Qanunsuz tikintilərə qarşı necə mübarizə aparmalı?
Son illərdə ölkədə qanunsuz tikililərə qarşı nəzarət və tədbirlər xeyli gücləndirilib. Buna baxmayaraq, aparılan müşahidələr göstərir ki, özbaşın tikinti halları hələ də davam edir və bəzi ərazilərdə genişlənir. Xüsusilə “sənədsiz evlər” kimi tanınan qeyri-qanuni tikililərin artması bu problemin aktuallığını qoruduğunu ortaya qoyur. Qanunvericilikdə edilən dəyişikliklər və sərtləşdirilmiş nəzarət mexanizmləri isə hələ tam nəticə verməkdə çətinlik çəkir. Bu vəziyyət şəhərsalma və torpaq istifadəsi sahəsində əlavə tədbirlərin vacibliyini gündəmə gətirir.

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Anar Ramazanov Crossmedia.az-a məsələ ilə bağlı açıqlama verib: "Özbaşına tikililərdə dövlət və ictimai mənafe olduğuna görə bu məsələ daim dövlətin nəzarətində saxlanılır. Xüsusilə Bakı və Bakı ətrafı qəsəbələrdə özbaşına, yəni müvafiq icazə sənədləri olmayan tikililərin sayı son 20 ildə durmadan artmışdır. Bununla bağlı son 15 ildə aidiyyəti dövlət orqanları tərəfindən müəyyən tədbirlər görülmüşdür. Lakin görünən odur ki, bu tədbirlər ya kifayət etmir, ya da tədbirlərin icra mexanizmində müəyyən problemlər var. Əvvəlki kimi olmasa da, bu gün də müəyyən ərazilərdə özbaşına tikililər və şəhərsalma qaydalarının pozulması ilə aparılan tikinti işləri aparılır. Ümumiyyətlə, özbaşına tikintilərlə bağlı bir sıra dövlət orqanlarının müvafiq səlahiyyətləri vardır. Belə ki, öz səlahiyyətləri daxilində özbaşına tikililərə nəzarət ərazi polis orqanları, yerli icra hakimiyyəti orqanları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumlar tərəfindən həyata keçirilir. Özbaşına tikinti ilə rastlaşan müvafiq orqan ya bununla bağlı birbaşa tədbir görməlidir, ya aidiyyəti qurumu bununla bağlı rəsmi məlumatlandırmalıdır, ya da məhkəmədə müvafiq iddia qaldıraraq özbaşına tikintilərin sökülməsini tələb etməlidir".
A.Ramazanovun sözlərinə görə, Mülki Məcəllənin 180-ci maddəsinə əsasən, özbaşına tikili o tikili hesab olunur ki, bu, yaşayış üçün nəzərdə tutulmayan torpaq sahəsində aparılmış və ya buna müvafiq icazələr, razılıqlar alınmadan, alınsa belə şəhərsalma norma və qaydalarının pozulması ilə aparılan tikintilər başa düşülür: "Yəni qanunveriliciliyə əsasən, bir tikilinin özbaşına tikili olması üçün mütləq həmin tikinti, bina və qurğu ya tikinti aparmaq üçün nəzərdə tutulmayan torpaq sahəsində olmalıdır, ya buna müvafiq sənədlər olmamalıdır, ya da tikinti şəhərsalma norma və qaydalarının pozulması ilə aparılmalıdır. Məhz belə tikinti özbaşına tikili sayıla bilər. Lakin özbaşına tikilinin müəyyən edilməsi üçün aidiyyəti orqan məhkəmədə iddia qaldırmalı və həmin tikilinin sökülməsini tələb etməlidir. Hər hansı bir şəxsin sadəcə tikinti aparması və bu məsələnin heç bir araşdırma olmadan müəyyən dövlət orqanları tərəfindən yerində sökülməsi, dağıdılması bir sıra hallarda qanunsuzluğa da yol aça bilər. Ona görə də qanunvericilik müəyyən edir ki, belə məsələlərlə bağlı mübahisə yarananda aidiyyəti dövlət orqanları məhkəməyə müraciət etsin və həmin tikilinin sökülməsi və ya torpağın boşaldılması məsələsi məhkəmədə həll olunsun. Özbaşına tikintilərlə bağlı aidiyyəti dövlət orqanları məhkəmədə iddia qaldırıb həmin tikilinin sökülməsini təmin edə bilər. Əgər həmin özbaşına tikili digər şəxsə məxsus torpaq sahəsində inşa olunmuşdursa, yəni şəxsin özünə məxsus olmayan dövlət, bələdiyyə və ya fiziki və ya hüquqi şəxsə məxsus torpaq sahəsində qanunsuz zəbt etməklə inşa olunmuşdursa, bu zaman əlavə olaraq Cinayət Məcəlləsinin 180-ci maddəsinə əsasən torpaq sahələrinin qanunsuz zəbt edilməsi əsası ilə həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər".
Fatimə
19:50 30.04.2026
Oxunuş sayı: 60