Körfəzdə müharibə yenidən başlayır: Azərbaycan danışıqların iştirakçısına çevrilir?
"Dünya iqtisadiyyatı və Azərbaycan"(Layihənin ideya müəllifi, professor Rüfət Quliyevdir)
Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Qlobal güc mərkəzləri arasında rəqabətin artması, regional münaqişələrin intensivləşməsi və enerji təhlükəsizliyi uğrunda mübarizə dünya nizamının əvvəlki sabit çərçivələrini sarsıdır. Bu proseslər artıq yalnız ayrı-ayrı regionlarla məhdudlaşmır, bütövlükdə beynəlxalq iqtisadi və siyasi sistemə təsir göstərir.
Eyni zamanda, geosiyasi qarşıdurmaların iqtisadi müstəviyə keçməsi yeni çağırışlar yaradır. Sanksiyalar, ticarət müharibələri, nəqliyyat və logistika zəncirlərinin pozulması qlobal bazarlarda qeyri-müəyyənliyi artırır. Enerji resurslarının qiymətlərində dalğalanmalar, ərzaq təhlükəsizliyi ilə bağlı risklərin yüksəlməsi və maliyyə sistemlərində təzyiqin artması dünya iqtisadiyyatını daha həssas vəziyyətə gətirir.
Belə bir mürəkkəb fon daxilində dövlətlərin daxili dayanıqlığı və iqtisadi siyasətinin effektivliyi xüsusi əhəmiyyət kəsb edir. Qlobal risklərin artdığı şəraitdə milli iqtisadiyyatların uyğunlaşma qabiliyyəti, sosial sabitliyin qorunması və strateji qərarların düzgün istiqamətdə verilməsi həlledici rol oynayır. Bu baxımdan mövcud proseslərin hərtərəfli təhlili və düzgün qiymətləndirilməsi zəruri əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Burada maraqlı məqam ondan ibarətdir ki, biz proqnozlarda demişdik ki, mayın 1-nə qədər bu müharibə davam edəcək. Bəli, aprel ayında müəyyən, müvəqqəti də olsa, bir sakitlik yarandı. Amma bu sakitlik heç də müharibənin sonu deyildi və ola da bilməzdi. Ona görə ki, burada bir tərəfdən ABŞ-nin və İsrailin mövqeyi, digər tərəfdən isə İranın mövqeyi var və bu mövqelər üst-üstə düşmür. Baxmayaraq ki, istər Amerika, istər İran elan edir ki, artıq qələbə qazanıblar, bu isə gülünc bir məsələdir. Bu səhər yayılan xəbərlərə görə, İran Birləşmiş Ərəb Əmirliklərini bombardman etməyə başlayıb. Bununla da demək olar ki, müvəqqəti sülh danışıqları pozulub. Amerikanın son bir ayda tətbiq etdiyi yeni taktika İranı iqtisadi cəhətdən sıxmaq, onun maliyyə imkanlarını məhdudlaşdırmaqdır. Bir tərəfdən Hörmüz boğazında İran gəmilərin hərəkətini məhdudlaşdırır, istədiyi tankerlərə keçid verir. Digər tərəfdən isə ABŞ hərbi gəmiləri xüsusilə İranla əlaqəli gəmilərin hərəkətinə mane olur. Bu, köhnə bir iqtisadi təzyiq üsuludur – blokada. ABŞ buna bənzər addımı Venesuelada tətbiq etmişdi və bu, müəyyən nəticələr vermişdi. Orada iqtisadi problemlər və narazılıqlar yaranmışdı. Venesuelada ABŞ daha bir addım ataraq yüksək vəzifəli şəxsləri maliyyə vasitəsilə neytrallaşdırmışdı. Açıq desək, yüz milyonlarla dollar xərclənmişdi ki, hərbçilər və siyasətçilər susqun qalsınlar və bu siyasətə qarşı çıxmasınlar. İranda isə bu taktika işləmir. ABŞ burada rüşvət yolu ilə öz siyasətini dəstəkləyən qüvvələr tapa bilməyib və tapa da bilməz. Çünki İranın teokratik sistemi Venesueladan tamamilə fərqlidir. İranın iqtisadi vəziyyəti son bir ayda kəskin şəkildə pisləşib. İnflyasiya 50%-dən aşağı düşmür, dollar çatışmazlığı yaranıb. İsrail ilə Livan arasında formal sülh razılaşmaları olsa da, hərbi əməliyyatlar davam edir. İsrail "Hizbullah" mövqelərini bombardman edir. Eyni zamanda İsrail "HƏMAS"-ın əsas nöqtələrini hədəfə alır. İranın son 40 ildə Husilər və "HƏMAS" kimi qruplara verdiyi maliyyə dəstəyi isə artıq məhdudlaşıb və bundan sonra da bu imkanlar zəifləyəcək".
Professorun sözlərinə görə, ABŞ-də hərbi xərclərin 1.5 trilyon dollara çatdırılması təklif olunur ki, bu da iqtisadiyyata əlavə təzyiq yaradır: "Bu proseslər fonunda qızıl və gümüşün qiymətlərinin artacağı gözlənilir. İranın xüsusi təyinatlı qüvvələrinin gücü o qədər yüksəkdir ki, yüksək rütbəli şəxslərin belə maliyyə qarşılığında təslim olması real görünmür. Bununla belə, blokadanın İrana ciddi təsiri var. Rəqəmlərə görə, İran gündə təxminən 500 milyon dollar neft ixrac edə bilmədiyinə görə itirir. Bu isə bir ay ərzində 4–5 milyard dollar itki deməkdir. Bu yalnız neftlə bağlı deyil. Ümumilikdə nəqliyyatın, logistikanın və ticarətin məhdudlaşdırılması İranın iqtisadi və maliyyə vəziyyətinə ciddi zərbə vurur. Bu, faktiki olaraq maliyyə boğulmasıdır. ABŞ üçün bu vəziyyət müəyyən mənada sərfəli olsa da, vaxt məhduddur. ABŞ-də Konqres seçkiləri yaxınlaşır və daxildə narazılıqlar artır. Donald Trump-ın reytinqinin təxminən 35%-ə düşdüyü qeyd olunur. Əhalinin böyük hissəsi bu siyasəti dəstəkləmir və müharibənin dayandırılmasını tələb edir. Bunun əsas səbəbləri inflyasiyanın artması, yanacaq qiymətlərinin 35–40% yüksəlməsi və ərzaq məhsullarının bahalaşmasıdır.
Nəqliyyat xərclərinin artması ümumi inflyasiyanı daha da sürətləndirir. ABŞ-də ticarət müharibələrinin də iqtisadiyyata mənfi təsiri artıq açıq şəkildə görünür. Məsələn, Spirit Airlines kimi şirkətlərin iflası bu vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Hazırkı şəraitdə ABŞ rəhbərliyi geri çəkilə bilmir və bu siyasəti davam etdirmək məcburiyyətindədir. Bu isə gələcəkdə siyasi riskləri, o cümlədən impiçment ehtimalını artırır. Dəfələrlə qeyd etmişik ki, istənilən müharibə dünya iqtisadiyyatına mənfi təsir göstərir. İran–ABŞ–İsrail qarşıdurması isə artıq qlobal miqyasda ciddi təsir yaradır. Enerji resurslarının çatışmazlığı gübrə istehsalına təsir edir, bu isə kənd təsərrüfatında məhsuldarlığın azalmasına və qiymətlərin artmasına səbəb olur. Qlobal miqyasda ərzaq qiymətlərinin artması qaçılmazdır. İnkişaf etmiş ölkələrdə inflyasiya artıq 2.5–3% səviyyəsinə yüksəlib. Bu proseslər bütün qitələrdə hiss olunur. Buna görə də beynəlxalq görüşlərin və siyasi təmasların sayı artmaqdadır. ABŞ-in Avropadakı hərbi qüvvələrini azaltması Avropanı müdafiə xərclərini artırmağa məcbur edir. Bu isə sosial xərclərin azalmasına səbəb ola bilər. Qlobal iqtisadi artım tempinin 3%-dən aşağı düşəcəyi gözlənilir və ilin sonuna doğru bu göstərici 2–2.5% səviyyəsinə qədər enə bilər".
Professor, həmçinin bu proseslərin Azərbaycana da təsir edəcəyini qeyd edib: "Rəsmi statistikaya görə, kənd təsərrüfatı və qida məhsullarının təxminən 45%-i idxaldan asılıdır. Xarici bazarlarda qiymətlərin artması Azərbaycana da idxal inflyasiyası kimi ötürüləcək. Bu vəziyyət iqtisadiyyatda stagflasiya yəni durğunluq və inflyasiyanın eyni vaxtda baş verməsi ilə xarakterizə olunur. Bu şəraitdə kiçik və orta sahibkarlığın inkişafı xüsusi əhəmiyyət daşıyır. Regionda isə geosiyasi aktivlik artır. Ermənistanda Avropa Siyasi Birliyinin Sammiti keçirilir. Məlum olduğu kimi, cənab Prezident İlham Əliyev də sammitdə onlayn formatda çıxış edib. Bir alim kimi mən Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşmasının tərəfdarıyam. Ölkə başçısının atdığı addımlar proqramatikdir və düzgün istiqamətdədir. Biz sülh şəraitində yaşamaq və inkişaf etmək istəyirik. Sonda isə Kanada baş naziri Mark Carneyin fikrini qeyd etmək yerinə düşər. O, deyir: Əgər masa arxasında oturmasaq, menyunun içində olarıq. Yəni ya danışıqların iştirakçısı olacağıq, ya da proseslərin obyektinə çevriləcəyik".
Elmir Heydərli
19:14 05.05.2026
Oxunuş sayı: 70