Çinin ABŞ və İran arasında birbaşa vasitəçi olması inandırıcı görünmür-Politoloq
ABŞ və İran arasında gərginliyin yumşaldılması və mümkün atəşkəs istiqamətində beynəlxalq diplomatik səylər davam edir. Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Tszyanın açıqlamaları da bu kontekstdə diqqət çəkib. O, İslamabadda aparılan danışıqların gərginliyin azaldılması baxımından mühüm mərhələ olduğunu bildirib, tərəfləri hərbi qarşıdurmadan uzaq duraraq siyasi və diplomatik həll yollarına üstünlük verməyə çağırıb. Eyni zamanda Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinin qlobal enerji və ticarət sabitliyi üçün vacibliyi vurğulanıb.

Crossmedia.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Çin bu prosesdə klassik vasitəçi rolunu tam şəkildə icra edə biləcək mövqedə deyil.
Onun sözlərinə görə, Pekinin əvvəlki mərhələlərdə İranla sıx siyasi və iqtisadi əməkdaşlığı, eləcə də müəyyən dəstək mexanizmləri bu ölkənin neytral vasitəçi kimi qəbul olunmasını çətinləşdirir.
Politoloq qeyd edib ki, əsas məsələ Çinin sülh prosesinə verə biləcəyi töhfənin mahiyyətidir: “Pakistanın təkbaşına ABŞ və İran arasında razılaşma əldə etməsi real görünmür. Bu səbəbdən İslamabad müxtəlif regional güc mərkəzləri ilə konsultasiyalar aparır, onların təkliflərini dəyərləndirərək ortaq mövqe formalaşdırmağa çalışır. Çin də bu prosesdə istisna deyil və son dövrlərdə İslamabad–Pekin xəttində aparılan müzakirələrdə bu mövzu xüsusi yer tutur. ABŞ və Çin arasındakı qlobal rəqabət də prosesə təsirsiz ötüşmür. Onun sözlərinə görə, xüsusilə ABŞ-nin Çinlə strateji rəqabəti fonunda Pekinin birbaşa vasitəçi kimi çıxış etməsi inandırıcı görünmür. Hətta müqayisə etsək, Rusiyanın bu istiqamətdə şansı daha yüksək qiymətləndirilə bilər. Çin isə daha çox dolayısı təsir mexanizmləri ilə prosesdə iştirak edə bilər”.
Politoloq bildirib ki, gələcək mərhələdə danışıqlara digər regional aktorların da qoşulması istisna deyil: “Türkiyə, Misir və Səudiyyə Ərəbistanı artıq müəyyən diplomatik təşəbbüslərlə prosesə təsir göstərməyə çalışır. Eyni zamanda Pakistan vasitəsilə Rusiya və digər güc mərkəzlərinin də mövqeləri öyrənilə bilər”.
Onun fikrincə, rəsmi Pekinin yanaşması daha çox öz geosiyasi və iqtisadi maraqlarının qorunmasına yönəlib: “Çinin açıqlamaları və diplomatik davranışları göstərir ki, Pekin əldə olunacaq hər hansı razılaşmada İranın maraqlarının nəzərə alınmasına üstünlük verir və bu çərçivədə prosesə dolayı təsir göstərməyə çalışır”.
Mehriban Yariyeva
20:18 16.04.2026
Oxunuş sayı: 59