Siddhartha nə axtarırdı – Tanrını, yoxsa özünü?
Sadə yazılmış, amma içində böyük axtarış daşıyan əsərlər vardır.
“Siddhartha” da onlardan biridir. Sadə bir Budda hekayəsi deyil. Nurlanmanın, aydınlanmanın fəlsəfəsini sakit dillə izah edir. Əsərin üstün tərəfi daim iki baxış bucağının mübahisə etməsidir: obrazlar debat edir, öyrədir, təcrübə bölüşür. Yalnız oxunacaq deyil, həm də yaşanacaq bir əsərdir. Əsər Heminqueyin sadəliyi ilə, Kamyunun dərinliyi arasında bir yerdə dayanır.
Siddhartha daim ibadətlə məşğul olan varlı bir Brahman oğludur. Ailəsi və dostları tərəfindən qibtə ilə baxılır, amma görünənin əksinə daxilində ziddiyyətlər yaşayır. Cavab tapa bilmədiyi suallar beynini dəlir, içini yeyirdi. Siddharthanın uşaqlıqdan başlayan “mən” axtarışı hekayənin də əsasını təşkil edir.
Nə qədər çox kitab oxusa, nə qədər ibadət etsə də öz məninə çata, onu tapa bilmirdi. Nə müdriklər, nə müəllimlər, nə təlimlər, nə ailəsi, nə də dostu Qovinda kifayət edirdi. Sonunda getmək qərarına gəlir. Bəzən həyatda insanın özünü tapa biləcəyi yer evi deyil, evindən uzaqda olan yerlərdir.
O, “samana” adlanan icmanı gördükdən sonra onlara qoşulmağa qərar verir. Siddhartha böyük bir səbir nümunəsi göstərərək atasından razılıq ala bilir və dostu Qovinda ilə birgə yola düşür. Samanaların həyatı çiləkeşlik üzərinə quruludur: oruc tutmaq, insanı məhkum edən arzulardan xilas olmaq kimi xüsusiyyətlərlə öz “mənlərinə” çatmağa çalışırlar.
İnsan getmək istədiyi yerə gedir, o yerin başqalarının nəzdində böyük bir yer olması mütləq deyil. Öz içində böyükdürsə, həmin yer hər yerdən böyükdür. “Samana” həyatı da Siddhartha üçün belə bir yer idi.
Həyat bəzən sisdə yerimək kimidir. İrəli baxanda hara getdiyini görə bilmirsən, geriyə baxanda isə heç nə aydın görünmür. Bəzən saatlarla yeriyib hansısa bir nöqtəyə çatacağını düşünürsən, amma baxırsan ki, sadəcə dairə cızıbsan və özünü eyni yerdə tapırsan. Siddhartha da hara gedirsə getsin, yenə ilk hiss etdiyi boşluğu qayıdırdı.
Siddhartha həyatına addım-addım davam edərkən biz də onun hekayəsinə daha yaxından baxırıq. Hər insan belədir: öz məninə çatmaq üçün fərqli yollardan keçməli və bir çox dəfə yıxılıb-qalxmalıdır. İnsan qarşısına çıxan bir yolla həyatına davam edə bilmir. Zaman irəlilədikcə insan başqa seçimlər arasında qalır. Siddhartha da artıq həyatına samana olaraq davam edə bilməyəcəyini görür. Yollar yenə Siddharthanı çağırırdı. Əslində yol, özünə yer tapa bilməmiş insanın içində daşıdığı həsrətdir.
Fərqli bir axtarışa çıxarkən Budda ilə tanış olur. Budda ilə uzun bir söhbətləri olur. Bu söhbət əsnasında Siddhartha hər insanın yolunu özünün tapmalı olduğu qənaətinə gəlir. O düşünür ki, “mən” deyilən anlayış başqası tərəfindən öyrədilə bilməz, hər insan özü tapmalıdır. Dostu Qovinda isə ilk dəfə azad bir seçim edir və Budda ilə qalır. Beləliklə, Siddhartha keçmişlə olan son bağı ilə də vidalaşmış olur.
Əslində burada qabağımıza çıxan ilk yolla, ilk seçimlə davam edə bilməyəcəyimizi, həyatın qarşımıza başqa yollar, başqa seçimlər də çıxara biləcəyini müşahidə edirik. Həyat yolu xətti deyildir. Həmişə düz xətt ilə irəliləyə bilmirik. Siddhartha da dolama yollarla davam edərkən Kamalanın yanına gəlib çıxmışdı. Artıq daim tənqid etdiyi insanlar kimi yaşayırdı. Siddharthanın Kamala və Kamasvami ilə keçirdiyi illər insanın hərisliyə təslim olduğu dövrü təmsil edir. Kamaladan sevgi sənətini öyrənir, Kamasvamidən isə ticarəti öyrənir. Güc və ehtiras oyunlarının içində özünü itirir.
İnsan bəzən yanlış yola dönür, amma doğru yeri də unutmur. Hesse burada heç bir əxlaqi mühakimə aparmır. Siddharthanın bu dövrdə dünya malına yönəlməsini bir xəta olaraq yox, təcrübə - gedilməli bir yol olaraq qələmə verir. Çünki insan içindəki qaranlıqla üzləşmədən aydınlanma yaşaya bilməz. Siddhartha dünyəvi həyatın içində itir, amma həm də qabığını qırma prosesinin də hazırlığı başlayır.
Dünyəvi həzzlərin və ağrıların içindən keçən bu səfərini davam etdirərkən, illər sonra içinin bomboş olduğunu, ruhunun anlamını itirdiyini dərk edir. Yorğun və ümidsiz şəkildə bir çayın kənarına gəlir. İntiharın astanasındaykən “om” səsini xatırlayır. Çayla qurduğu bağ onu həyata bağlayır. Siddhartha başa düşür ki, həyat da çay kimidir- dağlardakı mənbəyindən başlayıb dənizə çatana qədər keçdiyi bütün yolun içində keçmişi, indini və gələcəyi eyni anda daşısa da, yalnız mahiyyət və indiki andan ibarətdir.
Siddhartha burada insanları qayığı ilə çayın digər tərəfinə keçirən Vasudeva ilə tanış olur. Vasudeva səssiz bir müdrikdir. Çox danışmır, sadəcə dinləyir. Aydınlanma yolunda Siddharthaya yoldaşlıq edir. Vasudeva irəliləyən zamanlarda Siddharthanın özünə acı çəkdirəcək davranışlar içində olduğu anlarda ona tövsiyələr verir. Lakin Siddhartha israr etdiyində onu yolundan döndərməyə çalışmır, sadəcə yol göstərir.
Hətta dialoqlarının birində Siddharthaya dediyi - “su qayadan, məhəbbət zorakılıqdan daha güclüdü” - fikri də Tao Te Chingdən sitatdır. Zamanla Siddhartha da Vasudeva kimi olacaqdır.
Qeyd: Əsərdə yer verilməsə də, inanışda Vasudeva çay tanrısı mənasına gəlir.
Kamala bir gün oğlu ilə birlikdə çayın kənarına gəlir, lakin qadını ilan sancıb və ölüm ayağındadır. Siddhartha oğluna nə qədər sevgi ilə yanaşsa da, oğlan gəldiyi dünyaya qayıtmaq istəyir. Bu itki həm də Siddharthanın son böyük imtahanı olacaqdır. O artıq hər şeyin- acının, sevincin eyni mənbədən gəldiyini qəbul edir.
Siddhartha artıq axtarışını tamamlamışdır. Müdriklik ona sözlərlə deyil, səssiz bir fərqindəliklə gəlib çıxır. O artıq düşünməyi dayandırmış, eşitməyi öyrənmişdi. Çayın səsi həyatın bütün ziddiyyətlərini özündə saxlayırdı. Siddhartha bu səsin içində özünü tapmışdı. Çayın vasitəsilə həyatın bütünlüyünü dərk edirdi.
Siddhartha artıq içinə dalmışdı. Sonda Siddharthanın yaşadığı aydınlanma Hessenin ona verdiyi mükafat yox, həyatın özüdür. Artıq heç nə istəmir, heç nə gözləmir. Sadəcə var olmağın hüzurunu yaşayır.
Əsər Qovindanın illər sonra Siddharthanı tapmasıyla sona yaxılaşır. Siddhartha sonlara doğru Qovindaya deyir ki, dünyada ən vacib şey sevgidir. Elə buna görə də Budda öz hikmət təcrübəsini başqasına tam ötürə bilməyəcəyini bilsə də, yenə insanlara öyrətməyə vaxt sərf edib. Çünki digər varlıqlara qarşı dərin sevgisi var idi. Öyrətmək, Buddanın insanlara olan sevgisinin bir hərəkətidir. Siddharthada Buddanın böyüklüyünün də elə bunda olduğunu qeyd edir.
Sonda Qovinda onun üzündə bir anlıq Buddanın hüzurunu görür. Bəlkə də Məsnəvidə deyildiyi kimi, bütün qorxulardan, bütün ümidlərdən qurtulub söyüd kimi hər tərəfə əyilmişdi. Bu an Hessenin bütün fəlsəfəsinin özüdür: həqiqi müdriklik öyrədiləndən yox, təcrübədən doğulur.
Əsər boyunca bir insanın öyrədilənlərlə qane olmayıb, həqiqəti öz təcrübələri ilə axtarmasını hiss edirik. Bu yolçuluqda nə biliklər, nə qaydalar var. İnsan sadəcə yaşayaraq anlayır. Siddhartha bir müddət sonra axtardığı şeyin kənarda yox, öz içində olduğunun fərqinə varır. Oxuyanda isə insanın içinə bu cavab yerləşir: bəzi cavabları tapmaq, bilmək olmur. Ancaq yaşayaraq anlamalıyıq.
Siddharthanın çayı olduğu kimi hamının öz çayını tapmağa, onu dinləməyə ehtiyacı var. Neçə dəfə yeridiyimiz yollardan qayıda bilirik. Bəzən çatmaq istədiyimiz nöqtəyə gedərkən, vacib nöqtələri də gözdən qaçırırıq.
Siddhartha atasına qarşı üsyan bayrağı qaldırır və sonrasında eyni bayrağı oğlunun da özünə qarşı qaldırması bəlkə də bəzi şeyləri anlamasına səbəb olur. Bu nöqtəyə çatması üçün də bəzi təcrübələri mütləq yaşamalı idi. Hamımız kimi…
Natiq Məmişov
16:47 30.04.2026
Oxunuş sayı: 62