhkəmələr işə yenidən mahiyyəti üzrə baxaraq iddianı təmin edib.
Ali Məhkəmə isə işə baxarkən ilk növbədə vurğulayıb ki, məhkəməyə müraciət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin olunsa da, bu hüquq mütləq xarakter daşımır və yalnız qanunla müəyyən edilmiş prosessual qaydalar çərçivəsində həyata keçirilə bilər. Məhkəmə xüsusilə qeyd edib ki, məhkəmə müdafiəsi hüququ təkcə məhkəməyə formal müraciət imkanı deyil, həm də qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının təmin olunmasını və həmin aktların təkrar mübahisələndirilməsinin qarşısının alınmasını ehtiva edir.
Qərarda həmçinin vurğulanıb ki, icra mərhələsində borclu və ya tələbkarın vəfat etməsi halında onların hüquqi varislərinin icra icraatına cəlb edilməsi "İcra haqqında" Qanunun 31-ci maddəsinin birbaşa tələbidir. Məhkəmə qeyd edib ki, vərəsəlik şəhadətnaməsinin olmaması mirasın faktiki qəbul edilməsi halında məsuliyyətdən azad etmir və miras əmlaka sahiblik və ondan istifadə faktı vərəsəliyin qəbulunu təsdiq edən əsas hüquqi göstəricidir. Buna görə də icra icraatında sıradan çıxmış tərəflərin əvəz edilməsi icra məmurunun vəzifəsidir və bu mexanizm işlədilmədən yeni məhkəmə icraatının açılması qanunvericiliyə ziddir.
Ali Məhkəmə həmçinin xüsusi olaraq qeyd edib ki, artıq qanuni qüvvəyə minmiş və qismən icra olunmuş məhkəmə qərarı mövcud olduğu halda, eyni tələb üzrə yeni iddia qaldırılması mülki prosessual qanunvericiliyə əsasən yolverilməzdir və bu hal birbaşa prosessual hüquq normalarının pozulmasıdır. Məhkəmə izah edib ki, belə hallarda problem yeni məhkəmə icraatı ilə deyil, icra mexanizmi çərçivəsində, o cümlədən hüquqi varisliyin düzgün tətbiqi ilə həll edilməlidir.
Nəticə olaraq Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul olunub.

Hüquq müdafiəçisi Əliməmməd Nuriyev bu barədə Crossmedia.az-a açıqlamasında deyib ki, Azərbaycan Ali Məhkəməsi burada yeni norma, yeni hüquq yaratmır: "Bu, mövcud qanunun tələbini xatırladır və praktikada belə halların qarşısının alınmasına bir sədd qoyur. Eyni məsələ üzrə qərar çıxıbsa və o qərar qanuni qüvvəyə minibsə, həmin iş artıq bağlanmış hesab olunur. Bunu yenidən məhkəməyə gətirmək cəhdidir. Hüquqi mübahisə deyil, prosesi uzatmaq cəhdidir. Bu yanaşmanın hüquqi əsası da kifayət qədər aydındır. Mülki Prosessual Məcəllə açıq şəkildə eyni predmet və eyni əsas üzrə işə təkrar baxılmasını istisna edir. Yəni, bir dəfə həll olunmuş mübahisə ikinci dəfə məhkəmə predmeti ola bilməz. Bu, hüquqi sabitliyin də əsas şərtidir. İcra məsələsinə gəldikdə isə əgər qərar qismən icra olunubsa və ya ümumiyyətlə icra problemi yaranıbsa, bu artıq məhkəmənin yox, icra mexanizminin problemidir. Məhkəmənin də nəzarət funksiyası var, qərarların icrası ilə bağlı məsələdir. Deyərik ki, çıxardığı qərarlar da vaxtında icra olunsun. Amma burada tətbiq olunan norma “İcra haqqında” qanunun müvafiq müddəalarıdır və həmin qanun açıq deyir ki, icra icra məmuru tərəfindən davam etdirilir və tərəflərin dəyişməsi isə icra çərçivəsində həll olunur".
Mütəxəssisin fikrincə, ən çox istifadə olunan məqam varisliklə bağlıdır: "Praktikada belə hallar olub ki, tərəf vəfat edir. Qarşı tərəf isə bunu əsas götürüb eyni tələblə yenidən iddia qaldırır. Bu, nə prosessual qanunvericiliyə uyğundur, nə də məntiqə. Çünki mülki hüquqa görə hüquq və öhdəliklər şəxsi xarakter daşımır, varislərə keçir. Əgər hüquq və öhdəliklər şəxsi xarakterli deyilsə, qalan hissələr də varislərə keçir. Bu, deməkdir ki, borc da, tələb hüququ da, icra öhdəliyi də davam edir. Tərəf dəyişir, amma hüquqi münasibət dəyişmir. Ali Məhkəmənin mövqeyi də məhz bunu deyir. Varis gəlir və mövcud icraatda tərəfi əvəz edir. Yəni, yeni iddia açmağa heç bir əsas yoxdur. Qısa desək, burada 3 mühüm prinsip var. Birincisi, eyni işə ikinci dəfə baxılmır. Məhkəmə qərarı müzakirə yox, icra olunur.
Tərəfin vəfatı prosesi yenidən başlamağa, yəni sıfırlamağa əsas yaratmır. Bu mövqe olmasaydı, istənilən qərar illərlə dövr edib yenidən məhkəməyə gətirilməsi mümkün olardı. Bu isə artıq hüquq yox, başqa bir mənzərə yaradardı. Bu, xaosa gətirib çıxarardı. Və bu yanaşma həmin xaosun yaranmasının qarşısını alır. Hüquqi sabitliyi təmin etmək, hüquqi müəyyənliyi təmin etmək üçün qərara sadiq qalmaq lazımdır".
Fatimə
18:46 29.04.2026
Oxunuş sayı: 49