“Zəncirlənmiş Prometey” Bakı səhnəsində - Resenziya
Bakıda Gürcüstan teatr truppasının iştirakı ilə “Zəncirlənmiş Prometey” tamaşası nümayiş etdirilib. Klassik yunan mifologiyası əsasında hazırlanan səhnə işi simvolik təsvirlər, emosional gərginlik və fəlsəfi dialoqlarla diqqət çəkib.
Tamaşanın quruluşçu rejissoru Robert Starua tamaşadan əvvəl çıxış edib . Lakin o özünün( rejissorun) tamaşa öncəsi çıxışını mənasız olaraq görüb:
"Çünki bir neçə dəqiqədən sonra tamaşa başlayacaq və onun yaxşı və ya pis olacağını yalnız səhnədə görəcəyik. Biz çox həyəcanlıyıq və istəyirik ki, əziz şəhərimizin gözəl sakinlərini, ümumilikdə Azərbaycan tamaşaçılarını məyus etməyək. Qeyd etməliyəm ki, bu tamaşa eramızdan əvvəl IV–V əsrlərdə qədim yunan dramaturgiyası əsasında yazılıb. Tragediya janrı ilk dəfə həmin dövrdə yaranıb və Aeschylus-dan əvvəl bu janr mövcud deyildi. Biz əsərin müəyyən qədər öz versiyasını hazırladıq. Mətn uzun monoloqlardan ibarət olduğuna görə onları dəyişmədik və əsərə müdaxilə etməməyə çalışdıq. Qısaca olaraq, tamaşa belə bir fikri ifadə edir: tarix boyu insanlara yaxşılıq gətirənlər, istər tanrılar, istərsə də insanlar olsun, çox vaxt cəzalandırılıb".
Tamaşanın başlanğıcında Prometey səhnədə zəncirlənmiş vəziyyətdə göstərilir. Onun hərəkətsiz və məhdudlaşdırılmış vəziyyəti səhnə tərtibatı ilə daha da gücləndirilir. Bu anlarda “Okean qızları” xor kimi çıxış edərək Prometeyin taleyindən narahatlıqlarını ifadə edir, onun aqibətinə görə həyəcan keçirirlər və ölüm ehtimalından qorxduqlarını bildirirlər. Bir neçə dəqiqə sonra səhnəyə Zevs daxil olur. O, Prometeyə qarşı sərt mövqe sərgiləyir və ona mərhəmət göstərmir. Prometey isə zəncirlənmiş olmasına baxmayaraq, öz ideyasından və mövqeyindən geri çəkilmir. Səhnə boyunca zaman-zaman ildırım effektləri ilə Zevsin gücü və ilahi cəza vizual şəkildə təqdim olunur.
Tamaşanın inkişaf xəttində Prometey “Okean qızları”na müraciət edərək mühüm bir etiraf edəcəyini bildirir. Qızlar bu ağır etirafa psixoloji olaraq hazırlaşırlar. Prometey daha sonra bildirir ki, Zevsin insanı məhv etmək planı olub və o da bu prosesdə müəyyən şəkildə iştirak edib. Bu açıqlama səhnədə dramatik gərginliyi artırır və xor halında çıxış edən “Okean qızları” Prometeyi sərt şəkildə ittiham edərək onu “qatil” adlandırırlar: “Qatilmiş bizim Prometey”.
Tamaşanın birinci hissəsi Prometeyin zəncirdə qalması ilə başa çatır və bu vəziyyət onun taleyinin dəyişməzliyi kimi təqdim olunur.
İkinci hissədə hadisələr daha da intensiv xarakter alır. Prometey zəncirdən azad edilir, lakin bu azadlıq onun ətrafında yaranmış şübhələri və söz-söhbəti aradan qaldırmır. Əksinə, konflikt daha da dərinləşir və ideya müstəvisində davam edir. Açarla zəncirlər açılır. Promotey azad olur. Amma deyir: "Mənim qurtuluşum bir açar olmamalı idi".
Tamaşanın diqqətçəkən epizodlarından biri “Okean qızları”ndan birinin yaxın günlərdə ana olacağı barədə məlumatdır. Bu məqam əsərdə həyatın davamlılığı və ümid motivi kimi təqdim olunur. Onlar gələcək uşağa “Prometey” adını verməyi düşünürlər ki, bu da simvolik məna daşıyır.
Uşaq dünyaya gəldikdən sonra körpə səhnəyə gətirilir və ad məsələsi yenidən gündəmə gəlir. “Prometey” adı səsləndirilərkən emosional anlar yaşanır və səhnədə dramatik atmosfer güclənir. Eyni zamanda tamaşaya fərqli bir dinamika qatan məqam isə rejissorun səhnəyə müdaxilələridir. O, zaman-zaman səhnəyə daxil olaraq tamaşanın gedişinə qısa, ironik qeydlər edir və yenidən səhnəni tərk edir. Bu dəfə də rejissor səhnəyə çıxaraq vəziyyəti müşahidə etdikdən sonra deyir:
“Demə ki, adı Prometeydir uşağın”.
Bu anda qadın obrazı təsdiqləyici şəkildə cavab verir:
“Prometeydir”.
Rejissor isə bu cavabı eşidəndə həm təəccüblü, həm də ironik bir baxışla səhnəyə baxır və qısa fasilədən sonra yenidən səhnəni tərk edir.
Finala yaxın Prometey simvolik olaraq qaranlıq və ya qapalı bir qutunun içərisinə daxil olur. Bir qız körpəni həmin yerə qoyur və Prometey çıxaraq uşağa əlinə götürür. Onu güldürməyə çalışır, lakin yenidən geri çəkilir. Bu səhnə onun daxili ziddiyyətlərini və taleyin dövri xarakterini ifadə edir.
Son səhnələrdə “Okean qızları” əllərində güllərlə meydana çıxır və Prometeyin öldüyünü düşündüklərini ifadə edərək kədərli anlar yaşayırlar. Lakin tamaşanın finalında onun sağ olduğu anlaşılır və əsər açıq sonluqla, simvolik məna daşıyan bir finalla yekunlaşır.
Qeyd edək ki, tamaşanın baş rollarında Levan Xurtsia, Manana Abramişvili, Nino Arsenişvili və digər tanınmış aktyorlar - Qoga Barbakadze, Luka Quledani, Buka Tolordava və s. çıxış edirlər. Əsərin tərcüməsi Nino Kantidzeyə, səhnə tərtibatı Ana Ninua, Merab Merabişvili və Robert Sturuaya məxsusdur. Kostyumlar üzrə rəssam Ana Ninua, musiqi tərtibatçısı Svimon Canqulatşvili, xoreoqraf Kote Purtseladze, rejissor assistenti isə Tea Marqvelaşvilidir. Tamaşa Rus dilində olub.
Fatimə Məmmədova
20:02 30.04.2026
Oxunuş sayı: 1387