Fariz İsmayılzadə: Uzaq Şərq ölkələri ilə münasibətlərin dərinləşdirilməsi xarici siyasətimiz üçün mühüm prioritetdir
Prezident İlham Əliyev oktyabrın 13-də Laos Prezidenti Thonqlun Sisulitlə birgə bəyanatında iki ölkə arasında siyasi əlaqələrin uzun illərdir uğurla inkişaf etdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Laos müxtəlif beynəlxalq platformalarda həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirirlər. Tərəflərin gündəliyində iqtisadiyyat, ticarət, investisiya, təhsil, turizm və nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişləndirilməsi də var. Bu baxımdan, siyasi münasibətlərin mövcud səviyyəsinin konkret iqtisadi və humanitar layihələrlə möhkəmləndirilməsi iki ölkə arasında tərəfdaşlığın gələcək inkişafı üçün əsas məsələlərdəndir.
Milli Məclisin deputatı Fariz İsmayılzadə Crossmedia.az-a açıqlamasında Laos və Kamboca ilə münasibətlərin inkişafının həm ikitərəfli əməkdaşlıq, həm də beynəlxalq platformalarda qarşılıqlı dəstək baxımından əhəmiyyətini vurğulayıb: “Azərbaycan son illərdə doğrudan da Asiyanın Uzaq Şərq ölkələri ilə münasibətlərini dərinləşdirmək istəyir. Nəzərə almaq lazımdır ki, bu ölkələr həm BMT-də, həm də digər platformalarda bizə dəstək olurlar, mövqeyimizi dəstəkləyir və səs verirlər. Yəni qaldırdığımız məsələlərə, o cümlədən ərazi bütövlüyümüzlə bağlı məsələlərə dəstək göstərirlər”.
O qeyd edib ki, Kamboca ilə münasibətlərin inkişafından sonra Laosla əlaqələrin genişləndirilməsi də siyasi və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yarada bilər: “Dünən Kamboca ilə, bu gün isə Laosla ikitərəfli münasibətlərin dərinləşdirilməsi, siyasi, iqtisadi və ticarət əlaqələrinin inkişafı, eyni zamanda çoxtərəfli diplomatiya platformalarında onların dəstəyinin əldə edilməsi xarici siyasətimiz üçün mühüm prioritetdir”.
Fariz İsmayılzadənin fikrincə, əməkdaşlığın genişləndirilməsi Azərbaycan biznesi üçün də yeni imkanlar aça bilər: “Bu ölkələr yeni investisiyalar cəlb etmək istəyirlər. Azərbaycan biznesləri üçün də orada əlverişli imkanlar yarana bilər. Digər sahələrdə, o cümlədən humanitar və təhsil sahələrində də əlaqələr sürətlə inkişaf edir”.
Deputat əlavə edib ki, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi münasibətlərin uzunmüddətli inkişafına töhfə verə bilər: “Azərbaycan bir sıra Asiya ölkələrinin nümayəndələrini təqaüd proqramlarına cəlb edib, onlara qrantlar ayırır. Bu istiqamətdə də əməkdaşlığın davam etdirilməsi mümkündür”.
Nigar Xəlilli
16:45 13.10.2026
Oxunuş sayı: 61