Serbiya Prezidentindən mühüm mesaj: NATO dağılır?
Serbiya Prezidenti Aleksandar Vuçiç ABŞ-nin Almaniyadan hərbi kontingentini çıxarma qərarını Qərb daxilində münasibətlərin ciddi dönüş nöqtəsi kimi qiymətləndirib. O, bu addımın Vaşinqton və Avropa İttifaqı arasında artan fikir ayrılıqlarının açıq göstəricisi olduğunu bildirib. Vuçiçin sözlərinə görə, bu qərar iki əsas Qərb gücü arasında maraqların artıq əvvəlki kimi üst-üstə düşmədiyini ortaya qoyur və hətta Almaniya ilə ABŞ arasında gərginliyin daha da dərinləşməsi ehtimalını gücləndirir. Serbiya lideri həmçinin vurğulayıb ki, Vaşinqtonla münasibətlərdə yaranan ziddiyyətlər təkcə siyasi müstəvidə deyil, həm də iqtisadi və biznes mühitində Serbiya üçün müəyyən risklər yarada bilər.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Aytən Qurbanova bildirib ki, Aleksandr Vuçiçin son çıxışı NATO daxilində böhranın dərinləşdiyini göstərən siqnallardan biri kimi qiymətləndirilə bilər: “Xüsusilə ABŞ-nin hərbi kontingentinin Almaniya ərazisindən çıxarılması NATO daxilində fikir ayrılıqlarının artıq ciddi şəkildə dərinləşdiyini deməyə əsas verir. Bu fonda ənənəvi tərəfdaşların rəqibə çevrilməsi ehtimalı və yeni geosiyasi mərhələnin başlanması ilə bağlı ssenarilər də dəyərləndirilə bilər. Rusiya–Ukrayna müharibəsi və ABŞ–İran gərginliyi fonunda NATO daxilində həmrəyliyin zəiflədiyini, etimad böhranının isə ittifaqın gələcəyi ilə bağlı suallar yaratdığını açıq şəkildə müşahidə edirik. Bu proseslər ABŞ–Avropa münasibətlərində də gərginlik fonu formalaşdırır. Nəticə etibarilə, beynəlxalq münasibətlər sistemində güc balansı dəyişir və yeni qütbləşmə tendensiyaları yaranır. Bu qütbləşmə isə ənənəvi yanaşmalardan kənar, yeni güc mərkəzləri ətrafında formalaşa bilər. Təbii ki, bunların hamısı ehtimal xarakteri daşıyır”.
Politoloqun sözlərinə görə, dövlətlərarası münasibətlərdə yaranan etimad böhranı təkcə ikitərəfli və ya regional çərçivə ilə məhdudlaşmır, daha geniş miqyasda beynəlxalq sistemin gələcək istiqamətlərini müəyyən edən mühüm amilə çevrilir.
Fatimə
20:02 05.05.2026
Oxunuş sayı: 97