Məhkumlarla görüşün onlayn qeydiyyatı sistemi nə qədər effektiv olacaq?
Ədliyyə sistemində rəqəmsallaşma istiqamətində həyata keçirilən islahatlar çərçivəsində yeni bir xidmət istifadəyə verilib. Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” platforması vətəndaşların penitensiar müəssisələrlə əlaqəsini daha operativ və şəffaf şəkildə qurmağa imkan yaradır.
Bu yenilik görüşlərin təşkilində ənənəvi müraciət prosedurlarını sadələşdirərək, prosesin vahid elektron mühitdə idarə olunmasını təmin edir.
Yeni xidmət vasitəsilə ziyarətçilər məhkumlarla görüş üçün müraciətlərini onlayn qaydada həyata keçirə, görüşün vaxtını və növünü əvvəlcədən seçə, həmçinin müraciətin icra vəziyyətini real vaxt rejimində izləyə bilirlər. Bununla yanaşı, sistem penitensiar müəssisələrdə sənəd dövriyyəsinin azaldılmasına, vətəndaş məmnuniyyətinin artırılmasına və ümumilikdə idarəetmədə çevikliyin təmin olunmasına xidmət edir.
Məsələ ilə bağlı hüquq müdafiəçisi, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, hüquqşünas Səadət Bənənyarlı Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Məhkumlarla görüşlərin daha çevik və əlçatan şəkildə təşkili məqsədilə tətbiq olunan onlayn qeydiyyat sistemi təqdirəlayiq təşəbbüsdür. Hesab edirəm ki, bu yanaşma müasir idarəetmə baxımından nümunəvi addım kimi qiymətləndirilə bilər.
Bununla belə, sistemin ilkin mərhələdə pilot layihə kimi tətbiq olunaraq onun müsbət və mənfi tərəflərinin ətraflı təhlil edilməsi məqsədəuyğun olardı. Nəzərə almaq lazımdır ki, məhkumların yaxınlarının hamısı onlayn xidmətlərdən istifadə bacarıqlarına malik deyil. Bu səbəbdən sistemin tətbiqi mərhələli şəkildə aparılmalı, istifadəçilər üçün maarifləndirici tədbirlər və izah mexanizmləri təşkil olunmalıdır.
Onlayn qeydiyyatın əvvəlcədən aparılması ziyarətçilərin vaxtına qənaət etməklə yanaşı, prosesin daha operativ və səmərəli təşkilinə də imkan yaradır. Lakin burada mühüm bir məqam da diqqətdən kənarda qalmamalıdır: bəzi hallarda məhkumların yaxınları təcili və ya gözlənilməz səbəblərdən görüş keçirmək zərurəti ilə üzləşə bilərlər. Belə vəziyyətlərdə yalnız onlayn qeydiyyat mexanizminə üstünlük verilməsi məqsədəuyğun hesab edilmir.
Bu baxımdan, mövcud qaydalar çərçivəsində həm onlayn, həm də ənənəvi (canlı müraciət əsasında) qeydiyyat imkanlarının paralel şəkildə saxlanılması daha balanslı və effektiv yanaşma olardı".
Elmir Heydərli
15:10 01.05.2026
Oxunuş sayı: 275