Ev tikmək istəyənlərin diqqətinə: Bu xəbəri mütləq oxuyun
Yağışların intensivləşdiyi dövrlərdə şəhərlərdə yaranan problemlər daha qabarıq şəkildə özünü göstərir. Bu problemlərdən biri də beton və asfalt örtüklərinin geniş yayılmasıdır. Yağan yağış suları bu cür səthlərə görə torpağa hopa bilmir. Nəticədə su səthdə toplanır və daşqın riski artır. Bu amil xüsusilə iri şəhərlərdə ciddi narahatlıq doğuran məsələlərdən biri hesab olunur.

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bu barədə Crossmedia.az-a danışıb.
Onun sözlərinə görə, bəzi şəhərlərdə beton, asfalt və səthlər daşqın riskinin yaranmasında daha böyük rol oynayır: "Bu, onunla əlaqədardır ki, suyun torpağa hopması dayanır və nəticədə bu cür daşqınların yaranması sürətlənir. Bir çox şəhərlərdə bunun qarşısını almaq üçün həssas asfaltlardan- infiltrasiya asfaltından istifadə edilir. Xüsusilə parklar olan yerlərdə çalışırlar ki, səthlərin ümumi miqdarı parkın sahəsinə nisbətən çox az olsun. İkinci tərəfdən isə səthlər ümumiyyətlə elə materiallardan hazırlanır ki, yağıntı yağan zaman infiltrasiya prosesi daha sürətlə getsin və bunun nəticəsində daşqın riskləri azalsın".
Ekspert, həmçinin vurğulayıb ki, Bakıda daşqınların riskini artıran əsas səbəblərdən biri də çökəkliklərin doldurulmasıdır: "Çökəkliklərdə konkret olaraq göllər nəzərdə tutulur. Qeyd edək ki, göl çökəkliklərdə toplanmış su sahəsinə deyilir və bu çökəkliklər doldurulmamalıdır. Həmin ərazilər ingilis dilində “flood retention areas” adlanır, yəni daşqının qarşısını alan, suyu saxlayan ərazilərdir. Bakı göllərinin əsas funksiyası da məhz budur. Ona görə də, təəssüf ki, biz göllərin doldurulmasını tez-tez görürük. Çox çökək ərazilərdə evlər tikmək olmaz, həmin ərazilər boş saxlanılır ki, yağış yağan zaman su həmin sahələrə axsın və orada toplansın. Bu, şəhərsalmada çox geniş yayılmış bir yanaşmadır".
Fatimə Məmmədova
20:34 20.04.2026
Oxunuş sayı: 58