Türkiyə kəşfiyyatı Xomeyni ilə bağlı 62 il əvvələ aid məxfi sənədi PAYLAŞIB - FOTO
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İran İslam İnqilabının lideri Ayətullah Xomeyni ilə bağlı 1964-cü ilə aid tam məxfi sənədi ictimaiyyətlə paylaşıb.
Crossmedia.az bu barədə türk mediasına istinadən xəbər verir.
Sənəd həmin dövrdə onun Türkiyədə qalması ilə bağlı kəşfiyyat orqanlarının fəaliyyətini əks etdirir.
Açıqlanan sənədə əsasən, MİT rəhbərliyinin imzası ilə 11 noyabr 1964-cü il tarixində İstanbul Mərkəzi İdarəsinə göndərilmiş “tam məxfi” əmrdə Xomeyninin 4 noyabr 1964 – 5 oktyabr 1965-ci illər arasında Türkiyədə nəzarət altında saxlanılması barədə göstəriş verilib.
Sənəddə qeyd olunur ki, iranlı qonağın Türkiyəyə gəlişindən sonra onun Bursada yerləşdirilməsi üçün xüsusi tədbirlər görülüb. Yaşayış yeri və digər logistika məsələləri Bursa Yerləşdirmə idarəsi tərəfindən təşkil olunub.
Eyni zamanda, göstərişlərə əsasən, Xomeyni ilə bağlı bütün yazışmaların və daxili sənədləşmənin kod adı altında (“belli” təxəllüsü ilə) aparıldığı vurğulanıb. Bu addımın təhlükəsizlik məqsədi daşıdığı bildirilir.
Sənədin açıqlanması regionun tarixi-siyasi prosesləri və o dövr kəşfiyyat fəaliyyətləri ilə bağlı yeni müzakirələrə səbəb olub.

17:36 29.04.2026
Oxunuş sayı: 35