Əmək müqaviləsi olmadan işləmək hüquqlarınızı necə məhdudlaşdırır?
Son illərdə Azərbaycanda tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində aparılan nəzarət və monitorinqlər nəticəsində qeyri-formal məşğulluq halları aşkar edilib.
Müvafiq qurumlar tərəfindən həyata keçirilən yoxlamalar zamanı yüzlərlə işəgötürən və minlərlə işçi araşdırılıb, əmək müqaviləsi olmadan çalışan şəxslərin olduğu müəyyən olunub.
Rəsmi məlumatlara əsasən, aparılan səyyar yoxlamalar təkcə pozuntuların üzə çıxarılması ilə kifayətlənməyib, həm də əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm nəticələr verib.
Bu çərçivədə on minlərlə əmək müqaviləsinin bağlandığı bildirilir. Eyni zamanda aşkar edilən qanun pozuntularına görə işəgötürənlərə maliyyə sanksiyaları tətbiq olunub və maarifləndirmə tədbirləri həyata keçirilib.
Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rafiq Alışov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Əmək münasibətlərinin yaranması zamanı işçinin əmək müqaviləsi bağlanmadan işə qəbul edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işəgötürən ilə işçi arasında əmək münasibətləri yalnız əmək müqaviləsi bağlandıqdan sonra qüvvəyə minir. Bu müqavilə mütləq elektron qaydada, Elektron Hökumət Portalı üzərindən rəsmiləşdirilməlidir.
İşçinin əmək müqaviləsi rəsmiləşdirilmədən işə cəlb edilməsi inzibati məsuliyyət yaradır. Belə hallarda vəzifəli şəxslər 2000 manatdan 4000 manatadək məbləğdə cərimə oluna bilər.
Hüquqi şəxslər üçün isə daha yüksək məbləğdə inzibati cərimələr nəzərdə tutulmuşdur. Bu məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun olaraq tətbiq edilir.
Əmək müqaviləsi işçinin yalnız əmək hüquqlarını deyil, həm də iş vaxtını, iş rejimini, əmək şəraitini, məzuniyyət hüquqlarını və digər sosial təminatlarını tənzimləyən əsas hüquqi sənəddir.
Müqavilə əsasında işçinin əmək haqqından müəyyən edilmiş qaydada gəlir vergisi tutulur və bu ödəniş işəgötürən tərəfindən həyata keçirilir.
Eyni zamanda, sosial sığorta haqları da ödənilir ki, bunun 22 faizi işəgötürən, 3 faizi isə işçi tərəfindən qarşılanır. Bundan əlavə, işçinin icbari sığorta hüququ təmin olunmalı və bu öhdəlik də işəgötürənin üzərinə düşür.
Təəssüf ki, bəzi hallarda müxtəlif himayədarlıq və qeyri-rəsmi münasibətlər səbəbindən işçilər əmək müqaviləsi bağlanmadan işə cəlb edilirlər.
Bu isə onların hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Belə işçilər çox vaxt əmək haqqını ala bilmir, əsassız şəkildə işdən azad edilir və hüquqlarını müdafiə etmək imkanından məhrum olurlar.
Əmək müqaviləsinin bağlanması işçiyə öz hüquqlarını qanuni qaydada tələb etmək imkanı yaradır. Bu, o deməkdir ki, işçi əmək haqqının ödənilməməsi, qanunsuz işdən çıxarılma və ya digər hüquq pozuntuları ilə bağlı məhkəməyə müraciət edə, işə bərpa olunma, sosial ödənişlərin və məzuniyyət haqlarının təmin edilməsini tələb edə bilər.
Nəticə etibarilə, işəgötürənlər əmək qanunvericiliyinin tələblərinə ciddi əməl etməli, işçiləri yalnız rəsmi əmək müqaviləsi əsasında işə qəbul etməlidirlər.
Eyni zamanda, işçilər də öz hüquqlarını bilməli və əmək müqaviləsi bağlanmadan işləməyə razılıq verməməlidirlər. Əks halda, bu kimi arzuolunmaz hallar davam edəcək və nəticədə işçi hüquqlarının pozulması halları artacaqdır".
Elmir Heydərli
12:40 30.04.2026
Oxunuş sayı: 46