May ayı yay kimi keçəcək? - Sürprizlər gəlir
May ayı üzrə Azərbaycanda hava şəraitinə dair açıqlanan aylıq proqnoz ölkə ərazisində temperaturun tədricən yüksələcəyini göstərir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, son illərin müşahidələri may ayının daha dəyişkən keçdiyini təsdiqləyir. İsti və soyuq atmosfer cəbhələrinin növbəli təsiri nəticəsində temperatur və təzyiqdə dalğalanmaların yaranması bu ay üçün xarakterik xüsusiyyətlərdəndir.
Proqnozlara görə, 2026-cı ilin may ayında orta aylıq temperatur əsasən iqlim normasına yaxın, bəzi bölgələrdə isə bir qədər yüksək olacaq. Yağıntıların ümumi miqdarı normaya uyğun gözlənilsə də, ayrı-ayrı günlərdə intensiv yağış ehtimalı qalır. Bu isə ay ərzində hava şəraitinin sabit olmayacağını və müxtəlif meteoroloji dəyişikliklərin müşahidə ediləcəyini göstərir.
Bəs maraqlıdır verilən proqnoz may ayı üçün xarakterikdirmi?
Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Ümumilikdə iqlimdə ciddi dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər artıq yanvar, mart və aprel aylarında özünü açıq şəkildə göstərmişdir və may ayında da hiss olunacağı gözlənilir. Orta temperatur göstəricilərinin dəyişməsi artıq adi hala çevrilmişdir.
May ayı üçün havaların nisbətən isti keçməsi proqnozlaşdırılsa da, temperaturun 30–35 dərəcəyə çatması normadan kənar hesab olunur. Əslində, may ayı üzrə maksimal temperaturun aylıq norması 20–25 dərəcə civarında olmalıdır.
Müşahidə olunan istiləşmə, Günəş şüalarının daha intensiv düşməsi və mövsümi proseslərin dəyişməsi ilə əlaqələndirilir. Bu dövrdə Günəş radiasiyasının paylanmasında baş verən dəyişikliklər temperaturun artmasına səbəb olur.
Eyni zamanda, aprel ayında yağıntı və rütubətin yüksək olması, may ayında temperaturun sürətli yüksəlməsinə şərait yaradır. Belə anomal hava şəraiti, əgər proqnozlar özünü doğruldarsa, növbəti aylarda temperatur rejiminin nisbətən sabitləşməsinə və bəzi dövrlərdə sərin keçməsinə də zəmin yarada bilər".
Elmir Heydərli
15:35 30.04.2026
Oxunuş sayı: 54