Dini ayinlər maddi predmetə çevrilməməlidir- İlahiyyatçı
Yas mərasimləri ilə bağlı cəmiyyətdə formalaşmış bəzi praktika və dini yanaşmalar arasında fərqli baxışlar mövcuddur. Ölən şəxsin ailəsinə maddi yardım edilməsi və mərasimlərdə mollalara ödəniş verilməsi məsələsi bu gün həm dini, həm də sosial kontekstdə müzakirə olunur. Bir tərəfdən bu davranışlar köməklik və dəstək məqsədi daşıyan adət kimi qiymətləndirilir, digər tərəfdən isə onların İslamın əsas prinsipləri ilə nə dərəcədə uyğun olduğu sual doğurur.

Crossmedia.az-a danışan ilahiyyatçı-alim, QMİ-nin səlahiyyətlisi Samid Quliyev qeyd edib ki, cəmiyyətimizdə geniş yayılmış adətlərdən biri də yas mərasimlərində pul yığılması, siyahı tutulması və bəzi dini ayinlərin ödəniş qarşılığında icra edilməsidir: "Bu hallar həm dini, həm də mənəvi baxımdan ciddi suallar doğurur və onların İslamın əsas prinsipləri işığında qiymətləndirilməsi zəruridir. İslamda vəfat edən şəxsin ardından əsas məqsəd onun üçün dua etmək, savab işlər görmək və yaxınlarına təsəlli verməkdir. Yas məclisləri sadə, israfdan uzaq və səmimi ruhda keçirilməlidir. Lakin yasda pul yığmaq və bunu siyahı şəklində qeyd etmək bir sıra mənəvi problemlər yaradır. İlk növbədə, insanlar çox vaxt könüllü şəkildə deyil, “ayıb olmasın” düşüncəsi ilə maddi yardım göstərməyə məcbur qalırlar. Belə olduqda yardım ixlasdan uzaqlaşır. Digər tərəfdən, verilən pulun sonradan geri gözlənilməsi sədəqəni mənəvi dəyərindən uzaqlaşdıraraq onu sanki qarşılıqlı borc münasibətinə çevirir. Halbuki İslamda ehtiyac sahibi ailəyə kömək etmək təşviq olunur, lakin bu yardım gizli, səmimi və qarşılıq gözləmədən edilməlidir. Siyahı tutmaq və məcburi yığım isə bu ruhla uzlaşmır".
İlahiyyatçının qənaətinə görə, Quran oxumaq, dua etmək, xüsusilə “Yasin” surəsini tilavət etmək böyük ibadətlərdəndir: "Bu ibadətlərin əsasında ixlas, Allah rizası və mənəvi yaxınlıq dayanır. İslam alimlərinin əksəriyyətinə görə, Quran oxumağı maddi qazanc vasitəsinə çevirmək məkruh hesab olunur və bu, ibadətin mahiyyətinə uyğun deyil. Eyni şəkildə, namaz qılmaq və ya dua etmək müqabilində pul almaq ibadətin zahirən ruhuna zidd olsa belə özü icra edə bilmədiyi üçün pul müqabilində bunu həyata keçirdir. Çünki ibadət yalnız Allah üçün yerinə yetirilməlidir. Ən doğru yol odur ki, insan özü Quran oxusun, dua etsin və ya səmimi şəkildə başqalarından bunu xahiş etsin. Lakin bu əməl maddi mübadilə predmetinə çevrilməməlidir. Nəticə olaraq qeyd etmək lazımdır ki, yas mərasimlərində pul yığmaq, siyahı tutmaq və dini ibadətləri ödəniş qarşılığında icra etmək İslamın ruhuna uyğun deyil. Bizdə isə bu ənənə şəklində icra edilir .Bu kimi hallar dini dəyərlərin mənəvi mahiyyətini zəiflədərək onları maddiyyata tabe edir".
Fatimə Məmmədova
18:50 28.04.2026
Oxunuş sayı: 42