Azərbaycan və Çin arasında təhsil sahəsində əməkdaşlıq yüksələn templə inkişaf edir
Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda səfərdə olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) rektoru Tan Tianvei ilə görüş keçirib. Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər ali təhsil müəssisələri arasında əlaqələrin inkişafı və birgə layihələrin həyata keçirilməsi imkanlarını da dəyərləndiriblər.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov münasibətlər fonunda Crossmedia.az-a açıqlama verib:
"Azərbaycan və Çin arasında ikili diplom proqramlarının inkişafı sadəcə tələbə mübadiləsi deyil. Bu, həm də Azərbaycanın strateji kadr potensialının yenidən qurulması prosesidir. Bu prosesi ilk olaraq təhsil sisteminin struktural transformasiyası baxımından qiymətləndirmək lazımdır. Çin Xalq Respublikasının universitetləri ilə ortaq kurrikulumların işlənməsi Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq arxitektura standartlarına uyğunlaşmasını məcbur edir və bu, yerli universitetlərimizin dünya reytinqlərində mövqeyini gücləndirir. Proqramlar çərçivəsində təhsil planları Çin texnoloji nəhənglərinin ehtiyac duyduğu müasir bacarıqlara, biliklərə və səriştələrə əsaslanır. Bu, köhnəlmiş nəzəriyyədən tətbiqi-mühəndislik modelinə keçidi sürətləndirir".
Mütəxəssis Azərbaycan və Çin universitetləri arasında ikili diplom proqramlarının genişlənməsini iqtisadi və geosiyasi fayda olaraq qiymətləndirib:
" Çin hazırda bərpa olunan enerji və mikroelektronika sahəsində dünyada liderdir və kifayət qədər böyük iqtisadiyyata malikdir. Müasir texnoloji biliklərin verilməsi baxımından Çin universitetləri bu sahədə mühüm rol oynayır və sənayenin inkişafını izləyir. Bu baxımdan ikili diplom proqramları bu texnologiyaların birbaşa Azərbaycan təhsilinə transferi deməkdir. Eyni zamanda “Bir kəmər, bir yol” layihəsinin mərkəzində dayanan Azərbaycan üçün Çin dilini, mədəniyyətini, texniki standartlarını mənimsəyən kadrların olması və bu kadrların gələcəkdə logistika mərkəzlərinin idarə edilməsində rol alması böyük önəm daşıyır.Tələbələr üçün kifayət qədər strateji üstünlüklər baxımından bu dəyərləndirilməlidir. Tələbə həm qərb standartlı ingilis dilli təhsil alır, həm də şərqin texnoloji intizamını mənimsəyir və bu onun həm yerli, həm də beynəlxalq əmək bazarında rəqabət qabiliyyətli və daha geniş imkanlara malik olmasını təmin edir".
İ.Orucovun fikrincə, tələbə Çində təhsilin bir hissəsini yerli dövlət proqramları və ya Çin hökumətinin qrantları hesabına alır:
" Beləliklə, ölkəmizlə Çin arasında hökumətlərarası tələbə mübadiləsi proqramı var və bu, tam xarici təhsil üçün lazım olan böyük büdcəyə qənaət edərək keyfiyyətli diplom əldə etmək deməkdir. Eyni zamanda Çin universitetləri böyük araşdırma və innovasiya imkanlarına malikdirlər. Çin universitetlərinin nəhəng laboratoriya resurslarına giriş imkanı tələbələrə bakalavr dövründə olarkən real elmi tədqiqatlara qoşulmaq şansı verir. Çin dünyanın nəhəng sənaye mərkəzidir və onun sənayesi yeni texnoloji inkişafla universitetlərin inkişafını birbaşa şərtləndirir. Son illərdə Çin universitetlərinin dünya reytinqlərində sürətli irəliləyişi müşahidə edilir və hesab edirəm ki, bizim tələbələr sənaye, təhsil və əməkdaşlıq baxımından da xeyli yenilikləri əks etdirəcəklər. Bu proqramlar məzunların işə düzəlmə təminat zəncirini qısaldır. Eyni zamanda Çin şirkətləri Azərbaycanda fəaliyyətini genişləndirdikcə bu proqramın məzunları hər iki tərəf üçün əlaqələri daha da inkişaf etdirən, bu bağları yaradan mütəxəssis funksiyasını yerinə yetirəcəklər".
Müsahibimiz Çin və Azərbaycan universitetləri arasında ikili diplom proqramını həm təhsil əməkdaşlığı, həm də Azərbaycanın təhsil ixracatçısına çevrilməsi, iqtisadiyyatın neftdən asılılığının azaldılması üçün zəruri olan yüksək ixtisaslı mühəndis ordusunun yetişdirilməsinə xidmət edən vasitə kimi gördüyünü bildirib:
"Bu əməkdaşlıq kifayət qədər faydalıdır. Bakı Mühəndislik Universiteti və Bakı Dövlət Universiteti vasitəsilə yaxşı əməkdaşlıq mövcuddur. Eyni zamanda tələbələr təhsillərinin üçüncü və dördüncü kurslarını Çində keçirəcəklər və burada ortalama müvəffəqiyyət göstəricisi 80-dən yuxarı olduqda bəzən təhsil haqqından azad olunurlar. Bu mənada bu təkcə təhsil mübadiləsi deyil, həm də Çin dili və mədəniyyəti mübadiləsidir. Gələcəkdə Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti zamanı işləyəcək yüksək ixtisaslı kadrlar bazasının yaradılmasıdır. Təhsil əlaqələri digər əlaqələrin daha sıx bağlı olması üçün ən gözəl vasitələrdən biridir. Bu universitetlər bizi inkişaf etdirəcək, məzunlarımızın daha erkən əmək bazarında özlərini reallaşdırmasına imkan verəcək, iki ölkə arasında iqtisadi münasibətlərin daha da güclənməsinə xidmət edəcək, mədəni əlaqələrin inkişafına töhfə verəcək və beləliklə, universitetlərimizin Çin universitetləri ilə əlaqələrinin genişlənməsi və davamlılığı böyük əhəmiyyət daşıyır. Bu, həmçinin universitetlərimizin simasının və tədris olunan proqramların məzmununun yenilənməsi baxımından çox böyük önəm daşıyır. Akademik heyət, müəllim-professor heyəti arasında, eyni zamanda universitetlərarası elmi tədqiqatların genişlənməsi baxımından da böyük əhəmiyyət daşıyacaq".
Fatimə
18:57 28.04.2026
Oxunuş sayı: 45