ABŞ və İran arasında yeni eskalasiya ola bilər - Politoloq
ABŞ və İran arasında uzun müddətdir davam edən gərginliyin diplomatik müstəvidə yumşaldılması istiqamətində yeni mərhələnin başlanması ehtimalı beynəlxalq gündəmin diqqət mərkəzində qalmaqdadır. Məlumatlara görə, tərəflər arasında növbəti danışıqların gələn həftə Pakistanın paytaxtı İslamabadda keçirilməsi planlaşdırılır. Eyni şəhərin əvvəlki diplomatik raundlara da ev sahibliyi etməsi, bu platformanın yenidən vasitəçi məkana çevrilə biləcəyi ehtimalını gücləndirir. ABŞ və İran rəsmiləri arasında müəyyən razılaşmaların əldə olunduğu bildirilsə də, görüşün dəqiq tarixi və formatı hələlik tam təsdiqlənməyib. ABŞ Prezidenti Donald Trampın da dialoqun bərpası ehtimalını gündəmə gətirməsi prosesin beynəlxalq siyasi arenada aktuallığını daha da artırır. Digər rəsmi məlumatlara görə isə Tehran danışıqlardan imtina edib.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, tərəflər istər-istəməz kompromis mühitinə yaxınlaşmalıdırlar: “Əlbəttə ki, danışıqlar mütləq şəkildə aparılmalıdır və buna ciddi ehtiyac var. Tərəflər, güc və imkan fərqlərinə baxmayaraq, kompromisə hazır olmalıdırlar. Burada əsas məqam ondan ibarətdir ki, İran diktat xarakterli yanaşmanı qəbul etmir və bərabər hüquqlu dialoq tələb edir. Regionda baş verən proseslər fonunda tərəflərin mövqeləri artıq sınaqdan keçib və gözləntilərlə real nəticələr arasında ciddi fərq ortaya çıxıb. İran döyüş və təzyiq müstəvisində geri çəkilmədi, əksinə öz dayanıqlığını nümayiş etdirdi. ABŞ isə müəyyən müqavimət imkanlarını göstərsə də, ilkin proqnozlar və hesablamalar özünü doğrultmadı. Qərb analitik dairələrində də artıq vəziyyətin əvvəlki kimi olmadığı ilə bağlı yanaşmalar formalaşır. Artıq bir çox ekspert mərkəzlərində belə fikir var ki, qarşıdurma tam bitməsə də, əvvəlki siyasi hesablamalar iflasa uğrayıb. Burada əsas müzakirə qalib və ya məğlubdan çox, tərəflərin strateji mövqelərinin yenidən qiymətləndirilməsidir”.
Onun fikrincə, ABŞ-nin regiondakı siyasəti daha realist və praqmatik yanaşmaya əsaslanmalıdır: “İran öz mövqeyindən geri çəkilməyəcəyini açıq şəkildə göstərir. Çünki bu ölkə ciddi təzyiqlərlə üz-üzə qalıb və öz milli təhlükəsizlik arqumentlərini əsas götürür. Belə bir şəraitdə yalnız güc siyasəti ilə nəticə əldə etmək mümkün deyil. Beynəlxalq ictimai rəy də getdikcə daha çox balanslı mövqeyə doğru dəyişir. Avropanın bəzi ölkələrində artıq ABŞ və İsrailin siyasətinə qarşı tənqidi yanaşmalar müşahidə olunur. Bu da göstərir ki, qlobal siyasi mühitdə vahid və birmənalı dəstək artıq mövcud deyil. Hazırkı mərhələdə diplomatik proseslərin uğuru birbaşa olaraq qarşılıqlı etimadın bərpasından asılıdır. ABŞ diplomatiyası öz yanaşmasını yenidən nəzərdən keçirməli, real vəziyyəti düzgün qiymətləndirməli və kompromis mexanizmlərinə üstünlük verməlidir. Əks halda, danışıqların davamlı nəticə verməsi çətin görünür”.
Ekspert, həmçinin yeni gərginlik risklərinin tam aradan qalxmadığını da istisna etməyib: “Eyni zamanda yeni eskalasiya dalğası ehtimalı da qalır. Lakin bu cür yanaşma tərəfləri daha dərin qarşıdurmaya aparır. Buna görə də diplomatik həll variantları alternativsiz görünür. Mövcud reallıq ABŞ-nin regional siyasətində daha ehtiyatlı və balanslı qərarların qəbulunu zəruri edir: “Əgər Vaşinqton prosesləri daha praqmatik müstəviyə keçirməsə, mövcud gərginliklərin idarə olunması daha da çətinləşə bilər. İran isə öz tələblərini açıq şəkildə ortaya qoyaraq danışıqlar masasında mövqeyini qorumaqda davam edir”.
Mehriban Yariyeva
18:02 20.04.2026
Oxunuş sayı: 54