Valideynlərin "uşaq öyrəşsin" yanaşması niyə səhvdir? - Psixoloq açıqladı
Bəzi valideynlərin uşaqlarını nəzarətsiz şəkildə küçəyə buraxması son vaxtlar daha çox diqqət çəkir. Sanki “bir az oynasın, özünə gəlsin” düşüncəsi ilə başlayan bu yanaşma, bəzən uşaqların təhlükəsizliyi baxımından sual işarələri yaradır. Küçə mühiti isə hər zaman planlı və nəzarətli olmur. Bu səbəbdən mütəxəssislər uşaqların yaşına uyğun nəzarətin vacibliyini önə çəkirlər.

Məsələnin psixoloji tərəfi ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Crossmedia.az-a açıqlama verib.
Onun sözlərinə görə, “uşaq öyrəşsin” yanaşması valideynlərin tez-tez istifadə etdiyi bir əsaslandırmadır, lakin burada əsas məsələ öyrəşmənin hansı şəraitdə və hansı psixoloji təhlükəsizlik çərçivəsində baş verdiyidir: "Uşağı tək buraxmaq məsələsi onun yaşından, emosional yetkinliyindən və əvvəlki təcrübələrindən ciddi şəkildə asılıdır. Kiçik yaşlı uşaqlar üçün tək qalmaq sadəcə fiziki yoxluq deyil, eyni zamanda emosional tərk edilmə hissi yarada bilər. Bu isə uşaqda narahatlıq, qorxu, güvən pozuntusu və hətta uzunmüddətli bağlanma problemlərinə səbəb ola bilər. Uşaq üçün valideyn yalnız baxıcı deyil, həm də təhlükəsizlik mənbəyidir. Bu təhlükəsizlik hissi zəiflədikdə, uşaq özünü qorunmasız hiss edir. Digər tərəfdən, müəyyən yaşdan sonra uşağın tədricən müstəqilliyə alışdırılması vacibdir. Lakin bu proses kəskin və qəfil deyil, mərhələli şəkildə aparılmalıdır. Uşaq əvvəlcə qısa müddətlərdə tək qalmağa alışmalı, bu zaman valideyn onunla açıq şəkildə danışmalı, nə qədər müddətə gedəcəyini və geri qayıdacağını izah etməlidir. Bu, uşaqda nəzarət və proqnozlaşdırıla bilənlik hissi yaradır. Əgər uşaq özünü hazır hiss etmirsə, onu zorla bu vəziyyətə salmaq öyrəşdirmə deyil, travmatik təcrübə yarada bilər. Risk məsələsinə gəldikdə isə, burada həm fiziki, həm də psixoloji risklər mövcuddur. Fiziki baxımdan uşağın təhlükəsizliyi təmin olunmayıbsa, tək buraxmaq qəbuledilməzdir. Psixoloji baxımdan isə uşaqda tərk edilmə qorxusu, gecə qorxuları, valideynə qarşı güvən itkisi kimi nəticələr ortaya çıxa bilər".
E.Rüstəmov bu cür təcrübələrin sonrakı sosial münasibətlərə də təsir etdiyini və uşaqda asılılıq və ya əksinə, emosional uzaqlaşma meyli formalaşmasına səbəb olduğunu söyləyib:
"Valideynlər burada öz rahatlıqları ilə uşağın ehtiyaclarını qarışdırmamalıdır. Bəzən “öyrəşsin” arqumenti əslində valideynin öz vaxtını və ya rahatlığını qorumaq üçün istifadə olunur. Halbuki sağlam psixoloji inkişaf üçün əsas prinsip uşağın emosional hazır olması və təhlükəsiz mühitdə tədricən müstəqilləşməsidir. Ona görə də uşağı tək buraxmaq özü-özlüyündə nə tam yanlış, nə də tam doğru yanaşmadır. Bu, necə, nə zaman və hansı şərtlərdə edildiyindən asılıdır. Əgər proses mərhələli, izahlı və uşağın emosional vəziyyəti nəzərə alınaraq aparılırsa, bu, müstəqilliyin formalaşmasına xidmət edir. Əks halda isə riskli psixoloji təcrübəyə çevrilə bilər".
Fatimə Məmmədova
19:23 20.04.2026
Oxunuş sayı: 51