Kiçik bir ehtiyatsızlığın bədəli: faciə ilə nəticələnən təmizlik
Hər bir işin təməlində dayanan ən ali dəyər insan həyatıdır. Çox vaxt gündəlik məişət qayğısı kimi baxdığımız işlər, lazımi ehtiyat tədbirləri görülmədikdə ciddi təhlükə riskinə çevrilə bilər. Unutmaq olmaz ki, təhlükəsizlik sadəcə bir qayda deyil, həyatı qorumağın ən effektiv yoludur. Odur ki, riskli addımlar atmaqdansa, bu məsələdə peşəkarlığa və düzgün texniki hazırlığa güvənmək həm məsuliyyətimiz, həm də ən doğru seçimimizdir. Xüsusilə də çoxmərtəbəli yaşayış binalarında təhlükəsizlik tədbirləri gözardı edilməməlidir.

Məsələ ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev Crossmedia.az-a açıqlama verib.
"Ümumiyyətlə, bu kimi işlər görülən zaman mütləq, ilk növbədə, təhlükəsizlik məsələsi ön plana keçməlidir. Əgər o işin görülməsi zamanı yıxılma, sürüşmə və ya qırılma ehtimalı varsa, mütləq bunların qarşısı alınmalı, onlara qarşı təhlükəsizlik tədbirləri görülməlidir. Ondan sonra həmin işlər həyata keçirilməlidir. Yox, əgər təhlükəsizlik tədbirlərinin alınması üçün şərait yoxdursa, yaxud bu barədə hansısa bir inventar çatmırsa və ya təhlükəsizlik tədbirlərini necə görmək lazımdırsa, bu barədə məlumat yoxdursa, təbii ki, bu işlə məşğul olan müəssisələr var. Onlara müraciət etmək və bu işlərin onlar tərəfindən görülməsini təmin etmək daha doğru olar ki, sonu bədbəxt hadisə ilə nəticələnməsin".
Ekspert eyni zamanda çoxmərtəbəli yaşayış binalarında aparılan məişət işləri zamanı da təhlükəsizlik tədbirlərinin həyatı əhəmiyyət daşıdığını qeyd edib: "Çoxmənzilli yaşayış binalarında pəncərələrin silinməsi, əlbəttə ki, xüsusi ixtisaslaşmış müəssisələrin işidir və bu işi görən şəxslər özləri də ixtisaslı kadrlardır. Yəni onlar bütün təhlükəsizlik tədbirlərinə riayət edirlər ki, nəticədə bədbəxt hadisənin baş vermə riski minimuma ensin. Ancaq evdə, heç bir təhlükəsizlik tədbiri görmədən bu işləri görmək olduqca risklidir və sonu bədbəxt hadisə ilə nəticələnə bilər. Ən azından evdə təhlükəsizlik kəmərindən istifadə edilməlidir. Təhlükəsizlik kəmərini istifadə etmək üçün, təbii ki, evdə buna uyğun şərait olmalıdır. Heç bir tədbir görmədən, bərkitmə və ya bağlama işləri aparmadan pəncərənin önündə dayanıb riskli hərəkətlər etmək, əlbəttə ki, birmənalı olaraq yolverilməzdir. Əgər pəncərənin silinməsi çətindirsə, hər hansı dağılma, yıxılma ehtimalı varsa, məsələn, pəncərə qırılıb düşə bilər, yaxud əlindən hansısa bir əşya aşağıdan keçənin üzərinə düşə bilər- bu kimi risklər, yaxud insanın özünün yıxılma ehtimalı görünürsə, mütləq o iş dayandırılmalıdır. Yəni bu işlə məşğul olan peşəkar şəxslərə və müəssisələrə müraciət edib, məsələnin onlar tərəfindən həll olunması daha məqsədəuyğundur".
Turqut Ansari
19:27 28.04.2026
Oxunuş sayı: 48