Əmək Müfəttişliyinin qərarı institutun narazılığına səbəb oldu
AMEA Tarix və Etnologiya İnstitutunun 77 yaşlı bir elmi əməkdaşı (etik qaydalara uyğun olaraq ad və soyad qeyd edilmir) öz izahatında yazdığı kimi, 4 dekabr 2025-ci il tarixində evdən işə gələnə kimi müşahidə olunan arterial təzyiq üzündən instituta heç bir aidiyyəti olmayan ümumi tualetdə “gözünün qaralması” ilə özünü rahatsız hiss edib. İnstitut rəhbərliyi bu barədə məlumat alan kimi həm təcili yardıma, həm də həmin şəxsin ailəsinə məlumat verib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin (rəis Rüfət Əliyev) tələbi əsasında institut tərəfindən bütün dəlil-sübutların əvvəlcədən təqdim edilməsinə baxmayaraq, müfəttişliyin rəis müavini Toğrul Əsədov tərəfindən dörd ay yarımdan sonra, 23 aprel 2026-cı il tarixdə qərar qəbul olunmuşdur ki, institutun əməkdaşının 04.12.2025-ci il tarixdə səhhətinin pozulması ilə bağlı işəgötürən tərəfindən DƏMX-ə hadisə baş verdiyi gün məlumat verilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, institut direktoru İnzibati Xətalar Məcəlləsinin (İXM) 555-ci maddəsinin 1-ci bəndi ilə 1000 manat cərimə olunmuşdur.
Rəis müavini məsələyə obyektiv yanaşmaq əvəzinə məqsədyönlü şəkildə cərimə taktikasını seçdiyi üçün istinad edilən maddəni və onun 1-ci bəndini açıq-aşkar təhrif etmişdir. Həmin maddə ümumiyyətlə hadisələrin deyil, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarını müəyyən edir. Göründüyü kimi rəis müavininin təqdim etdiyi qərarda “bədbəxt hadisə”dən deyil, “hadisə”dən bəhs edilir. Beləliklə, Əmək Müfəttişliyi instituta aid olmayan ümumi tualeti istehsalat kimi, bədbəxt hadisəni isə hadisə kimi qəbul edərək ciddi saxtakarlığa yol vermişdir.
İXM-in 555-ci maddəsinin 1-ci bəndinin obyektiv şəkildə araşdırılmasından aydın olur ki, hüquqi baxımdan “bədbəxt hadisə”nin əsas əlamətləri kimi xarici təsirlər, gözlənilməzlik və qəfil olması ayrılır. Qeyd edilən hadisədə bu əlamətlər olmamışdır. Əməkdaşa sonradan qoyulan tibbi diaqnozun da daxili proseslər ilə əlaqədar olduğu təsdiq edilmişdir. Buradan göründüyü kimi göstərilən dövlət qurumunun rəis müavini qəsdən saxtakarlıq edərək, absurd bir qərar qəbul etmiş, direktoru 1000 manat cərimə etmişdir. Azərbaycan üçün, xüsusilə də akademiya sistemi üçün 1000 manat cərimə olduqca böyük məbləğdir (müqayisə üçün bildirək ki, institut direktorunun ştat cədvəli üzrə maaşı 1150 manatdır) və onu bu şəkildə elmi tədqiqat institutunun rəhbərinə qəbul etdirmək mümkün deyildir.
Bununla eyni zamanda, Əmək Müfəttişliyinin qərar qəbuletmə mexanizmi də ciddi etiraz yaradır. Qeyd edilən rəis müavini institut direktoru professor Kərim Şükürovu 23 apreldə idarəsinə çağırmış, direktorun heç bir qadağa qoyulmamasına baxmayaraq, aparılan söhbətin qeydə almaq fikrini bilən kimi təcili otağı tərk etmiş və uzun müddət qayıtmamışdır. Vəziyyəti belə görən direktor 142 çağrı mərkəzinə məlumat vermişdir. Hətta, bundan sonra belə rəis müavini direktoru gözləməyə məcbur etmiş, təxminən bir saat sonra geriyə dönmüşdür. Hadisələrin gedişi göstərmişdir ki, o, bu müddətdə idarə rəhbərliyi ilə müzakirələr aparmış, təlimatlandıqdan sonra işinə qayıda bilmişdir.
Qeyd olunanlardan aydın olur ki, Əmək Müfəttişliyi Azərbaycan dövlətinin təmsilçisi kimi absurd qərar qəbuletmə mexanizmi və qəbul etdiyi qərarı ilə dövlətin nüfuzuna ciddi zərbə vurmuşdur. Bunu nəzərə alan institut rəhbərliyi artıq dövlət başçısına müraciət etmişdir. Məsələnin hüquqi müstəvidə araşdırılmasını təmin etmək məqsədi ilə işin məhkəməyə verilməsi istiqamətində də hazırlıq görülür.
20:13 28.04.2026
Oxunuş sayı: 57