İran BƏƏ-nin strateji limanlarını hədəfə aldı
İranın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahil zolağına nəzarəti genişləndirdiyi və ölkənin neft marşrutlarını hədəfə aldığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.
İran dəniz zonasının genişləndirildiyini elan edib və BƏƏ-nin nəzarətində olan sahil ərazilərini göstərən xəritə yayıb. Bu ərazilərə Hörmüz boğazından kənarda yerləşən və Oman körfəzində mühüm strateji əhəmiyyət daşıyan Füceyra və Xor Fakkan limanları daxildir.
Məlumata görə, həmin limanlar BƏƏ-nin Hörmüz boğazındakı məhdudiyyətlərdən yan keçərək neft ixracını davam etdirdiyi əsas marşrutlardan biridir. Xüsusilə Əbu-Dabi Xam Neft Boru Kəmərinin son nöqtəsi olan Füceyra regionda kritik enerji qovşağı sayılır.
“Reuters” agentliyi qeyd edir ki, əgər Tehran bu limanlara giriş üzərində nəzarəti təmin edərsə, bu, BƏƏ üçün faktiki dəniz blokadası yaradaraq ölkənin enerji ixracına ciddi zərbə vura bilər.
18:22 05.05.2026
Oxunuş sayı: 45