Azərbaycanda ilk: Göz banklı yaradılır
Azərbaycanda səhiyyə sahəsində mühüm hadisə baş verib. Ölkədə ilk dəfə Göz Bankının açılışı həyata keçirilib. Məlumat Milli Oftalmologiya Mərkəzində keçirilən beynəlxalq elmi-praktik konfrans zamanı açıqlanıb. Tədbir Akademik Zərifə Əliyevanın 103 illik yubileyi və Mərkəzin 80 illiyinə həsr olunub. Açıqlamanı Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov verib. Yeni yaradılan Göz Bankının ölkədə oftalmologiya sahəsinin inkişafına və transplantasiya imkanlarının genişlənməsinə mühüm töhfə verəcəyi bildirilir.

Bu barədə Crossmedia.az-a açıqlama verən oftalmoloq cərrah, Dr Anar Abdullayev Azərbaycanda göz bankının yaradılmasını səhiyyə sistemində, xüsusilə də oftalmologiyada mühüm dönüş nöqtəsi kimi dəyərləndirib.
Onun sözlərinə görə, indiyədək ölkədə donor materialları xaricdən gətirilirdi. Lakin artıq Azərbaycanda göz bankının formalaşması bu sahədə çox müsbət addımdır:
"Bu məsələni bir neçə aspektdən dəyərləndirə bilərik. Birinci növbədə bu, transplantasiya imkanının artmasına şərait yaradacaq. Belə ki, əvvəl donor materialları az sayda olurdu, vaxt aparırdısa, indi daha sürətli, daha çox və daha geniş miqyaslı olacaq və xəstə üçün əlçatan olacaq. Bundan əlavə, bu, yerli mütəxəssislərin inkişafına da təsir edəcək. Çünki bu əməliyyatlar məhdud idi, yəni donor materialları əlçatan deyildi. Və bu əməliyyatlarla məşğul olan mütəxəssislər də avtomatik olaraq az idi, beləliklə, o sahədə maraq yox idi".
Oftalmoloq bildirib ki, addım daha çox transplantoloqun yetişməsinə zəmin yaranacaq və göz xəstəlikləri baxımından da müalicə gözləyən insanları nəzərə alsaq, bu, korluğun qarşısının alınmasında böyük bir addımdır:
" Korneanın buynuz qişa zədələnmələri, distrofiyalar, infeksiyalar və travma keçirmiş insanlar üçün böyük bir ümid olacaq. Müalicə müddətinin qısalması baxımından da baxsaq, donor materialının xaricdən gəlməsi, onu gözləmək, növbədə durmaq və s. nəzərə alınarsa, sağalma və müalicə müddəti azalacaq, yəni əməliyyatlar daha tez icra olunacaq. Və həmçinin bu əməliyyatın maliyyətinə də təsir edəcək, yəni maliyyət aşağı düşəcək, çünki donor materialı xaricdən alındıqda onun məsrəfi, daşınması və yol xərcləri nəzərə alınır. Bu baxımdan əməliyyatın maliyyətinin azalması da müsbət haldır".
Həkim əlavə edib ki, bu əməliyyatlar üçün son zamanlara qədər pasiyentlər yaxın ölkələrə, hardakı bu əməliyyatlar icra olunur, gedirdilər. İndi isə artıq bizdə bu donor bankının olması və bu əməliyyatların ölkəmizdə icra olunması səhiyyə turizmi baxımından da müsbət haldır: " Çünki bu əməliyyata ehtiyacı olan əcnəbi pasiyentləri də ölkəmizə cəlb edə bilərik, yəni tibbi turizmin inkişafı baxımından da bu müsbət haldır".
Fatimə
18:26 29.04.2026
Oxunuş sayı: 65