Qanunsuz tikililər niyə vaxtında dayandırılmır?
Gəncədə qanunsuz inşa edilən tikilinin sökülməsi məsələsi bir daha şəhərsalma və tikinti nəzarəti sistemindəki boşluqları gündəmə gətirib.
Kağız üzərində “qanunsuz tikili” kimi tanınan obyektlərin faktiki olaraq müəyyən mərhələyə qədər inşa olunması və yalnız sonra söküntüyə məruz qalması cəmiyyətdə haqlı suallar doğurur.
Əsas müzakirə mövzusu isə budur: əgər bir tikili həqiqətən qanunsuzdursa, niyə onun inşasına başlanıldığı anda müdaxilə edilmir?
Niyə tikinti mərhələsində dayandırılmır, amma artıq xeyli vəsait və əmək sərf olunduqdan sonra söküntü qərarı verilir?
Bu vəziyyət həm dövlət nəzarət mexanizmlərinin effektivliyini, həm də icazə və nəzarət proseslərində mümkün boşluqları sual altına alır.
Digər tərəfdən, ictimaiyyət arasında belə bir fikir formalaşıb ki, bəzi hallarda tikintilərə göz yumulması və ya vaxtında müdaxilənin edilməməsi təsadüfi deyil.
Bu isə “kimlər icazə verir?” və “bu icazələr hansı əsaslarla verilir?” kimi ciddi sualları aktuallaşdırır.
Əgər bu proseslərdə vəzifə səlahiyyətlərindən sui-istifadə və ya qanunsuz razılaşmalar mövcuddursa, bu artıq hüquqi məsuliyyət yaradır və belə hallara yol verən şəxslərin qanun qarşısında cavab verməsi vacibdir. Çünki tikintiyə nəzarətin zəifləməsi təkcə şəhərsalma problemini yox, həm də ictimai etimadın zədələnməsi riskini yaradır.
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Crossmedia.az-a açıqlama verib:
"Qanuna əsasən, əlbəttə ki, qanunsuz tikililər sökülməlidir. Bu, birbaşa qanunun tələbidir. Lakin eyni zamanda hamımız bilirik ki, Azərbaycanda minlərlə, bəlkə də on minlərlə qanunsuz tikili mövcuddur.

Hətta bəzi hallarda tikilinin bir hissəsi qanuni olsa da, sonradan üzərinə artırmalar edildiyi üçün nəticədə bütövlükdə qanunsuz vəziyyət yaranır. Belə hallar xüsusilə köhnə tikililərdə daha çox müşahidə olunur. İllər əvvəl tikilmiş obyektlərdə artıq insanlar məskunlaşıb yaşayırlar və bu zaman dövlət orqanlarının yanaşmasında fərqliliklər ortaya çıxır.
Bəzi tikililərə müdaxilə edilir, bəzilərinə isə toxunulmur. Bu isə cəmiyyətdə haqlı suallar yaradır: niyə birinə tətbiq olunur, digərinə yox?
Burada ciddi korrupsiya şübhələri də gündəmə gəlir. Digər tərəfdən isə yeni tikililərin də nəzarətsiz şəkildə inşa olunması halları var. Azərbaycanda belə tikililərin dövlət orqanları – yerli icra strukturları, Fövqəladə Hallar Nazirliyi və polis tərəfindən görünməməsi mümkün deyil.
Əlbəttə ki, bu qurumlar bunu görürlər. Görməmək mümkün deyil". Bəzi hallarda ola bilər ki, yeni tikililər diqqətdən yayınır, lakin çox vaxt vəziyyət belə olmur".
Ekspert qeyd edib ki, müəyyən mərhələdə müdaxilə olunması, vətəndaşa “sök” tələbi verilməsi əsas problemdir:
"Lakin əksər hallarda bu proses sistemli şəkildə həyata keçirilmir. Bu məsələ əslində ciddi korrupsiya mənbəyi kimi də qiymətləndirilir. Rüşvət halları nəticəsində bəzi tikililərə göz yumulur, daha sonra isə hansısa mərhələdə rüşvət verilmədikdə söküntü qərarları tətbiq olunur.
Bu isə problemin kökünün daha dərin olduğunu göstərir. Məsələ ilə bağlı dəfələrlə qeyd edilib ki, Azərbaycanda əmlak amnistiyasına ehtiyac var. Bu barədə müzakirələr aparılsa da, hələlik konkret addımlar atılmayıb.
Yanaşma belə olmalıdır ki, müəyyən meyarlara cavab verən tikililər qanuniləşdirilsin və onların hüquqi statusu Dövlət Daşınmaz Əmlak Reyestrində qeydiyyata alınsın.
Digər, təhlükəli və uyğun olmayan tikililər isə sökülməlidir. Bundan sonra isə qanunsuz tikinti halları ilə bağlı məsuliyyət daha sərt şəkildə tətbiq olunmalıdır. Çünki qanunsuz tikili inşa etmək özü-özlüyündə hüquqi məsuliyyət yaradan bir haldır. Lakin əsas sual qalır: niyə bu sahədə ciddi və sistemli islahatlar aparılmır?
Bu istiqamətdə məmurların maraqları və mümkün gəlir-rüşvət faktorları da ictimai müzakirələrdə tez-tez gündəmə gələn məsələlərdəndir".
Ayhan
17:30 20.04.2026
Oxunuş sayı: 66