Əmək müqaviləsi olmayan işçilər məsuliyyətə cəlb olunacaq?
Əmək hüquqlarının müdafiəsi dövlət idarəçiliyinin ən həssas sahələrindən biri olsa da, təcrübədə qarşılaşdığımız bəzi reallıqlar qanunun aliliyi prinsipi ilə kəskin təzad təşkil edir. İşçilərin qeydiyyatsız fəaliyyətə cəlb olunması və gizli iqtisadiyyatın bir parçasına çevrilməsi həm fərdin gələcəyini, həm də dövlətin sosial təhlükəsizlik sistemini sarsıdır. Bu vəziyyət, xüsusilə yüksək riskli sahələrdə artıq dözülməz xarakter almışdır. Qeyd olunan faktlar fonunda əmək qanunvericiliyinin kobud pozulması hallarını və bu sahədəki institusional çatışmazlıqları nəzərdən keçirmək zəruridir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri, "Konstitusiya" araşdırmaları fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev Crossmedia.az-a açıqlama verib. O, bu faktın birbaşa əmək qanunvericiliyinin kobud pozuntusu olduğunu və belə ciddi yoxlama işlərinin mütləq olduğunu qeyd edib:
"İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsində əmək münasibətlərinin yalnız əmək müqaviləsi bağlandıqdan sonra yarandığı bildirilir. Daha da konkret olaraq, 12-ci maddəyə görə, işəgötürənin vəzifələrindən biri işçi ilə yazılı əmək müqaviləsi bağlamaqdır. Eyni zamanda Əmək Məcəlləsinin 49-cu maddəsində birmənalı şəkildə bəyan edilir ki, əmək müqaviləsi yalnız yazılı formada bağlanmalıdır. Bu problemin qarşısını almaq üçün mövcud qanunvericiliyin effektiv tətbiqi daha vacibdir. Elektron qeydiyyat daha da sərtləşdirilməlidir. Artıq müəyyən qədər sərtləşdirmə baş verir. Əmək Məcəlləsinin 49-cu maddəsinə uyğun olaraq, işçi yalnız müqaviləsi elektron sistemdə qeydiyyata alındıqdan və imzalandıqdan sonra işə başlamalıdır. Bu mexanizm real vaxt rejimində nəzarətə çevrilməlidir. Nəzarətin davamlı xarakter alması çox vacib məsələdir. Yoxlamalar epizodik deyil, sistemli və risk əsaslı aparılmalıdır. Çox təəccüblüdür ki, uzun müddətdir bizdə yoxlamalar dayandırılmışdır. Müəyyən sektorlarda yoxlamalar mümkündür. Və dövlət əmək müfəttişliyi, demək olar ki, bu hüququ olmasına baxmayaraq, bu hüququ həyata keçirmək imkanına malik deyildir. Qanunverici yoxlamaların dayandırılması ilə bağlı qərarı hələ də qüvvədə saxlayır və bu isə, əlbəttə ki, riskləri böyüdür. Tikinti sektorunda faktiki işəgötürənlərin, yəni işçilərin gizlədilməsinin qarşısı alınmalı, məsuliyyət yalnız formal deyil, real subyektlərə də şamil edilməlidir".
Ə. Nuriyev, həmçinin dövlət qurumlarının operativ şəkildə çalışmasına da diqqət çəkib: "Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq strukturlarının işi, əlbəttə ki, qeyd olunmalıdır. Bu qədər şəxsin aşkar edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq strukturlarının işidir. Bu yoxlamalar nəticəsində qanunsuz hallar ortaya çıxmışdır. Bax, bu xüsuslar qeyd olunmalıdır. Sanksiyaların effektivliyi də artmalıdır. İnzibati Xətalar Məcəlləsindəki cərimələr elə tətbiq olunmalıdır ki, qanun pozuntusu iqtisadi baxımdan sərfəli olmasın. Sanksiyaların daha da sərtləşdirilməsinə baxılmalıdır. Müqaviləsiz əmək, hüquqi baxımdan "görünməyən işçi" fenomeni yaradır. Bu, faktiki olaraq həm də gizli iqtisadiyyat üçün yeni imkanlar yaradır. Qanunvericilik burada kifayət qədər aydındır. Əsas məsələ onun tətbiqində meydana çıxa bilir və hesab edirəm ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yoxlamaların aparılması daha da genişlənməlidir və qəfləti yoxlamalar da olmalıdır. Çünki Beynəlxalq Əmək Təşkilatının konvensiyasında bu məsələlər öz əksini tapmışdır ki, Dövlət Əmək Müfəttişliyi yoxlamaları qəfildən apara bilər ki, bu da baş vermiş qanunsuzluqların qarşısının alınmasını genişləndirsin. Tikinti kimi yüksək riskli sahələrdə isə bu boşluq yalnız əmək hüquqlarını deyil, birbaşa insan həyatını və sağlamlığını təhlükə altına alır. Ona görə biz bu istiqamətdə keçirilən bütün tədbirləri dəstəkləməliyik. Eyni zamanda, hətta belə hadisələr baş verirsə, bəzən görürük ki, işçilər aksesuarlardan (fərdi mühafizə vasitələrindən) istifadə etmirlər və ya onlar təqdim olunmur. Bu aksesuarlar bəzən o zaman gətirilir ki, tikinti aparan təşkilat orada yoxlamalar olacağını bilir. Çünki yoxlamaların reyestri müəyyən edilmişdir; harada və hansı yoxlamaların aparılacağı məlumdur. Onlar da başqa təşkilatdan qısa müddətə icarəyə götürür, yoxlama başa çatdıqdan sonra isə yenidən geri qaytarırlar".
Ekspert ,həmçinin yeni innovasiyaların tətbiq olunmasının bu məsələdəki üstünlüklərini də qeyd edib:
"Yaxşı ki, bu məsələdə başqa bir alətdən də istifadə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və ASAN xidmət tərəfindən orada monitorlar quraşdırılmışdır. Bu da qeyri-qanuni, müqaviləsiz işçilərin aşkar edilməsinə əlavə imkanlar verir. Əlbəttə ki, biz yeni alətlər işləməliyik ki, insanların təhlükəsizliyi təmin olunsun və əmək müqavilələri bağlansın. Bu, həm də işçinin real əmək müdafiəsidir".
Turqut Ansari
19:04 30.04.2026
Oxunuş sayı: 1039